“Günah Xalid Hüseynin özündədir...” – Psixoloq məşhur yazıçının cinsini dəyişmiş oğlundan danışdı

“Günah Xalid Hüseynin özündədir...” – Psixoloq məşhur yazıçının cinsini dəyişmiş oğlundan danışdı

Ötən gün dünya şöhrətli məşhur yazıçı Xalid Hüseyninin oğlunun cinsiyyətini dəyişməsi cəmiyyətimizdə də səs-küy yaratdı.

Əfqan yazıçının bu barədə danışarkən “Ata kimi onunla qürur duyuram. İndi bir yox, iki gözəl qızım olduğu üçün şadam. Ən çox da Harisin qorxmazlığından, özünün əsl şəxsiyyətini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. Mən qızımı sevirəm. Ailəmiz kimi mən də onun hər addımında yanında olacağam”, deməsi əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb.

 

Bəziləri bu açıqlamadan sonra yazıçını təqdir edib, bəziləri isə onun yanlış addım atdığını, övladını əslində bu yoldan döndərməli olduğunu vurğulayıb.

 

Maraqlıdır, əslində valideynlər öz cinsi orientasiyasını açıqlayan övladları ilə necə davranmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib, bir insan cinsini dəyişmək istəyirsə, bunda ailəsi günahkardır:

 

“Çünki yaşadılan, yaşanılan hər hansı travma onun fikirlərinə təsir edir. Əslində əfqan yazıçının övladı ilə bağlı belə çıxışı , öz günahını basdırmaqdan başqa bir şey deyil. Normal psixologiyaya sahib, dinini tanıyan insanlar heç vaxt cinsini dəyişməz. Çünki insan Allahın yaratdığı kimi xoşbəxt olmaq yolları tapmalı, o cür rahat olmalıdır. Amma görürük ki, insan öz cinsindən narazılıq edir.  Travmalardan əlavə, bəzən insanın ətrafındakıların da təsiri olur. Məsələn, bir neçə il bundan əvvəl, bir oğlan ətəklə məktəbə getmişdi. O uşağı araşdıranda evdə kişi obrazının olmadığını müəyyən etdim. O uşaq ancaq səhərlər bəzənən, geyinib-keçinən xanımları görürdü, buna görə də məktəbə şalvarla getməkdən imtina edirdi, ətəyə üstünlük vermək arzusunda idi. Ailələrdə kişi obrazının olmaması mümkündür, amma bu yoxluğu uşağa düzgün təqdim etmək , izah etmək lazımdır”.

 

Müsahibimiz deyib ki, bizim cəmiyyətdə bu məsələ ilə bağlı yayındırmalar daha çoxdur, nəinki “olmaz”ı başa salmaq:

 

“Bəzən insan hər hansı yaşadığı ağır faciədən sonra da cinsinə etiraz edə bilir. Aşağı yaşlardan etibarən uşaqlara cinsi tərbiyə barədə danışmaq lazımdır. Bu, bağça yaşından etibarən olmalıdır. Çünki biz övladımızla ünsiyyət qurmaq üçün psixoloqa daha çox üz tuturuq – “ayıbdır, mən başa sala bilmirəm, sən izah et”, deyirik. Amma övladımıza kim olduğunu, cinsinin nə olduğunu deməliyik. Uşaq öz cinsinin fərqində olmalıdır, ancaq bundan sonra öz cinsini də, xüsusiyyətlərini də sevəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR