“İran kəşfiyyatına işlədiyini bilmirik…” –  Şagirdlərə “Salam Fərmandeh” oxudan müəllimə ilə bağlı açıqlama

“İran kəşfiyyatına işlədiyini bilmirik…” –  Şagirdlərə “Salam Fərmandeh” oxudan müəllimə ilə bağlı açıqlama

Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirməsi məsələsi yenidən aktuallaşıb.


Qeyd edək ki, bununla bağlı yayılan videogörüntülərdə müəllimin hicablı olması, dini görüşlərini şagirdlər arasında təbliğ etməsi və ən əsası masasında Azərbaycan bayrağının tərsinə qoyularaq islamçılığın qabardılması diqqət çəkib. Yayılan görüntülərdən sonra Yevlax Təhsil Şöbəsi müəllimlə söhbət aparıb və qadın pedaqoqun izahatı alınıb. Amma Nailə Babayeva ilə bağlı hər hansı cəza tədbiri görülməyib. 
 

Nailə Babayeva növbəti dəfə “Facebook” hesabında din pərdəsi adı altında dövlətçiliyə xələl gətirən təhlükəli paylaşımı ilə gündəmə gəlib. O, “Azərbaycanda şiə qətliamı gözlənilir” adı altında çağırışlar edərək öz ideologiyasına uyğun kütləni əhatəsinə toplayıb. 

 

İlahiyyatçı-alim Elşad Miri Sfera.az-a açıqlamasında söyləyib ki, həmin müəllimin konkret olaraq İran kəşfiyyatının nümayəndəsi olduğunu deyə bilmərik. Çünki belə olduğu halda dövlətin aidiyyəti qurumları, xüsusilə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) araşdırma aparıb məlumat verərdi.

 

E.Miri qeyd edib ki, ən əsas məqam görüntüləri kimin və nə üçün çəkdiyidir:

 

“Baş verənlər faktiki olaraq məsələnin görünən tərəfidir və belə halların görünməyən tərəfləri də var. Məsələn, əvvəlki zamanlarda və bu gün də orta məktəblərdə çox rahatlıqla din adı altında iranyönümlü şəxslərin öz piarlarını qurduğuna şahid ola bilirik. Müəllimlər də dərs keçərkən başqa mövzulardan danışmır? Bəzən uşaqların beyninə mövhumat və xurafatı daxil etmirlərmi? Bunları görə bilməsək də, təəssüf ki, belə hallar yaşanır. Məsələn, uşaqlara darvinizmlə bağlı danışan müəllim eyni zamanda onların beyninə ateist təfəkkürünü də aşılaya bilər”.

 

İlahiyyatçının sözlərinə görə, dini əzbərçiliklə,  ölü tarixi bilgi verməklə təbliğ etməyin əhəmiyyəti yoxdur:

 

“Uşaqların İslamı digər dinlərlə müqayisəli şəkildə öyrənə bilmələri üçün şərait yaratmaq olar. Bu məsələnin tərtibi ilə məşğul olan şəxslər çox diqqətli olmalıdırlar. Tədris aparacaq şəxslər doğru seçilməzsə, uşaqlar dindən uzaqlaşa bilərlər”.

 

Yeganə

 

 

 


OXŞAR XƏBƏRLƏR