\"Deyirdi, ölsəm ağlama, şəhid anası ağlamaz\" - Ən kiçik şəhidimizin yasından

\
Bizim gördüyümüz müharibədə döyüşən, şəhid olanlar bizdən yaşca xeyli böyük idilər. İndiki qəhrəmanlar övladımız yaşdadır...

90-larda işğal olunan torpaqlar uğrunda 90-larda doğulan uşaqlar döyüşürlər. Xoşbəxt gələcək vəd elədiyimiz uşaqlar indi şəhidliyə qovuşurlar. Gələcəyimizə bu boyda dərd saxlamağımız ağır olsa da, göstərdikləri qəhrəmanlıqlar haqda eşitdikcə heyrətlənməmək olmur.
 
19 yaşlı şəhidimiz Emin İmran oğlu Bağırovun qəhrəmanlığı artıq dillərə düşüb. Evinə yollanıb şəhidin doğmaları ilə görüşmək istədik. Ünvanı tapmaq çətin olmadı. Yolboyu düzülən bayraqlar bizi şəhidin evinə aparıb çıxardı.
 
Qaynar.info teleqraf.com-a istinadən xəbər verir ki, əmisi Abdulla Bağırov Eminin qəhrəmanlığından danışdıqca danışır... "Ürəkli uşaq idi. Heç nədən qorxusu yox idi. Əsgərlik müddətinin başa çatmağına cəmi bir gün qalmışdı. Özü yazılı şəkildə müraciət edib, vaxtını uzadıb. Aprelin 1-i evə gələcəyini gözləyirdik. Ayın 2-də zəng vurdu, elə sevinirdi ki, qışqıra-qışqıra danışırdı. Dedi, qələbə qazanmışıq, döyüş gedir. Qarabağa gedib çıxana qədər məni gözləməyin. 
 
Yaşı az olduğuna görə, ayin 3-də döyüşə girməyə icazə verməyiblər. Döyüş yoldaşları deyirlər, ayın 4-də nə qədər məcbur etsək də, qayıtmadı. Yoldaşlarının ölümü ona pis təsir edibmiş. Özünü elə qabağa atıb. 
Nə yaxşı ki, torpaqların azad olunmasında iştirak etdi, nə yaxşı ki, o sevinci yaşaya bildi..."
 
"Adamı yandırır..."
 
Atası ilə eyni gündə - 15 iyulda doğulubmuş. Həmişə atasına "səni qəhrəman atası edəcəm" deyən Eminin ən böyük arzusu elə buymuş. 
 
Abdulla Bağırov deyir, özüm də kəşfiyyatçı olduğum üçün bu işin çətinliklərindən xəbərim var: "Qarabağ müharibəsində kəşfiyyaçı olmuşam. Çətinliklərindən xəbərim var. Ona görə istəmirdim o da kəşfiyyatçı olsun. Çox həvəsliyidi hərbi sahəyə. 
 
Atasının maddi çətinliyi vardı. Ən böyük arzusu atasına dəstək olmaq idi. Deyirdi, bir iş qurub kömək edəcəm atama. Amma ağlı hərbdə idi. Düzdür, Vətən yolunda gedib, amma belə mərd, qoçaq uşağın belə tez dünyadan getməsi adamı yandırır..."
 
"Ən böyük qorxum paraşütünün açılmaması idi"
 
Ailədə üç oğul övladının sonuncusu olan Emin cəbhədə döyüşlər başlayanda valideynlərinə zəng vurub. 
 
Şəhidin nənəsi Xanımzadə Bağırova deyir, elə sevincliydi ki, sanki döyüşdən yox, toydan zəng vurmuşdu: "Heç vaxt müharibəyə gedəcəyindən, döyüşə girəcəyindən qorxmamışam. Çox hərəkətli idi, dayanmırdı bir yerdə. Ən çox qorxduğum paraşütün açılmaması idi. Deyirdim, ay Emin, paraşütün birdən açılmaz, yıxılarsan. 
 
Aprelin 2-də zəng elədi, dedi, döyüşürük, Qarabağı alacağıq, tezliklə sizi sevindirəcəm". 
 
"Son sözünün nə olduğunu soruşdum"
 
Çətin olsa da şəhidin anası Sədaqət Bağırova oğlunun arzularından danışdı: "Martın ortalarında gəlmişdi, bayrama gələ bilmədi. Dedi, onsuz da aprelin 1-i əsgərliyim bitir, neyləyirəm məzuniyyət götürüm. İnanmayacaqsınız, bəlkə də, amma Emin elə bil aqibətini bilirdi. Ən böyük arzusu şəhid olmaq idi. Deyirdi, mama, ölsəm ağlama, şəhid anasına ağlamaq yaraşmaz. Zarafat kimi gəlirdi bu sözlər mənə. 
 
Aprelin 4-ü səhər şəhid olub. Yoldaşları deyirlər, təpənin başında durmuşdu, bizə tərəf gələndə yanımızda nəsə partladı. Boğazını qəlpələr doğramışdı. Əsgər yoldaşlarından son sözünün nə olduğunu soruşdum. Heç nə deyə bilməyib... 
 
Döyüşçülər arasında ən aşağı yaşlısı Eminim olub. Bütün şəhidlər mənim balamdır. Hamısından yazın. Eminin xoşu gəlirdi məşhur olmaqdan. Kaş haqqında yazılanlardan xəbəri olaydı..."
 
Oxuduğu məktəbə adı verilsin
 
Şəhid olan gündən bəri Eminin şəklini sinəsində gəzdirən dostu Vüsal Məmmədov deyir ki, hələ əsgərlikdən əvvəl döyüş bölgəsinə gedəcəyini deyirdi: "Hətta zarafatla söhbət edəndə də şəhid olacağından danışırdı. Facebook-da da statusları ancaq bu mövzuda olurdu. Ən böyük arzusuna çatdı".
 
Cümə axşamı mərasimi olduğu üçün məclisə rəsmi şəxslər də qatılmışdılar. Şəhidin valideynləri Müdafiə Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, millət vəkilləri, rayonun hüquq mühafizə orqanları, müəssisə və təşkilatları, şəhidin oxuduğu məktəbin kollektivi, eləcə də rayon sakinlərinin hər gün onlara baş çəkdiyini deyərək razılıq etdilər.
 
İndi şəhidin ailəsinin yeganə istəyi Emin Bağırovun təhsil aldığı 182 saylı məktəbə onun adının verilməsidir. 

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...