Azərbaycanda məşhur insanların prokuror övladları - SİYAHI

15:40 / 09.07.2020
2969
Bildiyimiz kimi, 2000-ci ildən Azərbaycanın Baş prokuroru vəzifəsini icra edən Zakir Qaralov bu ilin aprel ayında tutduğu vəzifədən ayrılıb və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev gətirilib.
Yeniavaz.com xəbər verir ki, yeni Baş prokuror vəzifədə olduğu qısa müddətdə bir çox rayonun prokurorlarını və onların müavinlərini tutduqları vəzifədən azad edib, yerlərini dəyişib və yenilərini təyin edib. Prokuror dəyişiklikləri paytaxt Bakının bəzi rayonlarını da əhatə edib.
Qeyd edək ki, hazırda Bakının ayrı-ayrı rayonlarında prokuror və prokuror müavini olan şəxslərin bir-çoxu Azərbaycanda yüksək vəzifə daşımış və hazırda da yüksək vəzifələrdə olan məşhur şəxslərin övladlarıdır.
Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifəsində çalışmış, həmçinin IV və V Çağırış Milli Məclisinin deputatı olan Çingiz Qənizadənin oğludur.
Qaradağ rayon prokuroru Zəfər Əhmədov 1992-94-cü illərdə Baş nazirin müavini olmuş, hazırda Milli Məclisin deputatı olan Vahid Əhmədovun oğludur.
Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun atası Əli Nurəlibəyov dövlət qulluğunda çalışır və 2016-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilb.
Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov sabiq Daxili İşlər naziri Ramil Usubovun qardaşı oğlu və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Yasamal şöbəsinin sabiq rəisi Mütəllim Usubovun oğludur.
Nizami rayon prokuroru Pərviz İbayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin tanınmış hakimlərindən olan Mansur İbayevin oğludur.
Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Ali Sovetinin (3, 5, 6, 8 və 10-cu çağırış) deputatı olmuş məşhur mühəndis Əliş Ləmbəranskinin nəvəsidir.
Sabunçu rayon prokurorunun müavini Nazim Xudiyev AzTV-nin sabiq sədri, keçmiş millət vəkili Nizami Xudiyevin oğludur.
Səbail rayon prokurorunun müavini Orxan Nuriyev Baş Prokuror Kamran Əliyevin kürəkəni və Azərbaycan Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur. Məlumat üçün qeyd edək ki, Orxan Nuriyevin adı hal-hazırda Baş Prokurorluğun rəsmi veb-səhifəsində Səbail rayon prokurorunun müavini olaraq qeyd olunub. Lakin, mətbuatda yer alan məlumatlarda göstərilir ki, Orxan Nuriyevin DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunub.