Cənubi Çin dənizində ABŞ və Çin donanması arasında qarşıdurma baş verib. Çin ordusu bildirib ki, strateji “Scarborough Shoal” yaxınlığında hərəkət edən ABŞ destroyerini izləyib və onu “geri çəkib”.
ABŞ Donanması isə əməliyyatın beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb. Hadisə, ən azı son 6 ildə bu aralıqda baş verən ilk ABŞ hərbi hərəkəti kimi qeydə alınıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Çin ordusunun Cənub Cəbhəsi Komandanlığı açıqlayıb ki, ABŞ-nin "USS Higgins" gəmisi “Çin hökumətinin icazəsi olmadan” sulara daxil olub.
Komandanlıq ABŞ-nin hərəkətini Çin suverenliyinin və təhlükəsizliyinin ciddi pozulması, Cənubi Çin dənizində sülh və sabitliyin ciddi şəkildə zədələnməsi kimi qiymətləndirib.
Çin iddia edir ki, Cənubi Çin dənizinin tamamı Brunei, İndoneziya, Malayziya, Filipinlər, Tayvan və Vyetnamın ərazi iddialarına baxmayaraq onun ərazilərinə aiddir. ABŞ isə bölgədə müntəzəm “gəzinti azadlığı” əməliyyatları keçirərək, bu sulara tətbiq olunan məhdudiyyətləri rədd edir.
Bəsti Rəfizadə
Sfera.az