Xəbər verdiyimiz kimi, Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı keçirilir. ŞƏT toplantısında çoxlu sayda dövlət və hökumət başçıları iştirak edir.
Maraqlıdır, Prezident İlham Əliyevlə Rusiya lideri Vladimr Putinin görüşü baş tuta bilərmi? Bu baş verərsə, gedişat necə dəyişə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Çində prezidentlərin görüş ehtimalı olduqca ciddidir.
Onun sözlərinə görə, bu barədə Rusiya tərəfinin verdiyi məlumatlar elə fikir yaradır ki, görüş baş tutacaq.
Politoloq qeyd edib ki, hazırda Azərbaycan və Rusiya prezidentlərinin görüşü üçün zərurət yaranıb, həmçinin bunun üçün şərait də var:
“Son 30-40 ildə Azərbaycan-Rusiya münasibətləri heç bu qədər aşağı səviyyədə olmayıb. Münasibətlər həmişə normal olduğu üçün indi bu qeyri-normal hesab olunur. Baxmayaraq ki, münasibətlərin bu qədər soyumasında günahkar Rusiyadır, istənilən halda Rusiya ilə yanaşı, Azərbaycanda da münasibətlərin inkişaf etdirilməsi və narazılıqların aradan qaldırılması vacib hesab olunur. Bütün bu arqumentləri nəzərə alsaq, iki dövıət rəhbərinin görüşməsi labüd hesab olunur”.
Ə.İbrahimov nəzərə çatıdırıb ki, rəy sorğusu və verilən mesajlar görüşün keçiriləcəyini deməyə əsas verir:
“Görüş baş tutandan sonra arada olan soyuqluq tam aradan qaldırılamsa da, bu vəziyyətin yaxşıya doğru inkişafı istiqamətində müəyyən addımlar atılacaq. Görüşün keçirilməsi Rusiya-Azərbaycan arasında olan münasibətlərə ciddi mənada təsir edəcək. İki ölkə arasındakı münasibətlərin pis olmasından hər iki tərəfin ziyan gördüyü göz qabağındadır. Rusiya artıq Azərbaycanın artmaqda olan imicini qəbul etməyə məcburdur. Azərbaycan və Rusiya rəhbərliyi arasında danışılacaq mövzular yetərincə çoxdur, bu görüş gecikdikcə məsələlərin sayı getdikcə artacaq”.
Firuzə Əliyeva
Sfera.az