Azərbaycan hökuməti yaxın 4 ildə Dövlət Neft Fondundan (ARDNF) transferti 10 milyard 200 milyon manata endirəcək. Müqayisə göstərir ki, yaxın 4 ildə transfert məbləği cari illə müqayisədə 2,5 milyard manatdan çox azaldılacaq.
ARDNF-dən transfert azaldılsa da büdcə gəlirləri və xərcləri artırılacaq. Neft Fondundan transfertin azaldılması qeyri-neft-qaz sektorundakı artım hesabına kompensasiya olunacaq. Yaxın 4 ildə qeyri-neft-qaz gəlirlərinin 7 milyard manat artıraraq 26 milyard 623 milyon manata çatdırılması hədəflənib.
Bəs hökumət qısa müddətdə qeyri-neft-qaz gəlirlərini nəyin hesabına artıracaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu barədə Nazirlər Kabineti məlumat verməyib.
Ekpsert bu məsələnin ona da maraqlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, hökümətin hansı planlar qurduğu ilə bağlı onda məlumat yoxdur:
"Təəssüf ki, bu barədə məlumatlar ictimaiyyətlə bölüşülmür. Trend olaraq görünən odur ki, qeyri-neft sektorundan gələn büdcə daxilolmaları artır. Lakin bunun kəskin artması üçün biznes sahəsi, kiçik və orta sahibkarlıq daha çox inkişaf etməli, onların dövriyyələri, gəlirləri artmalıdır. Yalnız bu halda daha çox vergi toplamaq mümkündür. Təəssüf ki, son zamanlar kiçik və orta sahibkarlıqda kəskin artım müşahidə olunmur".
Mütəxəssis qeyd edib ki, qeyri-neft sektoru üzrə daxilolmaların yaxın 5 ildə kəskin artacağı proqnozunun nədən qaynaqlandığı bilinmir:
"Hansı sahələrdə ciddi irəliləyiş olacaq? Bu turizm, yoxsa sənaye istehsalımı olacaq? Nazirlər Kabineti bu barədə məlumat versə, biz də analiz imkanı və fürsəti qazanardıq".
Firuzə Əliyeva
Sfera.az