Finlandiya hökuməti qarşıdakı 20 il üçün proqnozlarını əks etdirən 171 səhifəlik “Gələcək Hesabatı”nı dərc edib. Hər dörd ildən bir hazırlanan sənəd bu dəfə 2045-ci ilə qədər mümkün qlobal inkişaf ssenarilərinə diqqət yetirir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, optimist ssenariyə görə beynəlxalq əməkdaşlıq güclənir, qlobal problemlər sülh yolu ilə həll olunur.
Yaşıl iqtisadiyyata ədalətli keçid təmin edilir, Avropa İttifaqı isə güclü qlobal aktora çevrilir. ABŞ-də siyasi qütbləşmə azalır, Çində dövlət nəzarəti zəifləyir, Rusiyada demokratiya bərpa olunur.
Digər ssenariyə əsasən, “Amazon” və “Nvidia” kimi şirkətlər gələcəyə yön verən əsas qüvvəyə çevrilir. Texnologiya nəhəngləri siyasətə təsir göstərir, Çin kritik texnologiyalarda tam müstəqil olur. ABŞ qismən üstünlüyünü itirir, Rusiyanın isə texnologiya nəhəngi formalaşmır. Müsbət tərəflərə baxmayaraq, sosial bərabərsizliklərin dərinləşəcəyi proqnozlaşdırılır.
Milli maraqlara əsaslanan blokların önə çıxdığı ssenaridə resurslar və texnologiyalar uğrunda rəqabət güclənir. Arktikada qarşıdurmalar artır, qlobal iqtisadiyyat parçalanır, iqlim böhranı ağır iqtisadi itkilər yaradır. Avropaya kütləvi miqrasiya dalğaları müşahidə olunur.
Ən pessimist ssenaridə ekoloji böhran sosial və iqtisadi sistemi dağıdır. Qlobal iqtisadiyyat tənəzzülə uğrayır, yoxsulluq artır, NATO və Aİ kimi təşkilatlar dağılır. ABŞ daxilə qapanır, Çin daxili qarşıdurmalarla zəifləyir, Rusiya isə avtoritarizmə sürüklənir.
Hesabatda sürpriz ehtimallar da yer alıb. Bunlara Afrikanın iqtisadi yüksəlişi, Avropada temperaturun 5 dərəcə enməsi ilə nəticələnə biləcək “Yeni Buz dövrü”, insanların 160 yaşa qədər yaşaması, pulsuz internetin sona çatması, yeni kosmik yarış və Rusiyanın parçalanması daxildir.
Finlandiya bu cür hesabat hazırlayan yeganə ölkə olaraq qalır. Sənədin Avropa İttifaqı, BMT və Dünya İqtisadi Forumu üçün də istinad mənbəyi olduğu bildirilir.
Bəsti Rəfizadə
Sfera.az