ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı “maraqlı məlumatlar” əldə etdiyini bildirib və yaxın günlərdə bunların ictimaiyyətə açıqlanacağını vurğulayıb. O, həmçinin Moskva və Kiyevin atdığı addımları diqqətlə izlədiyini və yaxın zamanda müəyyən tədbirlərin görüləcəyini qeyd edib.
Trampın hansı konkret addımlar atacağı gözlənilir?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Fərhad Məmmədov ümumi yanaşmaya nəzər saldıqda burada həm Ukrayna, həm də Rusiyaya qarşı ardıcıl təsir mexanizmlərinin mövcud olduğunu bildirib.
F.Məmmədovun fikrincə, bu baxımdan ehtimal olunur ki, Moskvanın özündən çox, onun neftini idxal edən Hindistan kimi ölkələrə qarşı sanksiyalar tətbiq oluna bilər:
“Digər tərəfdən, ABŞ-ni ən çox narahat edən məsələ Rusiya-Çin-Şimali Koreya üçlüyünün formalaşdırdığı ittifaqdır. Çünki bu birbaşa Vaşinqtonun maraqlarına qarşı yönəlmiş və ABŞ ərazisinə real təhlükə yarada biləcək gücə malik koalisiyadır. Buna görə də ABŞ-nin Rusiyaya qarşı daha kəskin addımlar atması istisna olunmur”.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını şərh edərək, Vladimir Putinə ciddi narazılığını bildirmişdi. O, “çox məyus” olduğunu vurğulamış və müharibənin dayandırılması üçün yeni addımlar atacağını açıqlamışdı.
Prezident həmçinin qeyd etmişdi ki, ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiya paketi üzərində işləyir. Xüsusilə Moskvanın neftini idxal edən ölkələr- o cümlədən Hindistan və bəzi Avropa dövlətlərinin ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyi ehtimal olunur.
Fidan Hacızadə
Sfera.az