Havaların sərinləşməsindən sonra bazarlarda ev şəraitində hazırlanan turşuların satışı artıb. İxtisaslaşmış istehsal müəssisələrindən fərqli olaraq ev şəraitində istehsal olunan turşular insan sağlamlığı üçün müəyyən risklər yarada bilir.
Düzgün hazırlanmayan və ya düzgün saxlanılmayan turşuların istehlakçının zəhərlənməsinə, hətta ölümünə səbəb olmasına dair çoxlu faktlar var. Buna görə də ev şəraitində hazırlanan turşuları alan zaman diqqətli olmaq lazımdır.
Bəs bu məhsulları alan zaman nələrə diqqət yetirmək vacibdir? Hansı turşuları almaq tövsiyə edilir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, evdə hazırlanan turşuların həm faydalı, həm də riskli tərəfləri var:
“Almaq üçün daha məsləhətli turşular arasında klassik duzlu xiyar və kələmi göstərmək olar. Əgər ənənəvi üsulla hazırlanıbsa, bu turşular probiotiklərlə zəngindir və bağırsaq sağlamlığı üçün faydalıdır. Həmçinin sarımsaq, bibər və yaşıl pomidor turşuları immuniteti gücləndirir və çox vaxt duzlu suda fermentasiya olunur. Tək inqrediyentli turşular, məsələn yalnız kələm və ya yalnız xiyar, qarışıq olmayan turşular olduğundan risk daha azdır”.
Ekspert açıq bankalarda, üstü bağlı olmayan vəziyyətdə satılan turşuları alan zaman diqqətli olmağı tövsiyə edir. O, suyu bulanıq olan turşuları almamağı məsləhət görür:
“Çünki burada mikrobların çoxalması ehtimalı yüksəkdir. Çox qarışıq inqrediyentlərdən hazırlanmış turşular, məsələn göbələk, balıq və ya müxtəlif tərəvəzlərin qarışığı botulizm riski daşıyır. Bəzi meyvə turşuları kifayət qədər fermentasiya olunmadığı üçün tez xarab olur, çox sirkəli və rəngi anormal parlaq turşular isə içində kimyəvi qatqı ola biləcəyinə işarədir”.
Müsahibimiz turşu alarkən gigiyena qaydalarına xüsusilə diqqət yetirilməsinin vacib olduğunu dedi:
“Turşu saxlanlkan bankanın qapağı şişkin olmamalıdır, çünki bu qaz əmələ gəlməsi və zədələnmə əlamətidir. Turşunun suyu şəffaf və ya açıq bulanıq olmalıdır; çox bulanıq, köpüklü və ya üfunətli qoxulu olmamalıdır. Plastik qabda satılan turşular uzun müddət qalanda təhlükəlidir, şüşə bankada hazırlananlar isə daha sağlamdır. Dadına baxmadan turşu almaq risklidir, yaxşı satıcı turşunun necə hazırlandığını izah etməlidir.
Əgər özünüz evdə etibar etdiyiniz üsulla turşu hazırlamırsınızsa, sadə və ənənəvi duzlu xiyar və ya kələm turşusuna üstünlük verin. Bazardan alarkən isə mütləq satıcıya “Duzlu suda hazırlanıb, yoxsa sirkə əlavə olunub?” sualını verin”.
Niyaz Hacıyev
Sfera.az