ABŞ Dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında çıxış edərək, münaqişənin yeni mərhələyə keçdiyini vurğulayıb. O bununla müharibənin genişlənməsinin mümkünlüyünü vurğulayıb.
Politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında bildirib ki, Rubio müharibənin yeni mərhələyə keçməsindən danışanda Ukraynanın Rusiyaya qarşı zərbələrinin sayının artmasını nəzərdə tutub:
“Həmçinin Donetsk istiqamətində də Ukrayna kifayət qədər irəliləyişlər əldə edib. ABŞ bunu deməklə konkret olaraq prosesin danışıqlar müstəvisindən artıq müharibə müstəvisinə keçdiyini qeyd edib. Çünki Rusiya tərəfi konkret olaraq heç bir danışıqlara getmədi. Müharibəni aparmaq niyyətini ortalığa qoydu. Demək olar ki, ABŞ Ukraynaya hərbi yardımları artırıb”.
Prosesi şərh edən politoloq əlavə edib Avropa ölkələri də bilməlidir ki, müharibə arealı genişlənir:
“Rusiya tərəfində təxribatlar istisna olunmur. Həmçinin Avropa ölkələri də bununla bağlı ciddi olmalı, öz təhlükəsizlilərini təmin etməlidirlər. Təkcə ABŞ-dən gözləntiləri olmamalıdır. Öz ümumi daxili məhsulunun 5%-ni və daha da artığını ordunun inkişafına, təhlükəsizliyinə güclənməsinə sərf etməlidir”.
Müsahibimiz müharibənin yaxın perspektivdə bitmə ehtimalının olmadığını da vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az