Pulu çatmır, amma bahalı telefon alır - "Bu, psixoloji problemlərlə bağlıdır”

Pulu çatmır, amma bahalı telefon alır - <span style="color:#ff0000">&quot;Bu, psixoloji problemlərlə bağlıdır&rdquo;</span>
Kateqoriya məlum deyil24.09.25, 11:3920 👁️
T

Artıq “iPhone 17” satışa çıxıb və dünyanın müxtəlif yerlərində olduğu kimi Azərbaycanda da insanlar bu cihazı əldə etməyə can atırlar. Maraqlıdır ki, hətta maddi imkanları kifayət qədər olmayan şəxslər də yeni model telefona sahib olmağa çalışırlar. 


Maddi imkanları məhdud olan insanların bahalı, dəbdə olan əşyalara maraq göstərməsi nə ilə bağlıdır?

 

Məsələ ilə bağlı psixoloq Elgül Ağarzayeva Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, insanların yeni texnologiyalara maraq göstərməsi normal haldır.

 

"Bir şərtlə ki, bu onların hədəf və məqsədlərinə uyğun gəlir və istifadə rahatlığını artırır", - deyən psixoloq qeyd etdi ki, bu halda bahalı əşya alanlarda psixoloji pozuntu müşahidə edilmir. 


Psixoloq hesab edir ki, maddi imkanı çatmayan insanların bahalı əşya almaq istəyi isə psixoloji amillərlə bağlıdır. 


E.Ağarzayeva ilk növbədə sosial müqayisə mexanizmini önə çəkir:


“İnsan ətrafındakıların davranışlarına baxaraq öz həyatını qiymətləndirir. Lakin bu qiymətləndirmə real deyil, “real mən” ilə “ideal mən” arasında balans pozulur. Nəticədə şəxs, sosial mühitin diktəsinə uyğun davranmağa çalışır. Digər mühüm səbəb isə emosional boşluq və ya emosional mükafatlandırma ilə bağlıdır. İnsan həyatında müəyyən mərhələdə boşluq hiss etdikdə, həmin boşluğu əşyalarla doldurmağa meyil göstərir. Şəxs şüuraltı formada həmin boşluğu yeni bir telefon və ya digər bahalı əşyalarla əvəz etməyə çalışır. Bu isə onun özünə uyğun olmayan, real imkanlarına zidd seçimlər etməsinə gətirib çıxara bilər”.

 

 

 

Psixoloqun sözlərinə görə, bahalı texnologiyalara sahib olmaq həm də status məsələsi ilə bağlıdır:


“Yeni telefon və ya son model avadanlıq insan üçün sadəcə ehtiyac deyil, eyni zamanda qəbul olunma, özünüifadə və özünə inam hissi ilə əlaqəlidir. Bəzən insanın “mən kiməm?” sualına verdiyi cavabın bir hissəsi məhz sahib olduğu texnologiyalardır. Telefonlar və digər avadanlıqlar artıq təkcə funksional vasitə deyil, həm də sosial statusun və simvolun göstəricisinə çevrilib.
Beləliklə, “iPhone 17” kimi bahalı texnologiyalara maraq təkcə texniki üstünlüklərlə bağlı deyil, həm də insanların psixoloji ehtiyacları, emosional vəziyyətləri və sosial status axtarışları ilə sıx şəkildə əlaqəlidir".


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...