Onkoloji xəstəliklər insanlığın ən böyük bəlalarından birinə çevrilib. Uşaqdan böyüyə qədər dünyanın müxtəlif yerlərində bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır. Xəstəliyin uzun müddətdir mövcud olmasına baxmayaraq, insanı ona düçar edən səbəblər hələ dəqiq bəlli deyil. Son illərdə xüsusilə qidaların tərkibi və havanın çirklənməsi kimi amillərin xərçəngin yaranmasında mühüm rol oynadığı iddia olunur. Maraqlıdır ki, müasir dövrdə irəli sürülən bu iddialar həqiqətən də öz təsdiqini tapırmı?
Sfera.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov əvvəllər onkoloji xəstəliklərin əsasən yaşlı insanların problemi kimi qəbul olunduğunu deyib:
“Lakin son illərdə bu xəstəlik xeyli “cavanlaşıb” və artıq təkcə yaşlılarda deyil, gənclərdə, hətta uşaqlarda da müşahidə olunur. Hətta 2, 5 və ya 10 yaşlı uşaqlarda belə rast gəlinməsi faktı var. Statistik məlumatlar göstərir ki, xəstəliyin yayılması təkcə bizim ölkədə deyil, bütün dünyada sürətlə artır və yaxın 5-10 ildə daha da çoxalacağı gözlənilir”.
Onkoloq onkoloji xəstəliklərin geniş yayılmasının müxtəlif səbəbləri olduğunu qeyd edib.
O bildirib ki, məsələn, son 6 ayda Bakıda aparılmış statistik araşdırmalar göstərir ki, əvvəllər ürək-damar xəstəlikləri birinci yerdə dayanırdısa, indi xərçəng xəstəlikləri həmin yeri tutub:
“Xəstəliyun yayılmasında əsas amillərdən biri havanın çirklənməsidir. Bakı şəhərində son illər nəqliyyat vasitələrinin sayı xeyli artıb. Avtomobillərin buraxdığı zərərli qazlar isə xərçəng hallarının artmasına səbəb olur. Digər ciddi faktor isə tütün və elektron siqaretlərdən, həmçinin qəlyandan istifadədir. Gənclər düşünürlər ki, elektron siqaretlər az zərərlidir, lakin əksinə, onların təsiri daha təhlükəlidir”.
F.Museyibov bundan başqa, fast food, kolbasa və sosiska kimi emal olunmuş qidaların həddindən artıq istifadəsinin də risk yaratdığını əlavə edib:
“Artıq şəhərdə istənilən yerdə bu cür qidaların satıldığı yerlərdə uzun növbələr görmək olar. Təəssüf ki, gənclər bunun sağlamlığa, xüsusilə də onkoloji xəstəliklərin yayılmasına ciddi təsir etdiyini nəzərə almırlar”.
Həkim vurğulayıb ki, digər bir səbəb hərəkətsizlikdir:
“Müasir dövrdə həyat tərzinin rahatlaşması nəticəsində insanlar daha passiv olub, bu da xəstəliklərin artmasına zəmin yaradır. Qadınlar arasında süd vəzi xərçəngi, kişilər arasında isə ağciyər xərçəngi daha çox yayılıb. Burada da bir sıra faktorlar - stress, psixoloji gərginlik və travmalar mühüm rol oynayır.
Bundan əlavə, qazlı energetik içkilərin geniş istifadəsi və palma yağı tərkibli məhsulların çoxluğu da xərçəngin yaranmasına səbəb olan risk faktorları sırasındadır”.
Fidan Hacızadə
Sfera.az