Gənclər arasında işsizlik problemi daim aktuallığını qoruyur. Təhsilini başa vuran, lakin uzun müddət iş tapa bilməyən gənclərin sayı çoxdur.
Təhsilini başa vurmuş, amma uzun müddət iş tapa bilməyən gənclərin sayının artması nə ilə bağlıdır və bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Təhsil eksperti Elşən Qafarov Sfera.az saytına açıqlamasında bildirdi ki, Azərbaycanda əmək bazarının öyrənilməsi ilə bağlı zəif addımlar atılır:
“Ölkədə peşə təhsili müəssisələri, ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri kadr hazırlığı həyata keçirir. Peşə təhsili müəssisələri sadəcə işçi kadrlar, orta ixtisas təhsili müəssisələri orta ixtisas təhsilli kadrlar, ali təhsil müəssisələri isə yüksək ixtisaslı kadrlar hazırlayır. Magistratura səviyyəsində elmi-pedaqoji, doktorantura səviyyəsində isə elmi kadrlar hazırlanır. Qabaqcıl ölkələrdə sistem elə qurulub ki, peşə təhsili müəssisələri, orta ixtisas təhsili müəssisələri, ali təhsil müəssisələri ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığını həyata keçirərkən, əmək bazarının tələblərini nəzərə alır.
Azərbaycanda da əmək bazarı daim araşdırılır. Ölkə prezidenti 2022-ci ildə əmək bazarını öyrənməklə bağlı iki institutun yaradılması haqqında sərəncam verib. Bu instutlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elmi-Tədqiqat İnstutu, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılacaqdı. Çox təəssüflər olsun ki, belə instutların yaradılması 2024-cü ilə planlaşdırılsa da, indi 2025-ci ildir və belə instutlar yaradılmayıb”.
Ekspert əlavə edib ki, təhsil müəssisələri mütləq əmək bazarını araşdırmalıdır:
“Hər il ixtisaslar üzrə minlərlə tələbə qəbul olur. Əmək bazarının tələbi mütləq ödənilməlidir. Əmək bazarının tələbi ödənildikdən sonra hansı ixtisaslar üzrə hansı kadrların lazım olacağı araşdırılmalıdır. Bu araşdırıldıqdan sonra təhsil müəssisələri təhsil verməlidir. Ən başlıca problem əmək bazarının öyrənilməməsi və kadr hazırlığında tələb təklif prinsipinin gözlənilməməsidir”.
Niyaz Hacıyev
Sfera.az