Azərbaycan Hava Yolları (AZAL) şirkəti illərdir qazandığı imicini deyəsən dəyişmək fikrindən uzaqdır. Şirkət uzun illərdir ki, xidmətlərin keyfiyyətinin aşağı olması, qiymətlərin isə yüksək olması ilə tanınıb. AZAL fəaliyyətində rəhbər tutduğu bu prinsipləri belə görünür ki, dəyişmək istəmir.
Sfera.az bildirir ki, şirkətin rəhbərliyində dəyişiklik baş verəndə dövlət şirkətinin fəaliyyətində müsbət dəyişikliklərin olacağı ümidi yaranmışdı.
2024-cü ildə Samir Rzayev şirkətə rəhbər təyin olunanda sərnişinlər ümid edirdi ki, şirkət özü haqqında formalaşan mənfi imicdən xilas olacaq, daha keyfiyyətli və münasib qiymətlərə xidmətlər təşkil ediləcək. Amma təəssüflər olsun ki, AZAL-da rəhbərlik dəyişsə də, köhnə problemlər bitmədi.
AZAL-dan hələ də narazı qalan sərnişinlər çoxdur. Dövlət büdcəsindən hər il yüz milyonlarla manat dəyərində subsidiya əldə etməsinə, təyyarələrin çoxunun dövlət büdcəsinin vəsaiti hesabına alınmasına baxmayaraq, şirkətin xidmətləri sərnişinlər üçün əlçatan deyil. Yenə də yüksək bilet qiymətləri və buna uyğun olmayan xidmətlər təqdim edilir. Bu gün sərnişinlər üçün AZAL-la uçmaq bir xəyala çevrilib, şirkət bahalı xidmət göstərmək siyəsətindən əl çəkmək istəmir.
Sərnişinləri narazı salan məqamlar müxtəlifdir. Gecikmələr, uçuşların əsassız ləğv olunması, baqajların zədələnməsi, təyyarədə içkilərin və qidaların normal bazar qiymətindən bir neçə dəfə baha satılması artıq adi hala çevrilib. Sosial şəbəkələrdə və rəsmi şikayət platformalarında onlarla vətəndaş AZAL-ın bilet satarkən verdiyi sözə əməl etmədiyini bildirir.
Məsələn, Bakı-Naxçıvan reysində uçuşun saatlarla gecikməsi səbəbindən sərnişinlər çətin vəziyyətdə qalıb. Şikayətçilər qeyd edir ki, təyyarə salonunda satılan içkilər və qidalar şəhərdəkindən 3 dəfə bahadır, halbuki bəzilərinin buna imkanı yoxdur. Körpələrin, yaşlı və xəstə insanların belə şəraitdə əziyyət çəkməsi sərnişinlərin qəzəbini daha da artırır. Fəridə adlı başqa bir sərnişin İstanbul-Bakı uçuşunda yeni aldığı çamadanının yükləmə zamanı zədələndiyini, cızıldığını və qırıldığını yazaraq, “belə iş olmaz” deyə etiraz edib. Aydan adlı sərnişin isə tez-tez biletlərin təxirə salınmasından şikayətlənərək, “səhər aldığım bilet axşama keçirilir, səbəbini heç kim izah etmir” deyə bildirib. Bu faktlar, təkcə xidmətin keyfiyyətsizliyini deyil, həm də şirkətin müştərilərə qarşı məsuliyyətsiz münasibətini göstərir. Bunlar, yalnız məsuliyyətsizlik deyil, həm də vətəndaşların vaxtına, işinə və sağlamlığına açıq-aşkar hörmətsizlikdir.
Məsələ təkcə sıravi sərnişinlərlə də bitmir. Son vaxtlar ictimaiyyətin tanınmış simaları da AZAL-dan narazılıqlarını açıq şəkildə dilə gətiriblər. Şair Nazilə Səfərli paylaşdığı videoda AZAL-ı sərt tənqid edərək, qiymətlərin süni şəkildə şişirdilməsini, uçuşların vaxtının əsassız dəyişdirilməsini sərnişinlərə qarşı “düşmən mövqeyi” adlandırıb.
Onun sözlərinə görə, ekonom sinif biletin qiymətinin 1300 manata qaldırılması ailəliklə səyahət edənlər üçün fəlakətdir. “Camaat ailəsi, uşağı ilə gedir, bir evə 5 bilet lazımdır. Heç kim pulu yerdən yığmır, qazandığımızın 70 faizini sizə ödəyirik”, – deyə o qəzəbini ifadə edib.
Aktrisa Pərvin Abıyeva isə sərnişinlərin 6 saat ac-susuz saxlandığını bildirərək, bunu açıq şəkildə biabırçılıq adlandırıb.
Qeyd edək ki, AZAL-ın qiymət siyasətindən narazılıq yeni deyil. Hətta Prezident İlham Əliyev bir neçə il öncə AZAL-ın təklif etdiyi qiymətlərin yüksək olmasına görə şirkətin rəhbərliyini tənqid etmişdi.
Rəhbərliyin dəyişməsindən sonra qiymətlərin əlverişli olacağı gözlənilsə də bu, baş vermədi. Büdcədən milyonlarla vəsait alan, dövlətin maliyyə dayaqları üzərində dayanan AZAL hələ də aqressiv qiymət siyasəti yürüdür. Lakin buna baxmayaraq şirkət mənfəət əldə edə bilmir. Rəsmi açıqlamalarda şirkət özünü beynəlxalq standartlara uyğun göstərməyə çalışsa da, reallıqda sərnişinlərin üzləşdiyi problemlər bu iddiaların boş olduğunu sübut edir.
Milli aviadaşıyıcı əslində xalqa xidmət etməli olduğu halda, bu gün xalqdan uzaq, monopolist, məmur maraqlarına xidmət edən quruma çevrilib. Sərnişinlərin məmnuniyyətsizliyi daha da artır, etimad isə hər gün azalır. Bu mənzərə göstərir ki, AZAL-ın islahatlara deyil, köklü silkələnməyə ehtiyacı var. Əks halda, dövlətin yardımları ilə ayaqda saxlanılan, amma xalqın cibinə və əsəblərinə zərər vuran bu şirkət milli brend deyil, milli problem olaraq qalacaq.
Dəniz