180 min tələbəyə 8 min yer – Köhnə problem aktuallığını qoruyur

180 min tələbəyə 8 min yer – Köhnə problem aktuallığını qoruyur
Kateqoriya məlum deyil15.09.25, 10:11157 👁️
T

Hazırda ali təhsil müəssisələrində təhsil alan tələbələrin üzləşdiyi əsas problemlərdən biri yataqxana məsələsidir. Tələbə sayının artması fonunda mövcud yataqxanaların tutumu kifayət etmir və bu, tələbələrin yaşayışla bağlı ciddi çətinliklərini gündəmə gətirir.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda tələbələrin sosial rifahı ilə bağlı ən ciddi məsələlərdən biri onların yataqxana ilə təmin olunmasıdır:

 

“Son illərdə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayında artım müşahidə olunsa da, mövcud yataqxana fondunun bu artımı qarşılamadığı açıq şəkildə görünür. Rəsmi statistikaya görə, ölkədə hazırda 180 mindən çox tələbə təhsil alır, onların təxminən 60 mini dövlət sifarişi əsasında oxuyur. Lakin Elm və Təhsil Nazirliyinin məlumatına görə, istifadədə olan yataqxana yerlərinin sayı 7–8 min arasında dəyişir. Bu isə tələbələrin cəmi 10 faizinin yataqxana ilə təmin olunması deməkdir. Beləliklə, tələbələrin böyük əksəriyyəti, xüsusilə də bölgələrdən gələnlər, kirayə mənzillərdə qalmaq məcburiyyətindədir. Bu vəziyyət sosial ədalət prinsipinə və təhsilalanların hüquqlarına təsir göstərir”.

 

Ekspert “Təhsil haqqında” Qanunun 35-ci maddəsini xatırladaraq qeyd edib ki, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin vəzifələrindən biridir:

 

“Bu hüquqi norma tələbələrin yalnız təhsil mühitində deyil, həm də yaşayış şəraitində dövlət dəstəyinə arxalana bilməsini nəzərdə tutur. Əlavə olaraq, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il tarixli sərəncamı ilə bir sıra ali məktəblərin yataqxana binalarının tikintisinə və əsaslı təmirinə vəsait ayrılıb. Bu qərarlar göstərir ki, dövlət mövcud vəziyyətin fərqindədir və problemin həlli istiqamətində ardıcıl addımlar atır.

 

Müsbət tərəf ondan ibarətdir ki, son illərdə müasir tipli yeni yataqxana kompleksləri istifadəyə verilib. Məsələn, ADA Universitetində inşa olunan yataqxana həm yerli, həm də xarici tələbələrin yaşayışı üçün nümunəvi şərait yaradıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni yataqxanası isə kitabxana, laboratoriya, idman zalı və müasir avadanlıqlarla təchiz olunub. Bu nümunələr göstərir ki, Elm və Təhsil Nazirliyi problemi yalnız say baxımından deyil, həm də keyfiyyət baxımından həll etməyə çalışır. Müasir yataqxana modelləri tələbələrə yalnız yaşayış deyil, həm də təhsil və sosial mühit formalaşdırır.

 

Mənfi tərəf isə hələ də əsas kütlənin ehtiyaclarının ödənilməməsi ilə bağlıdır. Kirayə mənzillərin bahalığı səbəbindən bir çox tələbə dərsdən sonra işləməyə məcbur qalır. Bu isə onların təhsil keyfiyyətinə mənfi təsir göstərir. Hətta bəzi hallarda tələbələr valideynlərinin maliyyə imkanlarının məhdudluğu səbəbindən təhsildən imtina etməli olurlar".

 

 

Müsahibimiz dünya təcrübəsi ilə müqayisə etdikdə Azərbaycanın bu sahədə geri qaldığını da vurğulayıb:

 

“Türkiyədə KYK (Kredi və Yurtlar Kurumu) sistemi vasitəsilə tələbələrin 70 faizdən çoxu dövlət yataqxanaları ilə təmin olunur. Almaniyada “Studentenwerk” qurumları tələbələrin təxminən 40 faizini yataqxanalarla təmin edir. Azərbaycanda isə bu göstərici 10 faizi keçmir. Lakin pozitiv məqam odur ki, son illərdə dövlətin siyasətində tələbə şəhərciklərinin salınması, universitetlərin balansına yeni binaların verilməsi prioritet istiqamət kimi müəyyən olunub.

Əgər planlaşdırıldığı kimi, qarşıdakı illərdə Bakı və regionlarda yeni yataqxana kompleksləri tikilərsə, tələbələrin sosial şəraiti xeyli yaxşılaşacaq. Bu, həm də Azərbaycanın beynəlxalq ali təhsil məkanında rəqabət qabiliyyətini artıracaq. Çünki xarici tələbələrin ölkəyə marağında yaşayış şəraitinin böyük rolu var.

Beləliklə, Elm və Təhsil Nazirliyinin hazırda həyata keçirdiyi layihələr təqdirəlayiqdir və problemin mərhələli şəkildə həllinə yönəlib. Konkret nümunə kimi ADNSU-da TİT layihəsi çərçivəsində istifadəyə verilən yataqxananı, BDU-da açılan tələbə evini və ADAU-da fəaliyyət göstərən müasir kompleksləri göstərmək olar. Bu obyektlər həm keyfiyyət, həm də funksionallıq baxımından dünya standartlarına cavab verir.

Nəticə etibarilə, tələbələrin yataqxana ilə təmin olunması məsələsində çatışmazlıqlar hələ də qalır. Lakin dövlətin mövqeyi və atdığı addımlar gələcəkdə vəziyyətin xeyli yaxşılaşacağını göstərir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər tərifəlayiqdir və təhsilin keyfiyyətinə dolayısı ilə dəstək verir".


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...