15 Sentyabr – Bakının işğaldan azad edildiyi gün

15 Sentyabr – Bakının işğaldan azad edildiyi gün
Kateqoriya məlum deyil15.09.25, 05:59279 👁️
T

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri 1918-ci ilin 15 sentyabr günü ilə bağlıdır. Məhz həmin gün Qafqaz İslam Ordusu və Azərbaycan milli qüvvələri Bakını daşnak-bolşevik və ingilis işğalından azad edərək, Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtını bərpa etdilər.

 

Sfera.az xəbər verir ki, 1918-ci ilin yaz-yay aylarında Bakı şəhəri “Sentrokaspi diktaturası” adlanan daşnak-bolşevik rejiminin və İngiltərə qoşunlarının nəzarəti altında idi.

 

Azərbaycan Xalq Cümhuriyyəti isə müstəqilliyini elan etsə də, Gəncədə fəaliyyət göstərir, öz paytaxtından istifadə edə bilmirdi.


Bu dövrdə xalqın xilası üçün Osmanlı dövlətinin yardımı həyati əhəmiyyət kəsb edirdi. Nuru Paşanın komandanlığı altında təşkil edilən Qafqaz İslam Ordusu Azərbaycanın milli hərbi birləşmələri ilə birlikdə Bakının azad olunması uğrunda mübarizəyə başladı.

 

15 sentyabr 1918-ci ildə şiddətli döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakıya daxil oldu. Şəhər tamamilə azad edildi, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Bu qələbə ilə Azərbaycan öz paytaxtını geri aldı, dövlətçiliyini möhkəmləndirdi.

 

Bakının azad edilməsi yalnız hərbi uğur deyildi, həm də siyasi qələbə idi. Paytaxtın ələ keçirilməsi Xalq Cümhuriyyətinin mövcudluğunu təmin etdi, dövlət strukturlarının fəaliyyətinə şərait yaratdı. Azərbaycan xalqı Osmanlı dövlətinə və Qafqaz İslam Ordusuna daim minnətdarlıqla yanaşır.

 

Müstəqilliyin bərpasından sonra 15 sentyabr ölkəmizdə şərəf və qəhrəmanlıq günü kimi yad olunur. Hər il şəhidlərin xatirəsi anılır, tarixi birlik və dostluq münasibətləri xüsusi olaraq vurğulanır.

 

Niyaz Hacıyev

PAYLAŞ
Sehliyali
Yüklənir...