Qazaxıstan teatr və kino sənətinin inkişafında misilsiz xidmətlər göstərmiş, ölkəmizin adını daşıyan görkəmli sənət xadimi Azərbaycan Məmbətovun anım günüdür. 2 sentyabr 1932-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Savinka kəndində anadan olan Azərbaycan Məmbətov, milliyyətcə qazax olsa da, adının Azərbaycan olması hər zaman diqqət çəkib.
Sfera.az xəbər verir ki, müharibə illərində ailəsi ilə birlikdə Alma-Ataya köçən Məmbətov incəsənətə böyük maraq göstərib.
1952-ci ildə N.Qoqol adına Alma-Ata Teatr və Rəssamlıq Məktəbinin aktyorluq fakültəsini bitirib. Təhsil aldığı dövrdə xoreoqrafiya dərsləri keçib, eyni zamanda Qazaxıstan SSR Mahnı və Rəqs Ansamblında solist kimi çıxış edib. O, sənət yolunu daha da təkmilləşdirmək üçün Moskvada təhsilini davam etdirib və Rusiya Teatr Sənəti İnstitutunu rejissorluq ixtisası üzrə bitirib. Məmbətov tələbəlik illərindən başlayaraq teatr səhnəsində və filmlərdə çıxış edib.
Məmbətov yalnız praktik rejissor kimi deyil, həm də pedaqoq kimi böyük nüfuz qazanıb.
1999-cu ildən ömrünün sonuna qədər Astanada K.Kuanuşbayev adına Qazaxıstan Dövlət Musiqili Dram Teatrının bədii rəhbəri kimi çalışıb. Onun rəhbərliyi altında teatr bir çox uğurlara imza atıb, milli dramaturgiyanın inkişafında mühüm rol oynayıb. Azərbaycan Məmbətov 17 noyabr 2009-cu ildə vəfat edib və Alma-Atadakı Kensay qəbiristanlığında dəfn olunub.
Adı Azərbaycan olsa da, Məmbətovun Azərbaycana soy-kök bağlılığı olmayıb. Ömrünü Qazaxıstanın incəsənətinə həsr edən Məmbətov, iki xalq arasında mədəniyyət körpüsü hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az