Fransada Paris-Vannes qatarında olan bir sərnişinin pişiyi səyahət zamanı ucadan miyovladığına görə 110 avro (218 AZN) cərimələnib. Hadisə heyvan sahibi ilə dəmir yolu şirkəti arasında mübahisəyə səbəb olub.
Sfera.az bildirir ki, Kamilla adlı qadın ev heyvanlarının daşınması qaydalarına əməl edərək, pişiyi üçün əvvəlcədən 7 avroya (14 AZN) ayrıca qatar bileti alıb. Heyvan qəfəsdə olsa da, sərnişinlər onun miyovlanmasından şikayətləndikdən sonra konduktor pişik sahibini cərimələyib. Kamilla öz növbəsində bildirib ki, pişik səyahətin əvvəlində cəmi bir neçə dəfə miyovlayıb.
Eyni zamanda, səyahət protokolunda “davamlı miyovlama” və sərnişinlərin çoxsaylı şikayətlərini göstərildiyi bildirilib. Konduktor qeyd edib ki, sərnişinlər arasında gərginliyin səviyyəsini azaltmaq üçün pişik sahibinə başqa vaqona keçmək təklif olunsa da, o bundan imtina edib. “Pişik səs-küylü idi və biz tələb edirik ki, ictimai asayişin pozulmasına görə protokol tərtib edilsin”- deyə protokol girişində qeyd edilir.
Kamilla dəmiryolçuların bu qərarından məyus olduğunu bildirib:
"Dəmiryolunun qaydalara əməl edən və ev heyvanları ilə təhlükəsiz səyahət etmək üçün lazım olan hər şeyi edən insanları cərimələmələri utancvericidir"-deyə o qeyd edib.
Buna cavab olaraq şirkət öz işçilərinin hərəkətlərini dəstəkləyib. Onlar cəriməni sərnişinlər arasında gərginliyin artması ilə izah ediblər. Dəmir yolu nümayəndələri vurğulayıblar ki, konduktorlar qadına oturacaqları pulsuz olan başqa vaqona keçnək təklif etsələr də, o, bundan imtina edib. Eyni zamanda şirkət cərimələrdən şikayət verilə biləcəyini də qeyd edib. Kamilla artıq apellyasiya şikayəti verib və dəmir yolu onun izahatlarını nəzərə alaraq vəziyyəti nəzərdən keçirəcəyini vəd edib.
Xatırladaq ki, Fransa dəmiryolunun qaydalarına əsasən, sahiblərdən ev heyvanlarının daşınması üçün ayrıca bilet almaq və onları xüsusi konteynerlərə yerləşdirmək tələb olunur.
Xanım