Sentyabrın 1-i Azərbaycan elm və təhsil sahəsində mühüm günlərdən biri kimi qeyd olunur. Bu tarix Bakı Dövlət Universitetinin yaranması günüdür. 1919-cu ilin 1 sentyabrında fəaliyyətə başlayan universitet bu il 106 illiyini qeyd edir.
Sfera.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilən BDU ölkədə ilk ali təhsil ocağı olub.
Universitetin ilk rektoru dünya şöhrətli alim, akademik V.İ. Razumovski təyin edilib. Həmin il universitetdə 4 fakültə – tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri üzrə 1094 tələbə təhsil almağa başlayıb.
İllər keçdikcə BDU təkcə Azərbaycanın deyil, bütün regionun elm və təhsil mərkəzlərindən birinə çevrildi. Burada yüzlərlə görkəmli alim yetişib, ölkənin siyasi, mədəni və ictimai həyatına mühüm təsir göstərmiş ziyalılar formalaşıb.
Hazırda BDU tanınmış elm və təhsil mərkəzidir. Həmçinin, universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Tərkibində 4 institut, 16 fakültə fəaliyyət göstərir. Əvvəllər 2 filialı olsa da, hazırda 1 filialı vardır. 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyaları var. Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulub. Təhsil ödənişli və dövlət sifarişli əsaslarla nəzərdə tutulub. Həmçinin BDU-da əyani təhsillə yanaşı, qiyabi təhsil də mövcuddur. BDU-nun məzunları sırasında Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev, eləcə də dövlət xadimləri, ictimai-siyasi xadimlər, alimlər və yazıçılar var. Bakı Dövlət Universiteti bu gün də ölkənin aparıcı elm və təhsil ocaqlarından biri kimi fəaliyyətini davam etdirir, beynəlxalq əlaqələrini genişləndirir və yüzillik ənənələri müasir dövrün çağırışları ilə birləşdirir.
Bəsti Rəfizadə
Sfera.az