Ali məktəblərə qəbul olan tələbələrin qeydiyyat prosesi iki gündən sonra başlayır.
Qeydiyyat hansı formada aparılacaq, tələbələrin və onların valideynlərin qeydiyyat üçün öncədən Bakıya və digər şəhərlərə, universitetlərə gəlməsinə ehtiyac varmı?
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz fikirlərini açıqlayıb. O bildirib ki, artıq 3 ildir paralel qeydiyyata və kağız sənədlərin toplanmasına son qoyulub:
“Hazırda ölkə üzrə ali məktəblərə qəbul olan bütün tələbələrin qeydiyyatı tam olaraq elektron formada, yalnız ETN-nin rəqəmsal resursunda, portal.edu.az -da aparılır. Tələbələr öz şəxsi kabinetlərinə daxil olaraq tələb olunan məlumatları görür və sadəcə təsdiq edirlər. Universitetlərin kağız sənədlər, attestat və ya hər hansı arayış tələb etməsi qadağandır”.
Onun sözlərinə görə, universitet rəhbərliyinin səlahiyyət verdiyi şəxslər yeni tələbələrlə bağlı bütün məlumatları ETN portalı üzərindən əldə edirlər:
“Ötən illərdə aparılan monitorinqlər göstərib ki, bəzi universitetlər hələ də paralel qeydiyyat təşkil edərək tələbələrdən kağız sənəd tələb etmişdilər. Nazir Emin Əmrullayev də bunun yolverilməz olduğunu açıqlamışdı. Ümid edirik ki, bu il belə hallarla rastlaşmayacağıq. Biz monitorinqləri davam etdirəcəyik. Medianın da bu mövzunu gündəmdə saxlaması faydalı olardı”.
Qeyd edək ki, hazırda qanunvericilikdə təhsil sənədlərinin – diplom, attestat və s. – rəqəmsal formaya keçirilməsi nəzərdə tutulub. Lakin müvafiq Qaydalar hələ təsdiqlənmədiyindən bu proses tam şəkildə reallaşdırılmayıb.
Bəsti Rəfizadə
Sfera.az