"Anası kimi yox, qadını kimi davranın"

"Anası kimi yox, qadını kimi davranın"
Kateqoriya məlum deyil13.08.25, 11:070 👁️
T

Qadınlar duyğusal varlıqlar olduqları üçün bəzən münasibətlərdə müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, kişiyə lazımından artıq diqqət göstərmək və ya onunla ana-övlad münasibətində olduğu kimi davranmaq münasibətin ritmini poza bilər. Sanki qadın kişini öz övladı kimi böyüdür.

 

Maraqlıdır, bu vəziyyətin qarşısını almaq üçün qadınlar münasibətlərdə necə davranmalıdırlar?

 

Sfera.az-a bu barədə açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, qadınlar duyğusal varlıqlar olduqları üçün özəl münasibətlərdə rolları dəyişə bilirlər.

 

 

 

O bu dəyişikliyin bəzən qadınların ana olma instinkti ilə bağlı olur və kişi-qadın münasibətlərində analıq hissinin ön plana çıxdığını deyib:

 

“Nəticədə tərəflər ər-arvad əlaqəsi yerinə ana-övlad dinamikasına düşə bilirlər. Əslində, ailədəki mübahisələrin gərginləşməsi və münaqişələrin yaranması çox vaxt ana obrazında olan qadınlardan qaynaqlanır. Bu, qadınların ailədə “qayğıkeş olmalıyam”, “yoldaşımın hər zaman yanında olmalıyam” kimi düşüncələrindən irəli gəlir. Qadınlar bu rolları ayırmağı bacarmalı və özlərinə xatırlatmalıdırlar: “Mən onun həyat yoldaşıyam, sevgilisiyəm, qadınıyam; anası deyiləm”, "Təbii ki, ailədə ər-arvad cütlüklər bir-birinə dəstək olmalıdır, amma bütün məsuliyyəti yalnız öz üzərinə götürməməlidirlər”.

 

Psixoloq qeyd edib ki, ailə bir dövlət kimidir:

 

“Hər kəsin öz rolu və vəzifəsi olduğu kimi, tərəflərin də öz öhdəlikləri vardır. Məsuliyyəti yalnız öz üzərinə götürən qadınlar istək və ehtiyaclarını yalnız qarşı tərəfdən gözləməməli, onları ifadə etməlidir. Həmçinin, hər vəziyyətdə qarşı tərəfə razı olmaq doğru deyil. Məsələn, qadın deyə bilər: “Sənin etdiyin iş önəmlidir, amma mənim fikrimcə belə olsa daha yaxşı olar”.

 

Qadınlar kişilərə davamlı olaraq “Getdinmi?”, “Çatdınmı?”, “Yemək yedinmi?”, “İşin necə keçdi?” kimi suallar vermək əvəzinə, “Günün necə keçdi?”, “Əhvalın necə oldu?” kimi maraqlanmalıdırlar. Həddindən artıq nəzarət etmək, yoxlamalar aparmaq, tapşırıq vermək və bir sözün üzərində davamlı sorğular keçirmək düzgün deyil, çünki qadın ana deyil”.

 

Ü.Məhərrəmova əlavə edib ki, hər bir qadın tərəfdaşına məsuliyyətini dərk etməyi öyrətməlidir. Partnyor öz öhdəliklərini bilməli, səhvlərini düzəldə və yanlışlardan nəticə çıxara bilməlidir. 


O qarşılıqlı qayğı göstərmək vacibliyini, amma bunun, qarşı tərəfin inkişafına mane olmamalıdı olduğunu vurğulayıb:

 

 “Həmişə nəzarətdə olduğunu və dəstək alındığını hiss edən insan bacarsa belə, gözləyir ki, yenə yardım olacaq. Ən sağlam münasibətlərdə tərəflərin öz öhdəliklərini bilməsi vacibdir. Cütkülər bir-birinə həm sevgi, həm də azadlıq verməlidir. Hər kəsin öz duyğuları və arzuları vardır. Buna görə qadınlar ana roluna girməməli, həyat yoldaşı və qadın obrazında olmalıdırlar. Öz kimliyinin fərqinə varmalıdırlar. Bu zaman həm xoşbəxt olurlar, həm dəyərli hiss edirlər, həm də münasibətləri sağlam və möhkəm olur. Hər bir qadın ailədə xoşbəxt olmaq istəyir, çünki qadın ailənin işığıdır”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...