İnsanların uzunömürlülüyünün səbəbləri uzun illərdir elm adamlarının diqqət mərkəzindədir. Son araşdırmalar göstərir ki, bəzi ölkələrdə 100 yaş və yuxarı insan sayı digərlərinə nisbətən xeyli çoxdur. Bu göstərici yalnız ömür uzunluğunu deyil, həm də sağlam yaşlanma ilə bağlı mühüm məlumatlar təqdim edir.
Sfera.az xəbər verir ki, “Daily Mail”in araşdırmasına əsasən, dünyada yaşı 100-dən yuxarı olanların əhali sayına nisbətinə görə ən yüksək göstərici Monakodadır.
Monakonu Honq Konq, Fransız Karib adası Quadeloupe, Yaponiya və Uruqvay izləyir. ABŞ isə bu siyahıda 46-cı yerdə qərarlaşıb.
Professor Karin Modiqin sözlərinə görə, 100 yaşını keçən insanlar ciddi xəstəliklərə qarşı yüksək müqavimət göstərirlər. İsveçdə aparılan iki genişmiqyaslı araşdırma bu fikri təsdiqləyir. Araşdırma zamanı bəlli olub ki, 100 yaşını keçənlərin yalnız 4%-i 85 yaşa qədər insult keçirib. 90-99 yaş arası ölümlərdə isə insult səbəbi 10% təşkil edir.
Digər bir araşdırmada 80 yaşında olanların yalnız 8 nəfəri ürək-damar xəstəliyinə sahib olub. 85 yaşına çatmadan ölənlərdə isə ürək-damar xəstəliyi 15%-dən çoxdur.
BMT-nin məlumatına görə, dünyada təxminən 600 min uzunömürlü insan var və onların 120 mini Yaponiyada yaşayır. Digər diqqət çəkən ölkələr arasında Porto Riko, Martinik, Man Adası, Quernsey və Fransa yer alır.
Ekspertlər bu artımı aşağıdakı amillərlə izah edirlər:
- Yaxşı yaşam şəraiti, siqaret istifadəsinin azalması, sağlam həyat tərzi və genetik faktorlar.
Bu məlumatlar yalnız yaşın uzunluğunu deyil, həm də insanların necə sağlam qaldıqlarını göstərən dəyərli ipucları təqdim edir.
Bəsti Rəfizadə
Sfera.az