Büdcədəki “deşiklər”i qumar biznesi ilə doldurmaq – Ekspert bunun faydaları və ziyanları haqda
"Qumar biznesinin leqallaşdırması ölkəmizə xeyli dərəcədə gəlir gətirə bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında qonşu Gürcüstanda qumar biznesinin dövriyyəsinin 4,6 milyard dollar təşkil etməsi və bu ölkəyə xeyli gəlir gətirməsi fonunda sözügedən biznesin büdcənin genişləndirilməsi üçün ölkəmizdə də bərpasının vacibliyi məsələsinə toxunarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
Bununla belə, həmsöhbətimiz Azərbaycanda qumar biznesinin tətbiqini qəbul etmir. Bunun da səbəbini ekspert indi kölgə iqtisadiyyatında itib-batan digər alternativ mənbələrin çox olması ilə izah etdi:
"Məsələ ondadır ki, Azərbaycanda dövlət büdcəsinə daxil olmayaraq itən gəlir mənbələri kifayət qədərdir. Bu gün ölkədə qumar biznesilə məşğul olan kifayət qədər insanlar var. Ancaq bu sahə ilə qeyri leqal şəkildə məşğul olduqlarından onların heç biri büdcəyə ödəniş etmir. Onlarla bərabər Azərbaycanda büdcəyə ödəniş etməyən 100 minlərlə obyektlər var. Yəni, Azərbaycanda problem büdcə üçün gəlir mənbələrinin axtarılması və bunun üçün qumar biznesinin leqallaşdırılmasında deyil. Ölkədə başlıca problem kölgə iqtisadiyyatıdır. Kölgə iqtisadiyyatı aradan qaldırılsa, təkcə vergi və gömrük hesabınaAzərbaycanın dövlət büdcəsi 100 milyard manatdan çox olar. İndi isə cəmi 25 milyard manatdır”.
A. Nəsirlinin fikrincə, hazırda qumar biznesinin bərpası bir tələb olaraq ortalıqda deyil: "Qumar biznesinin müəyyən mənəvi zərərləri var. Azərbaycan mentalitetinə də uyğun deyil. Digər tərəfdən, Azərbaycanın dövlət büdcəsini artlrmaq üçün başqa çoxsaylı mənbələr də var. Ona görə də indilikdə qumar biznesinin leqallaşdırılması bir tələb olaraq ortada deyil. Əsas məsələ kölgə iqtisadiyyatının aradan götürülməsidir. Gürcüstanda isə qumar biznesi kimi sahələr ona görə vacibdir ki, bu ölkənin büdcəni təmin etmək üçün alternativ sahələri məhduddur. Odur ki, gürcülər Azərbaycanın imkanlarından bizə nisbətən daha çox faydalanır. 2018-ci ilin göstəricisinə görə, Gürcüstan dövlət büdcəsinin 43 faizi Azərbaycanın həyata keçirdiyi layihələr hesabına təmin edilib”.
Elçin