Büdcə xərcləri azalsa, əmək haqqı artımları baş verməyəcək - TƏHLİL

Büdcə xərcləri azalsa, əmək haqqı artımları baş verməyəcək - TƏHLİL

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın xarici və daxili gəlirlərində azalmanın baş verməsi dövlət büdcəsinin xərclər hissəsinə yenidən baxılmasını tələb edir. Prezident İlham Əliyev də yaranmış vəziyyətlə əlaqədar hökumətə dövlət büdcəsinin xərclərinə yenidən baxmaq tapşırığı verib. Aprelin 14-də İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bu məsələni hökumətin qarşısında qoyub.

 

 

Dövlət başçısının tapşırığına uyğun olaraq dövlət xərclərinə yenidən baxılacaq və prioritet təşkil etməyən xərclər ixtisar ediləcək. Bəs, dövlət büdcəsinin xərclərinin azaldılması və xərclərə nəzarətin gücləndirilməsi Azərbaycana pandemiya dövründə iqtisadi cəhətdən hansı üstünlüklər qazandıracaq?

 

 

Sfera.az bu sualın cavabını tapmağa çalışıb.

 

Dövlət büdcəsinin xərclərində ixtisara gedilməsinin məqsədi büdcə kəsirinin məbləğinin artmamasıdır. 2020-ci ildə dövlət büdcəsində 2,78 milyard manat kəsir proqnozlaşdırılıb. Gəlirlər 24,13 milyard manat, xərlər 26,9 milyard manat olduğundan bu qədər böyük büdcə kəsiri proqnozlaşdırılır. Əslində hər ilin dövlət büdcəsi proqnozlaşdırılanda gəlirlər ən aşağı ehtimal əsasında, xərclərsə ən yüksək ehtimal əsasında müəyyən edilir. Buna görə də əksər illərdə dövlət büdcəsində kəsir proqnozdan xeyli az olur. Məsələn, 2019-cu ildə 2,02 milyard manat kəsir proqnozlaşdırıldığı halda ilin yekununda cəmi 205 milyon manat təşkil etdi. Kəsirin azalması gəlirin proqnozdan çox olması və xərclərin nəzərdə tutulandan az olması ilə əlaqədar idi. Hər şey qaydasında getsəydi 2020-ci ildə də kəsir 2,78 milyard manat yox, bundan bir neçə dəfə az olacaqdı. Amma ilin birinci rübünün iqtisadi nəticələri göstərir ki, dövlət büdcəsinin gəlirlərində 24,13 milyard manatlıq proqnozu icra etmək çətin olacaq. Buna görə də kəsirin bir neçə milyard manat olmaması üçün hökmən xərclər azaldılmalıdır.

 

2020-ci ildə dövlət büdcəsinin xərclərinin 26,895 milyard manat olması nəzərdə tutulub. Birinci rübdə bunun 5,255 milyard manatlıq hissəsi və ya 19,53 faizi icra edilib. İlin ilk 3 ayında dövlət büdcəsinin xərcləri nəzərdə tutulduğu qədər icra olunub. Apreldə də büdcənin xərcləri proqnozda nəzərdə tutulduğu qədər icra olunacağı güman edilir. Mayda isə dövlət büdcəsinə yenidən baxıb, xərclər azaldılacaq. Ehtimal ki, may ayından xərclərdə azalmanı görəcəyik.

 

Bir qayda olaraq dövlət büdcəsinin xərclərinin 50 faizdən çoxu ilin ikinci yarısında həyata keçirilir. Məsələn, 2019-cu ildə dövlət büdcəsinin xərclərinin 55 faizi ilin ikinci yarısında icra olunub. Buna görə də xərclərin bundan sonra azaldılması daha önəmlidir.

 

Dövlət büdcəsində hansı xərclər ixtisar oluna bilər? Dövlət büdcəsinin xərcləri 3 hissədən - cari, əsaslı və borcla bağlı xərclərdən ibarət olur.

Cari xərclər cəmi xərclərin 64,2 faizini (17,256 milyard manat) təşkil edir. Cəmi xərclərin 29 faizi (7,81 milyard manat) əsaslı xərclərdən, 6,8 faizi dövlət borcuna xidmətlə bağlı xərclərdən (1,828 milyard manat) ibarətdir.

 

Bu 3 istiqamətdən dövlət borcuna xidmətlə bağlı xərcləri azaltmaq olmaz. Çünki bu xərclər öhdəlikdir və onlar icra olunmalıdır.

 

Digər iki istiqamət üzrə xərclərdə azaltma imkanı var. Əsaslı vəsait qoyuluşu xərclərini xeyli azaltmaq olar. Bu cür xərclərin minimuma endirilməsi Azərbaycana ciddi zərər vurmaz. Yalnız investisiya qoyuluşunun azalmasına səbəb olacaq ki, bu da iqtisadi artıma mənfi təsir edəcək. İndiki ağır vəziyyətdə iqtisadi artımın 1 il dayanması problem deyil. Əsas məsələ neft gəlirlərin azalması fonunda ölkənin maliyyə sabitliyinin təmin edilməsidir. Buna görə də 1 il müddəti üçün əsaslı xərcləri bir neçə milyard manat azaltmaq mümkündür. 2020-ci il dövlət büdcəsinin əsaslı xərclərindən xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin (əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binaları) alınmasına vəsait yönəldiləcək. Bu vəsaitlərin bəzilərini tam ixtisar etmək və ya azaltmaq olar. Buradakı xərcləri 5 milyard manata qədər azaltmaq potensialı var.

 

Cari xərclərin də azaldılması potensialı böyükdür. Amma bu istiqamət üzrə bəzi xərclər var ki, onlara toxunmaq olmaz. Bunlar sosialyönlü xərclərdir. 2020-ci il üçün dövlət büdcəsində sosialyönlü xərclərə, yəni əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinə 10,643 milyard manat məbləğində vəsaitin ayrılması proqnozlaşdırılır. Burada əməyin ödənişinə 6,72 milyard manat (2019-cu illə müqayisədə 1,958 milyard manat və ya 41,1 faiz çox) vəsaitin ayrılması nəzərdə tutulub. Əməyin ödənişinin kəskin artması ötən il əmək haqqı artımları ilə bağlı verilən qərarlarla bağlıdır. Amma onlarla bərabər 2020-ci ildə də əmək haqqı artımları planlaşdırılırdı. Bu il dövlət büdcəsinin xərcləri ixtisar edilməsi ilə əlaqədar böyük ehtimalla əmək haqqı artımları təxirə salınacaq.

 

Cari xərclərin digər hissəsini (6,6 milyard manat) sahələr üzrə dövlət təşkilatlarına ayrılan vəsaitlər təşkil edir. Məhz cari xərclərin bu hissəsini daha qənaətlə istifadə etməklə xərcləri 20-30 faiz azaltmaq mümkündür.

 

Beləliklə, əsaslı və cari xərcləri yenidən formalaşdırmaqla 2020-ci ilin dövlət büdcəsində 6-7 milyard manat vəsaitə qənaət etmək olar. Bu qədər vəsaitin qənaət edilməsi həm pandemiya ilə əlaqədar iqtisadi artıma veriləcək əlavə dəstəyi maliyyələşdirmək olar, həm də Dövlət Neft Fondundan transfertin məbləğini azaltmaq mümkündür.

 

 

 

Vasif CƏFƏROV

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR