\"Bu, milli təhlükəsizlik məsələsidir, qadağalara əməl etməliyik\" - Ramin Əhmədov

\
 "Dünyada sürətlə yayılan yeni növ koronavirusun Azərbaycanda da aşkarlanması qeyri-adi bir hal deyil. Çünki ölkəmiz  dünyanın bir parçasıdır. Planetin ən nüfuzlu dövlətləri bu virusun əsirinə çevrilib. Azərbaycan isə koronavirusla mübarizə çərçivəsində sayıq davrandı və dünyada minlərlə insanın ölümünə səbəb olan virusun ölkəmizdə nəzarətdən çıxmasının qarşısını almaq üçün mühüm qərarlar qəbul etdi. Bu gündən etibarən ölkə ərazisində xüsusi rejimin tətbiq olunması virusla mübarizə çərçivəsində atılan ən mühüm addımlardır”.

Sfera.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın Azərbaycanda elan etdiyi xüsusi rejimlə bağlı "facebook" hesabında paylaşdığı yazıda qeyd edib.

YAP rəsmisi bildirib ki, hökumətin sosial izolyasiya qərarı koronavirusla bağlı ölkəmizdə vəziyyətin gərgin olması anlamına gəlmir: "Bu qərarın əsas məqsədi virusun çox insana yoluxmasının qarşısını almaqdır. Hər bir vətəndaş Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə və Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın elan etdiyi qadağalara əməl etmək məcburiyyətindədir. Qərargahda keçirilən son mətbuat konfransında da qeyd edildi ki, xüsusi rejimin tətbiq edilməsi qabaqlayıcı tədbirdir və ölkəmizdə virusla bağlı hər şey nəzarət altındadır. Dövlətin ölkə daxilində, sərhədlərdə həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində yalnız xaricdən Azərbaycana gələn həmyerlilərimizdə bu virus aşkarlanıb. Sevindirici hal odur ki, daxildə bir-birinə yoluxma halı qeydə alınmayıb. Hazırda xüsusi rejimlə bağlı verilən qərar isə yoluxma riskini sıfra endirəcək”.

Dövlətin məqsədinin vətəndaşını qorumaq olduğunu deyən Ramin Əhmədov bildirib ki, biz birlik nümayiş etdirməliyik və bu virusa ən az itki ilə qalib gəlməliyik: "Dünyanın ən güclü dövlətləri koronavirusla mübarizədə yerində qərar vermədikləri üçün vəziyyət nəzarətdən çıxıb. Nəticədə koronavirusdan yüzlərlə insan həyatını itirib. Amma Azərbaycanda dövlət yerində verdiyi qərarlarla virusun ölkəmizdə yayılmasının qarşısını alır. Koronavirusla mübarizə çərçivəsində təhsil müəssisələrinin, mədəniyyət mərkəzlərinin bağlanması, kütləvi tədbirlərin, şənliklərin təxirə salınması və nəhayət sosial izolyasiya qərarının verilməsi ən önəmli addımlardır. Ölkəmizin koronavirusa qalib gəlmək üçün yetərli maliyyə qaynaqları, resursları və ixtisaslı mütəxəssisləri var. Prezident İlham Əliyev virusla mübarizə məqsədi ilə milyonlarla manat vəsait ayırıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla bağlı yaydığı son hesabatda ölkəmizin virusla mübarizədə sayıq davrandığı və vəziyyətin nəzarətdə olduğu qeyd edilib”.

Ramin Əhmədov qeyd edib ki, bu qadağaların, qərarların icrasında bizim də üzərimizə böyük məsuliyyət düşür: "Biz vətəndaş olaraq, hökumətin atdığı qabaqlayıcı addımlara hörmətlə yanaşmalıyıq, qadağalara əməl etməliyik, məsuliyyətsizliyə yol verməməliyik. Dövlətimiz koronavirusla mübarizəyə xüsusi həssaslıqla yanaşır, operativ qərarlar qəbul edir. Bizim isə üzərimizə düşən vəzifə dövlətin yanında olmaq, onunla birlikdə bu bəlanın üstəsindən gəlməkdir. Bu mübarizədə "mən”, "biz”, "o”, "siz” anlamı deyil, "hamı” anlamı hökmranlıq etməlidir. Dövlətin məqsədi vətəndaşını qorumaq, ən az itki ilə bu təhlükənin öhtəsindən gəlməkdir. Bu mübarizədə dövlətin, siyasi rəhbərliyin ən yaxın köməkçisi Azərbaycan vətəndaşıdır. Milli birlik göstərməliyik, xalqların milli mübarizəsinə çevrilən koronavirus bəlasından ən az itki ilə tarixə düşən xaqlar sırasına adımızı yazdırmalıyıq. Bu məsələdə ən ümdə vəzifəmiz dövlətimizin yanında olmaqdır. Unutmamalıyıq ki, söhbət milli təhlükəsizlikdən  gedir. Belə bir vəziyyətdə bizim borcumuz həmrəylik nümayiş etdirməkdir”. (missiya.az)

OXŞAR XƏBƏRLƏR