Müsahİbə

“Banklarda biznesi kreditləşdirmək üçün vəsait var ” - BANK SƏDRİ ÜRƏYİNİ BOŞALTDI

“Banklarda biznesi kreditləşdirmək üçün vəsait var ” - BANK SƏDRİ ÜRƏYİNİ BOŞALTDI

""Banklara biznes krediti üçün yeni müraciətlər çox azdır, çoxunun biznesi isə şəffaf deyil ….”


Unibank-ın İdarə Heyətinin sədri Faiq Hüseynov "Banklar biznesə kredit vermirlər” iddialarına öz münasibətini bildirib.


Marja-nın məlumatına görə, jurnalistlər ilə görüşən təcrübəli bankir biznes krediti üçün yeni müraciətlərin az olduğunu, sahibkarların və ya şirkətlərin çoxunun tələblərə cavab vermədiyini qeyd edib:


"Banklarda biznes kreditləri vermək üçün pul vəsaiti var. Bu gün bəzi banklar biznesə 10% ilə manat, 5-7%-lə dollar kreditləri təklif edirlər. Birinci biznes kreditləri üçün müraciətlər çox deyil, ikincisi kredit almaq istəyənlər girov təqdim edə bilmirlər, biznesləri şəffaf deyil, normal sənədləri yoxdur və s.


"SƏN MƏNƏ GİROVSUZ 1000 KQ ZEYTUN VERƏRSƏN?”


"Banklar mənə kredit vermirlər” deyən sahibkarları mənim yanıma göndərsinlər, mən faizsiz kredit verə bilərəm, əgər kredit almağa uyğun şirkətdirsə. Bu yaxınlarda sahibkarların və bank rəhbərlərinin iştirakı ilə keçirilən bir müzakirələrdə iştirak edirdim. Əksər sahibkarların şikayətləri Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin restrukturizasiyasının olmaması ilə bağlı idi. Sahibkarlığın İnkişafı Fondunun şərtlərində restrukturizasiya nəzərdə tutulmayıb. Sonra sahibkarlardan biri durub dedi: "1 milyon manatlıq layihəmi maliyyələşdirmək üçün özümün 500 min manatım var, 500 min manat da banklardan götürmək istəyirəm, amma girovum olmadığımdan banklar mənə kredit vermirlər”. Mənə söz verilsəydə ondan soruşardım, "Hörmətli sahibkar siz hansı məhsulu istehsal edəcəksiniz?” Tutaq ki, dedi "zeytun”. Mən də deyərdim "mənə girovsuz, borca 1000 kq zeytun verərsən?” Yəqin ki, cavabı "yox” olacaqdı”.


"NAĞD İŞLƏYİRLƏR, BANKA SƏNƏD TƏQDİM EDƏ BİLMİRLƏR”


Faiq Hüseynov əlavə etdi ki, bir çox şirkətlərdə rəsmi sənədləşmə çox aşağı səviyyədədir, əksər əməliyyatlar qeyri-rəsmi şəkildə, nağd aparılır:


"Tam şəfafflıq təmin edilməlidir. "Sədərək”, "Binə”, "Dərnəgül”də çalışan sahibkarlar tələb olunan sənədləri təqdim edə bilmirlər. Çünki nağd şəkildə işləyirlər. Bu ticarət mərkəzləri Azərbaycanın qeyri-neft sektorunun mühüm bir hissəsidir, il ərzində bir neçə milyard dollar dövriyyələr baş tutur. Gəlirlər bizdən kredit almağa, verə bilmirik. Çünki qeyri-rəsmi işləyirlər, biz onların maliyyə vəziyyətlərini təhlil edə bilmirik. Həmin sahibkarların rəsmi işləmələri təmin edilsin, biz də kredit ayırmağa baxaq”.


"BİZNES GƏLİB İSTƏMİR, BİZ DƏ NOT, İSTİQRAZ ALIRIQ”


Faiq Hüseynov bildirdi ki, bu gün Unibank-da izafi likvidlik mövcuddur:


"Banklarda, məsələn, elə bizim bankda kifayət qədər vəsait var. Amma biznes gəlib istəmir, təlabat yoxdur. Biz də faizlərimizi aşağı salıb Mərkəzi Bankın notlarını, dövlət istiqrazlarını alırıq. Bu ilin əvvəlindən Unibankın depozit portfeli cüzi azalıb, ancaq biz bundan çox narahat deyilik. Çünki cəlb etdiyimiz vəsaiti sata bilmirik. Biznes kreditləri üçün müraciət edən yeni müştərilər çox azdır. Köhnə müştərilərin çoxu devalvasiyadan sonra iflas olublar, qalanlar da biznesi genişləndirmirlər. Unibank-ın Bakıda 5 ixtisaslaşmış biznes filialı fəaliyyət göstərir. Bu filiallar heç bir pərakəndə satış etmirlər. Biznes filiallarının əməkdaşları müştəri tapmaq üçün qapı-qapı müraciət edirlər”.


"EVİ KİMƏ SATACAQSAN?!”


Unibank-ın sədri girov məsələsinə toxunaraq bildirdi ki, rayon mərkəzlərində deyil, kənd yerlərində girov məsələsi böyük problemdir: "Kənd yerində girov götürülən evi satmaq mümkün deyil. Kənddə yaşayanların çoxu bir-biri ilə ya yaxın, ya da uzaq qohum olurlar. Evi kimə satacaqsan?! Nə deyirəm, kəndlərdən girov götürülməsinin və onun satışının yolunu tapsınlar”.


"MƏHKƏMƏ QƏRARLARI ZƏİF İCRA EDİLİRSƏ, MƏN NECƏ RİSK QƏBUL EDİM?”


Faiq Hüseynov bankların qarşılaşdığı çətinliklərdən birinin girovun müsadirəsi və satışı ilə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə, kreditlər qayıtmayan zaman həmin kreditlərə görə qəbul edilmiş girovların kreditgötürənin əlindən alınması zəif icra edilir: "Bu gün İcra xidməti məhkəmə qərarlarını vaxtında icra etmədikdən sonra, mən əmlakı girov olaraq necə qəbul edim?! Mən o riski üzərimə götürsəm, sabah kredit qayıtmasa və əmlakı da onun əlindən ala bilməsəm, bankın kapitalı azalacaqdır. Çünki bank qayıtmayan kreditə görə öz gəlirləri və ya kapitalı hesabına ehtiyat yaradır. Kreditlər qayıtmadıqda yaradılan ehtiyata görə bank zərər ilə işləyir və kapitalı da azalır”.


"HƏRRACLAR TƏKMİLLƏŞDİRİLMƏLİDİR”


Unibankın İdarə Heyətinin sədri hərracların fəaliyyətindən də razı deyil, bu xidmət üzrə tariflərin tənzimlənməsinə ehtiyac olduğunu hesab edir:


"Bu sahədə təkmilləşməyə ciddi ehtiyac var ”.


"BAŞ AÇA BİLMİRƏM”


Faiq Hüseynov bildirdi ki, bu gün artan istehlak kreditləri biznes kreditlərinin canlanmasına səbəb olmur: "Nəzəriyyəyə görə, əhali aldığı kreditləri xərcləyirsə mağazaların satışları artmalıdır. Dolayı yolla bizneslərin satışları artdığından əlavə malların alınması və ya istehsal olunması üçün vəsaitə ehtiyacları yaranmalı və bu ehtiyacın ödənilməsi üçün banklara müraciət olunmalıdır. Biz əhaliyə istehlak kreditləri ayırsaq da, biznesin yeni kreditlər üçün müraciətləri çox azdır. Əhali istehlak krediti alırsa ələ pul keçir, onlar mağazaya, restorana getməlidirlər. Ancaq bu gün alıcılıq qabiliyyətinin aşağı olduğunu müşahidə edirik. Baş aça bilmirəm, biz əhaliyə pul veririkə, niyə biznesin yeni kreditlərə təlabatı yoxdur? Əhali aldığı kreditləri hara yönəldir? Ehtimal ki, ya borclarını bağlayırlar, ya da idxal olunan malların satışının artması vasitəsilə xaricə gedir”.


"PORTFELİN 40%-İ BİZNES KREDİTLƏRİDİR”


Faiq Hüseynov bildirdi ki, hazırda Unibank-ın kredit portfelinin 51%-ni istehlak, 40%-ni biznes, 9%-ni ipoteka kreditləri təşkil edir: "Biznes kreditlərinin xüsusi çəkisinin 40% olması kiçik nisbət deyil”.


Unibank-ın sədrinin sözlərinə görə, milyardlarla manat dövriyyə bank sektorundan kənardadır, əgər həmin dövriyyələr rəsmiləşərsə banklarda kredit faizləri də aşağı düşəcəkdir.


Faiq Hüseynov əlavə etdi ki, vəzəiyyətdən çıxış yolu iqtisadi islahatları sürətləndirməkdir. Sədrin fikrincə, bu islahatlar son illərdə xeyli sürətlənib və bank sektoru bu prosesi nikbinliklə izləyir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930