“Bank VTB Azərbaycan” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” bu ilin 9 ayını mənfəətlə başa vurub
 

"Bank VTB Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 6,363 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 250,847 milyon manat zərərlə çıxmışdı.

Sfera.az  xəbər verir ki, 9 ay ərzində "Bank VTB Azərbaycan”ın gəlirləri 9,507 milyon manat (illik müqayisədə 22,7 dəfə çox), xərcləri 13,757 milyon manat (31,6% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 10,613 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Bank VTB Azərbaycan”ın aktivləri 151,22 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,7% çoxdur. Bunun 50,68 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,6% kiçilib.

Hesabat dövründə "Bank VTB Azərbaycan”ın öhdəlikləri demək olar ki, dəyişməyərək 89,594 milyon manat, o cümlədən depozit portfeli 27,5% artaraq 63,276 milyon manat, balans kapitalı isə 12,5% artaraq 61,626 milyon manat təşkil edib.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.


OXŞAR XƏBƏRLƏR