\"Bacarıqlar diplomdan daha vacibdir\" - Yusif Alı Afşar

\
 

Bu gün qonaq otağında Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alı Afşardır.


İlk öncə bundan sual verim ki, siz jurnalist fəaliyyətinizdə Yusif Alı Afşar imzası ilə yazılar yazırsız. Niyə məhz Afşar imzası ?

 

-Öncə onu qeyd edim ki, mən ixtisasca fizik olsam da uşaqlıqdan ədəbiyyata, tarixə, siyasətə meylli insan olmuşam. Mərhum atam, müəllimim İmrayıl Alıyev Qazax mahalında yaşayan insanların soy-kök şəcərəsini, tarixini dərindən bilən bir insan idi. Atam bizim məxsus olduğumuz soyun Əfşarların İmirli (Əmirli) qoluna aid olduğunu iddia edirdi. O, məxsus olduğumuz soy-kökü araşdırıb şəcərəmizin qrafikasını hazırlamışdı. Orada bizim yeddi arxadan dönən babamızın Əfşaroğlu Qarakişi olduğunu qeyd etmişdi. Əfşar sözünün etmiologiyasının "ov həvəskarı" demək olduğu məlumdur. Həmçinin bizim soya da el arasında "Atıcısılı" (sərrast atan, vuran) deyilir. Hardasa bu adın da "Əfşar" etmiologiyası ilə yaxın olduğu görünür. Ona görə də həmişə özümə "Afşar" soyadı götürmək istəmişəm. 2007-ci ildə dəyərli qardaşım Akif Aşərlənın baş redaktor olduğu "Şərq" qəzetində işləməyə başladım. Qəzetdə yazılarım çıxdıqca imza yerinə sevinərək "Yusif Afşar" yazırdım. Beləliklə mətbuatda Yusif Afşar imzası ilə tanınmağa başladım. Elə bilirdim ki, bu imza ilə yazanda atamın ruhunu daha çox şad edirəm. Təbii ki, bir övlad düçüncəsidir bu. Yəni mənim imzamda bu soyadı götürməyimin səbəbi belə olub.


Doğulduğunuz yer olan Qazağı Azərbaycanın təhsil ocağı, təhsil mərkəzi sayırlar. Bu fikirlə razısızmı?


-Mən doğma bütöv Azərbaycanımızın hər bir güşəsini eyni sevgi ilə sevirəm, həmçinin hər bir bölgəni də özünün müsbət xüsusiyyətləri ilə sevirəm. Qazax mahalənın da özünəməxsus gözəl xüsusiyyətləri vardır. Qazax həqiqətən də tarixən təfəkkür mərkəzi, təhsilin yüksək göstəriciləri olduğu məkan kimi tanınıb. Buna Qori Müəllimlər seminariyası, Tiflis kadet məktəbi, Qazax Müəllimlər Seminariyası daha böyük təsir etmişdir. Bu kənardan da belə görsənir, məncə.

Bir çox şair, yazıçı, ziyalı Qazax elindən çıxıb. Bunun sirrini nədə görürsünüz?


-Havasında, suyunda, torpağında. Qazağın kəndələrində elə nənələr, babalar var ki, bəlkə də bu gün tanınan ən məşhur şairdən daha dərin şeiriyyat duyumuna, yaddaşa malikdir. Məsələn, elə təkcə İncə dərəsini götürsək burada söylənən, adına "qım-qımı" deyilən elə folklor nümunələri var ki, onu məqsədli şəkildə düşünüb yaratmaq olmaz. Molla Pənah Vaqifdən, Molla Vəli Vidadidən, Abbas ağa Naİrdən, Şəmşi bəy Şəladan, Mehtixan ağa Kühənsaldan, Səməd Vurğundan, Osman Sarıvəllidən, Mehdi Hüseyndən, Mirvarid Dilbazidən, İsmayıl Şıxlıdan, İsa Muğannadan sonra da bu mahalda yeni-yeni istedadlar yaşayıb, yaratdılar.


Gənc yaşda ali təhsil almaq üçün Bakıdan xeyli uzaq bölgədən paytaxta gəldiz. Bunun hansı çətinlikləri ilə üzləşdiz?


-Əlbəttə ki, hər bir insan üçün həyatda irəli getmək ən böyük arzudur. Atam həm də bizim məktəbdə müəllimimiz olduğundan daim bizim dərsimizlə, təhsilimizlə tam maraqlana bilib. Orta məktəb illərində olduqca böyük çətinliklərim olub. Müharibə vaxtı sərhəd rayonunda yaşamağın necə çətin olduğunu yəqin ki təsəvvür edirsiz. Hər gün atəş səsləri, atışma, şəhid, yaralı, ölkənin gərgin siyasi durumu, sosial-iqtisadi problemlər... təsəvvür edirsizmi bu şəraitdə təhsil almağın ağırlığını? Bundan başqa ailəmizin dolanışığı üçün biz də atamıza kömək edirdik. Mal-qara saxlayırdıq. Həyətyanı sahəmizdə bostan bitkiləri əkirdik. Məktəbdə müəllimlərimiz də tələbkar idi. Mən müəllimlərimə ömür boyu borcluyam. Əsasən də riyaziyyat və fizika müəllimim Məmmədhəsən Vəkilova hər zaman minnətdaram ki, o çətin illərdə təmənnasız olaraq məni və onlarca şagirdi ali məktəbə hazırlayırdı.

Hər gün gərgin fiziki və mənəvi yorğunluqlardan sonra gecələr neft lampasının işığında atamızla birgə oturub dərslərimizi hazırlayırdıq. Vallah indiki gənclər həqiqətən də dünyanın xoşbəxt insanlarıdırlar. Çox şükür, hər cür imkan və şəraitə malikdirlər. 1996-cı ildə mən imtahan verib Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. Mənimlə eyni ildə bacım da Gəncə Dövlət Universitetinə daxil olduğundan üzləşdiyim çətinlikləri təsəvvür etmək olar. Paytaxt Bakıda yaşamaq çox çətin gəlsə də yaxşı adamların köməkliyi ilə bir çox yüklərdən azad oldum. Bakı Dövlət Universitetinin 5 nömrəli yataqxanasının komendantı bu gün həyatda yaxın dost, qardaş olduğum Sadiq Qurbanovun sayəsində həmin yataqxanada məskunlaşdım. Otaq yoldaşım özümdən 10 yaş böyük olan jurnalistika fakültəsinin tələbəsi Sarvan Bəhluloğlu idi. Ümumiyyətlə, tələbəçilik üçün yataqxana əvəzedilməz məkandır.


Sizcə o dönəmdə bölgələrdən şəhərə üz tutan tələbələr üçün yaradılan şərait yaxşı idi ya indi?


-Ümumiyyətlə, o dövrdə şəhərə üz tutan tələbələr üçün yaxşı şəraitin yaradılmasından söhbət gedə bilməzdi. Bəzimiz yataqxanada yer tapardıq. Bəzilərimizə isə yer olmazdı. Mənfur ermənilərin apardıqları işğal nəticəsində bizim milyondan artıq soydaşımız qaçıqn və məcburi köçkün həyatı yaşamağa məcbr oldu.Onların bir çoxu Bakıda yerləşən universitetlərin yataqxanasında məskunlaşdılar. Bu da tələbələrin həyatını bir az da ağırlaşdırdı. O vaxt tələbələr şəraitsiz kirayə evlərdə yaşayırdılar. Bir çoxumuz buna görə həm oxuyub həm işləyirdik. Bu gün tələbələr üçün müxtəlif təqaüdlər kəsilib, gənclərə dəstək məqsədi ilə fondlar yaradılıb. Bunları göz önünə gətirdikdə deyə bilərəm ki, bizim tələbəlik vaxtımızla indi bir-birindən müqayisəyə gəlməz qədər fərqlənir. Ən yaxşı halda biz o vaxt Türkiyədə təhsil almaq haqqında düşünürdük və bizim maliyyə sıxıntılarımız daha çox idi. İnformasiyamız çox az idi. Bu gün gəncimiz istədiyi əcnəbi ölkənin universitetində təhsil ala bilər, buna maliyyə şərtləri də imkan verir.

 

Siz daim təhsilin içindəsiniz. Və bu gün Pedaqoji Universitetin Quba filialının rektorusunuz. O dövrün tələbələri oxumağa daha ac idilər ya indi?


-Hər dövrün öz tələbələri və gəncliyi olur. O dövrün tələbələri parametrlərinə görə müqayisə edildikdə indiki tələbələrdən fərqlənirdi. O dövrün gənclərinin informasiya əldə etmək imkanı çox az idi. Ancaq biz həm universitet kitabxanasında, Axundov adına kitabxanada çox vaxt keçirərdik. İndiki tələbələr isə informasiyanı ani şəkildə əldə etmək istəyirlər və edirlər də. Yəni bu gün kitabxanada vaxt keçirən tələbə çox azdı. O dövrün tələbələri oxumağa ac idilər desəm daha yaxşı çıxar. Mən Bakıda Azərbaycan Pedaqoji Universitetində dərs demişəm və Universitetin Quba fililalında da uşaqlara mühazirələr deyirəm, həmişə auditoriyalarda oluram, belə qənaətə gəlirəm ki, Qubada təhsil alan tələbələr müəllimlərdən, kitablardan daha çox elm öyrənməyə çalışırlar nə inki Bakıdakı tələbələr. Bu da hesab edirəm ki, bölgənin bir üstünlüyüdür . Bu gün istər Pedaqoji Universitetdə, istərsə də filialda tələbələrin istənilən məlumatı əldə etmələri üçün bütün şərait var. Həmçinin bizim yataqxana kompleksimizdə də kiçik bir kitabxana düzəldilib. Bunların hamısı tələbələrin kitaba olan marağından irəli gəlir. Bu gün tələbələr daha konkret ixtisaslara meeyl edirlər. Dediyim odur ki, indiki tələbələr daha asan yol axtarıb tapmağa çalışırlar.

 

Toplum sözün əsl mənasında savadlı insan yetişdirə bilirmi?


-Bu gün Azərbaycanda əhalinin demək olar ki, 98 faizi savadlı sayılır. Bunu da cəmiyyət yetişdirib. Cəmiyyətin də böyük bir hissəsini müəllimlər, təhsil işçiləri təşkil ediirlər. Yəni buna toplumun məhsulu kimi baxa bilərik. Bu gün qloballaşan dünyada aldığım orta təhsil hətta bakalavr, subbakalavr təhsili də bizə yetmir. Biz də dünyanın bir hisəsi olduğumuz üçün bundan kənar qala bilmərik.Bu gün insanlar cəmiyyətdə iş tapmaq üçün aldığı savaddan da çox məhz bacarığına arxalanr. Və iş axtaranda bacarığına əsasən iş axtarır. Buna görə də gənclər diplomla bərabər öz bacarıq və qabiliyyətlərini də artırmalıdırlar. Toplum sözün əsl mənasında savadlı insan yetişdirə bilir. Çünki toplumun bütün təbəqəsindən çıxan savadlı insanlar bu gün ölkəmizdə müxtəlif vəzifə və mövqelərdə təmsil olunurlar və cəmiyyətdə özlərinə yer tutublar.

 

Siz savadlı olmağı nədə görürsünüz? Savadlı olmaq üçün ali təhsil almaq mütləqdirmi?


-Savad özü də artıq nisbi məhfum kimi başa düşülür. 50-60 il öncə savad yazıb oxumaq və ya hansısa əcnəbi dili bilmək sayılırdısa, bu gün bu anlayış başqa bir anlamda qavranılır və bir az bu sözün əhatə dairəsi, mənası genişlənib. Savadlı insan dedikdə onun, bilik, bacarıq, dünyagörüşü, əcnəbi dil bilməyi, etik davranışı, mədəniyyəti, təhlil qabiliyyəti, məsələlərə yanaşma bacarığı və bir çox ağırlıq dərəcələri daxildir. Savad hər bir insanın öz qabiliyyət və dünyagörüşünü inkişaf etdirmək üçün bir vasitədir. Bu gün məncə savadlı olmaq üçün ali təhsil heç də vacb deyil. Sadəcə ali təhsil savadı bir məqama yetişdirmək üçün vasitədir. Bacarığın varsa əlimizdə bütün imkanlar əlyetəndir.

 

O düzdür ki ali məktəb insana yalnız diplom verir, insan əsl savadını isə orta məktəbdə olarkən alır? Bu fikirlə nə dərəcədə razısınızmı?


-Bu fikirlə tam razılaşa da bilmərəm, təkzib də edə bilmərəm. Ümumiyyətlə, insana savadı həyat verir. İnsan ehtiyac duyduğunu, bacardığını öyrənir. Hər kəs istəyər ki, öz-özlüyündə bütün elmlərdən məlumatlı olsun. Ancaq bütün insanlar buna çata bilməz. İnsan həyatda hər şeyə təhsil ilə nail ola bilər. Orta məktəbdə bütün fənlər, həyatda bizə lazımlı bütün elmlər tədris olunur. Orta məktəbi yüksək nəticələrlə öyrənən adam həyatda istədiyi yerə ali təhsil almasa da yetişə bilər. Orta məktəb həyat məktəbidir. Ali məktəb isə sırf hansısa ixtisasın mütəxəssislərini yetişdirir. Ona görə bu iki təhsil ocağını müqayisə edərkən müəyyən nüanslara varmaq lazımdır. Ali məktəb insana yalnız diplom vermir. O insana böyük həyat təcrübəsi qazandırır.

 

Bu gün Azərbaycan təhsil sistemində, ali məktəblərə qəbulun qaydalarının dəyişdirilməsi və digər sahələrdə çox sürətlə dəyişikliklər gedir. Sizin buna münasibətiniz necədir?


-Məncə bu dəyişikliklər zərurətdən doğur və təhsil strategitayasına uyğun olaraq belə bir dəyişikliklərə gedilir. Mən bu yaxınlarda Moldovada elmi konfransda iştirak edərkən orada əcnəbi təhsil işçilərinin təhsilimizdə aparılan dəyişiklikləri maraqla qarşıladıqlarının şahid oldum. Məncə bu dəyişikliklər sürətlə getsə də, mən bütün bunlarda bir paralellik görürəm. Bu sürətli dəyişikliklər bizi qorxutmamalıdır. Yeni gələn nəsil bu dəyişikliyə hazır bir nəsildir. Təhsildə nəyəsə nail olmaq istəyiriksə onda biz sürətlə getməliyik. Bu gün Pedaqoji Universitet Amerikanın Corc Vaşinqton Universiteti ilə ikili diplom layihəsi ilə bağlı müqaviləsi var. Düşünürəm ki, bu Azərbaycan təhsilində atılmış mütərəqqi addımdır. Bütün bunlardan isə cəmiyyətimiz, ölkəmiz, hətta dünya da bəhrəsini görəcək.

 

Elmi, pedaqoji və jurnalistik fəaliyyət ilə məşğulsunuz. Özünüzü daha çox kim kimi görürsünüz? Elmi işçi, müəllim ya jurnalist?


-Peşə etibarı ilə jurnalist olmasam da müəyyən dövrlərdə jurnalist kimi fəaliyyət göstərmişəm. Ancaq heç bir halda elmi, pedaqoji və jurnalistlik fəaliyətim bir-birinə əngəl olmayıb, deyərdim ki, hətta bir-birlərini tamamlayıblar. Bu gün hanısa bir elmi məqalə yazarkən jurnalistlik faəliyyətimdəki təcrübəm köməyimə gəlir. Pedaqoq isə həm jurnalist olmalıdı, həm alim olmalıdır, elmin dərinliklərini bilməlidir. Mən özümü daha çox müəllim kimi görürəm. Çünki peşəm müəllimlik peşəsidir.

 

Siz istər sayt, istərsə də qəzet jurnalistikasında çalışmısınız. Jurnalistikanın bu iki qolu arasında hansı oxşarlıq və fərqliliklər görürsünüz?


-Mən daha çox qəzet jurnalistikasına önəm vermişəm. Qəzet jurnalistikasında daha çox məsuliyyət var, daha çox sanbal var, daha çox ağıılıq, çəki var. Qəzetdə çox ciddi korrektura işi var. Qəzet jurnalistikasında yazılanlar itmir. Və bu gələcəkdə də tədqiqatçıları gözləyir. Elektron mediada isə xəbərlərin daha sürətlə verilmə, çatdırılma tələskənliyi səbəbindən yanlışlara daha çox, daha tez-tez rast gəlinə bilir ki, bu da onu qəzet jurnalistikasından bir qədər geri atan səbəbdir. Mən daha çox qəzet jurnalistikasına üstünlük verirəm.

 

 ( "168 saat" qəzeti)

 

Söhbətləşdi: Səbuhi Allahverdizadə


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir”

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...