Azərbaycanın Türkiyə və İsraillə bağlı arzusu reallaşacaqmı? - ŞƏRH
19:00 / 10.05.2021
2582
"Türkiyə-İsrail-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılacağını zənn etmirəm”.
Bu sözləri Sfera.az-a açıqlamasında Bakının vasitəçiliyilə Ankara ilə Təl-Əviv arasında münasibətlər normallaşdığı təqdirdə, Türkiyə-İsrail-Azərbaycan üçtərəfli əməkdaşlığın yaranması perspektivinə toxunarkən, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
"Prinsipcə iki ölkə arasında münasibətlərin normallaşması üçün Bakı öz rolunu təklif edib. Prezidentin köməkçisi Hikmət Hacıyev də deyib ki, İsrail bizim dostumuzdur. Türkiyə isə əsas strateji müttəfiqimizdir və biz iki dostumuz arasında münasibətlərin gərgin qalmasını istəmirik. Hətta istəsələr, Azərbaycanın vasitəçiliyilə Bakıda görüşlər də təşkil oluna bilər. Bu barədə zaman-zaman xəbərlər yayılır. Azərbaycan bu iki dövlət arasında düşmənçiliyin olmasını istəmir”.
Həmsöhbətimiz qeyd etdi ki, bəzi hallarda Azərbaycanın istəyindən asılı olmayaraq, İsraillə Türkiyə arasında zaman-zaman problemlər ortaya çıxır:
"Bir neçə gün öncə İsraildə məsciddə xoşagəlməz hadisə baş verdi və buna görə Türkiyədən Təl-Əvivin ünvanına sərt açıqlamalar səsləndi. Ortada bunlar varsa, dialoq qurmaq sözsüz ki, çətin olacaq. Hər halda, Ankara ilə Təl-Əviv arasında siyasi müstəvidə gərginliyin yaşanmasına rəğmən, iqtisadi əlaqələr yüksək səviyyədədir. İsraildən Türkiyəyə gedən turistlərin sayı da hər zaman olduğu kimi yüksək olaraq qalır. Bu da onu göstərir ki, iki ölkə arasında siyasi dialoqun başlanması mümkündür. Azərbaycan da bunu arzu edir”.
Lakin buna rəğmən politoloq Türkiyə-İsrail-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaranacağını zənn etmir:
"Bunun baş verməsi üçün ən azından ilk növbədə İsraillə Türkiyənin barışması zəruridir. Bundan sonra həmin məsələni gündəmə gətirmək olar. Məsələnin həlli Azərbaycandan asılı deyil”.
Rüfət SULTAN
Sfera.az