Azərbaycanın təhsil nazirləri - SİYAHI

Cəmiyyət
00:52 / 06.12.2017
7675
Prezident İlham Əliyev Mikayıl Mikayıl Çingiz oğlu Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Xəbər verdiyimiz kimi, dövlət başçısının digər sərəncamı ilə M.Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib.
Hazırda isə təhsil naziri postuna təyinat yoxdur.
Bəs bu vaxta qədər Azərbaycanın təhsil nazirləri kimlər olub?
A24.Az həmin şəxsləri təqdim edir:
1) Ağa İsmayıl oğlu Sultanov (1901-1936) — Azərbaycanın təhsil naziri (1931 — 1933)
Güzəranın ağırlığına görə ibtidai təhsildən sonra dəmirçi yanında şagird kimi sənət öyrənməyə başlayıb. 1917-ci ildə inqilabi hərəkata qoşulub, 1919-cu ildə bolşevik partiyası sıralarına qəbul edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor (indiki Şəmkir) qəza inqilab komitələrinin sədri (1920-1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb. 1931-ci ildə Ağa Sultanov Azərbaycan Sovet Sosialist Respublikasının xalq maarifi komissarı təyin edilib. Bu dövr respublika tarixində çox mürəkkəb bir dövr idi. Ümumtəhsil məktəblərinin sayı artırılmalı, pedaqoji kadr hazırlığı kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılmalı, elmi-metodik təminat istiqamətində köklü işlər görülməli idi. Sələflərinin başladıqları işi davam etdirməklə yanaşı, Ağa Sultanov yeni uğurlar naminə Xalq Maarifi Komissarlığı əməkdaşlarının imkanlarını səfərbərliyə almış, məktəb tikintisi, tədris ocaqlarının maddi-texniki təchizat sahələrində nailiyyətlər qazanılmasına çalışmışdır. 1933-cü ildə Gürcüstana göndərilib, Axalsix rayon Partiya Komitəsinin katibi vəzifəsində çalışıb. Gürcüstan K(b)P MK və UİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub, Gürcüstan SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. Ağa Sultanov 1936-cı ildə dünyasını dəyişib.
2) Abbasbəyli Ağalar Nəriman (d. 31 dekabr 1942, Bakı, Azərbaycan SSR) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor.
Ağalar Abbasbəyli 1942-ci il dekabrın 31-də Bakı şəhərində dünyaya gəlib. 1958-ci ildə orta məktəbi bitirib. M.V.Lomonosov adına MDU-nun tələbəsi, aspirantı, stajoru və doktorantı olub. Tarix elmləri doktoru elmi dərəcəsi və iki istiqamət üzrə elmi adı var: tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor. 500-dək elmi əsərin müəllifidir. Bunlardan 50-si monoqrafiya və dərsliklərdir. Elmi-pedaqoji fəaliyyət dövründə 25 alim – elmlər namizədi və elmlər doktoru hazırlyıb, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, "Beynəlxalq münasibətlər” ixtisası üzrə 50 nəfər magistrın ərsəyə gəlməsində mühüm rol oynayıb. 100-dən yuxarı elmi-nəzəri konfransda, o cümlədən xarici ölkədə keçirilən 30 konfransda iştirak edib. Müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Beynəlxalq əlaqələr” kafedrasının yaradıcısı və müdiri olub, müxtəlif dövlət və partiya vəzifələrində çalışıb, xarici ölkələrdə Sovet səfirliyində müşavir, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və AR Sülh Fondunun sədri olub, Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan Respublikasının Təhsil Naziri, Azərbaycan KP Təşviqat Komissiyasının sədr müavini və sədr əvəzi, MSK-nın üzvü və s. vəzifələrdə işləyib. Uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında AAK Dissertasiya Şurasının üzvü, dəfələrlə Birdəfəlik Elmi Müdafiyə Şuraların sədri olub, beş elmi jurnalın redaksiya heyətinin, BDU-nun Elmi Şurasının və AMEA – İnsan Hüquqları İnstitutunun üzvüdür. 1991-ci ildən bu günə kimi BDU-nun "Beynəlxalq münasibətlər” kafedrasına rəhbərlik edir. Rus, ingilis, portuqal, serb və ispan dillərindən sərbəst danışır. "Heydər Əliyev və dünya siyasəti”, "Azərbaycan mənim ürəyimdir” (Heydər Əliyevin siyasi tərcümeyi-halından səhifələr), "Azərbaycanın gələcəyi naminə”, "Azərbaycan müasir dövrdə”, "Azərbaycan beynəlxalq və regional təşkilatlar sistemində”, "XXI əsrin astanasında Rusiyanın Qafqaz siyasəti”, "XXI əsrdə Rusiya Federasiyasının xarici siyasəti”, "XXI əsrin geostrategiyası”, "Qloballaşma və müasir beynəlxalq münasibətlər sistemi”, "Qafqaz müasir geostrategiyada”, "Konfliktologiya”, "Beynəlxalq münaqişələr: nəzəri və konseptual yanaşmalar”, "Beynəlxalq münasibətlərin proqnozlaşdırılması nəzəriyyəsinin bəzi problemləri”, "Diplomatik protokol”, "Diplomatiya terminləri lüğəti” və s. əsərlərin müəllifidir.
3) Dadaş Xoca oğlu Bünyadzadə (d. 1888, Fatmayı, Bakı qəzası – ö. 1938, Bakı) — Azərbaycan SSR-in görkəmli dövlət xadimi, 1930-1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sovetinin sədri.
1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar (azərbaycanlı) məktəbində oxumuşdur. Ailəsinin ağır vəziyyəti Dadaş Bünyadzadəni təhsilini davam etdirməyə imkan vermir. O, kiçik yaşlarından əmək fəaliyyətinə başlamışdır. O, bir müddət Bakı daş karxanalarının birində arabaçı işləmişdir. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, 1905-1908-ci illərdə isə dəmirçixanada şagird, çəkicvuran işləmişdir. O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlamışdır. O, fəhləlik etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu. 1907-ci ildə "Nicat” cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirmişdir. O, həyatının bu dövrü haqqında öz tərcümeyi-halında belə yazmışdı: "Səhərdən gündüz saat 3-dək mən çəkicvuran fəhlə sifətilə işləyirdim, gündüz saat 4-dən axşam saat 7-dək axşam kursunda oxuyur, axşam 8-dən sonra isə axşam kursunda rus dilini öyrənirdim”. Kursu bitirən D.Bünyadzadə dəmirçi fəhlə işləməklə yanaşı axşam kurslarında türk dilindən dərs verir, türk dilli qəzetlərlə əməkdaşlıq edirdi. O, İranda şah zülmünə qarşı çıxmış inqilabçılara kömək etmək üçün 1908-1909-cu illərdə partiya təşkilatının tapşırığı ilə "Yeni həyat” qəzetinin müxbiri kimi bu ölkədə fəaliyyət göstərmişdir. 1909-cu ildə D.Bünyadzadə İrandan qayıtsa da, Bakıya gələ bilmir, onu Tiflisdə həbs edirlər. Onun İrandakı inqilabi fəaliyyəti jandarm idarəsinə məlum idi. Dadaş Bünyadzadə həbs edilməsi haqqında sonralar yazırdı: "1909-cu ildə Tiflis jandarm polkovniki qarşısında bir cavan inqilabçı sosial-demokrat sifətilə durarkən, polkovnik məndən yoldaşlarımı və onların adlarını söyləməyi soruşdu. O, məni bir neçə dəfə öz hüzuruna apartdırıb gətirəndən sonra mənə dedi: "Hər nə istəsən verərik, söylə görək siz nə istəyirsiniz və yoldaşlarınız haradadır?” Mən hətta fikir etməyərək sakitcə, lakin dərhal polkovnikə dedim: "Cənab polkovnik, mənim istəyim odur ki, bir də sizin üzünüzü görməyim”. Polkovnik qəzəbləndi və həbsxanaya göndərilməyimi əmr etdi”. Üç ay sonra o həbsxanadan azad olaraq Bakıya gəlir. 1909-1911-ci illərdə D.Bünyadzadə müxtəlif qəzetlərdə işləmiş və "Bakı həyatı” qəzetini redaktə etmişdir. O, 1911-ci ilin axırlarında Bakıda bir neçə qəzet redaktoru ilə birlikdə həbs olunub Türküstana sürgün edilir. 1912-ci ildə sürgün vaxtı amnistiyaya düşən D.Bünyadzadə Bakıya qayıdır. Lakin Bakıda ondan qəzetlərdə işləməmək haqqında dilindən kağız alınır. 1912-1916-cı illərdə Bakı daş karxanalarının birində işləsə də, qəzetlərdə başqa imzalarla məqalələr dərc etdirir. Eyni zamanda fəhlə kooperativləri və "Şəfa” cəmiyyəti təşkil etmişdir. 1917-ci il Fevral inqilabından sonra D. Bünyadzadə tamamilə Hümmət partiyasına işləməyə keçir. O, N.Nərimanovun sədrlik etdiyi Hümmət təşkilatının katibi seçilmiş və eyni zamanda Bakı Sovetinin üzvü, Bakı qəzası üzrə müvəkkil və ərzaq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə Bakı zəhmətkeşlərinin arasında inqilabi təbliğat və təşviqatla yanaşı, şəhərin taxıl və başqa ərzaq məhsulları ilə təmin olunması işində ciddi tədbirlər görmüşdür. D.Bünyadzadə 1917-ci ilin dekabrında Bakıda keçirilən Qafqaz sosialistlərinin qurultayı nümayəndələrinə müraciət edərək "Hümmət” qəzetində yazırdı: "Bu gün qurultayda iştirak edən sosialist yoldaşlara üz çevirib cəsarətlə deyirəm: bu gün bizə təşkilat lazımdır. Bizə vahid bir qüvvət lazımdır ki, üç yüz illik romanovlar taxt-tacını parçalayan kimi, mənhus burjuaziya planı da cəmaətin boğazından açılsın, torpaqlar kəndlilərə verilsin, hökumət, fəhlə, əsgər və kəndlilər əlinə keçsin”. 1918-ci ilin iyulunda Bakıda sovet hakimiyyəti yıxıldıqdan sonra D.Bünyadzadə bir sıra inqilabçılarla birlikdə Həştərxana gedir. O, Həştərxan quberniya komitəsinin tatar vilayət komitəsinin, Müsəlman Komissarlığının üzvü, mətbuatkomissarı olmuş və tatar dilində "Tartış” ("Mübarizə”) qəzetini redaktə etmişdir. D.Bünyadzadə bu zaman Həştərxanda təşkil edilmiş Zaqafqaziya müsəlmanları işləri komissarlığının sədri olmuşdur. 1918-ci ilin payızında Moskvaya çağırılan D.Bünyadzadə mərkəzə Azərbaycan haqqında məlumat verir. 1918-ci il noyabrında Moskvada Ümumrusiya müsəlman kommunistləri qurultayı çağırılmışdır. Qurultayda Moskva, Petroqrad, Nijni-Novqorod, Penza, Saratov, Samara, Həştərxan və s. yerlərdən 46 nümayəndə, həmçinin Azərbaycandan D.Bünyadzadə və B.Sərdarov iştirak etmişdir. Qurultayda D.Bünyadzadə iki dəfə məruzə etmişdir: 1) Şərqdə inqilab haqqında; 2) Azərbaycanda siyasi vəziyyət. O, bu məruzələrdə Şərqdə, o cümlədən Azərbaycanda beynəlxalq vəziyyət haqqında qurultay nümayəndələrinə geniş məlumat vermişdir. Qurultayın D.Bünyadzadənin məruzəsi üzrə qəbul etdiyi qətnamədə göstərilir: "Beynəlxalq siyasətlə RK(b)P müsəlman təşkilatları MK ilə eyni taktikaya əməl edir”. Şərq xalqları arasında təşviqat-təbliğat işini gücləndirmək məqsədilə qurultay beynəlxalq təbliğat şöbəsi təşkil etməyi məqsədəuyğun saydı. Qurultay RK(b)P Müsəlman Təşkilatlarının Mərkəzi Bürosunu seçdi. D.Bünyadzadə büro üzvlüyünə namizəd seçildi. D.Bünyadzadə RK(b)P MK göstərişi ilə 1919-cu ilin iyulunda bir neçə inqilabçı ilə Zaqafqaziyada gizli partiya işi aparmaq üçün Həştərxandan gəmi ilə Bakıya gəlir. Burada o, polis tərəfindən həbs edilir. Lakin Bakı fəhlələrinin tələbi ilə tezliklə azad olunur və yenidən inqilabi mübarizəyə qoşulur. O, bu dövrdə Bakı Fəhlə Konfransı sədrinin müavini, Həmkarlar İttifaqı Komitəsinin üzvü kimi fəhlə və kəndlilər arasında təbliğati-təşviqati iş aparmışdır. 1919-cu il sentyabrın 25-də Qazax şəhərində Qazax qəzası kəndlilərinin qurultayı çağırılmışdır. Qurultayda Bakı Komitəsinin və Hümmət təşkilatının göstərişi ilə Ə.Qarayev, A.Yusifzadə və b. görkəmli inqilabçılarla yanaşı D.Bünyadzadə də iştirak etmişdir. Qurultayda çıxış edən D.Bünyadzadə AXC hökumətinin apardığı siyasəti tənqid edərək nümayəndələrə müraciətlə demişdir: "Hökumət də, parlament də sizi aldadır, bunlardan siz gün gözləyə bilməzsiniz. Bunlar sizi fəlakətə aparır”. D.Bünyadzadə Azərbaycan KP təşkilatçılarından və yaradıcılarından biri olmuşdur. 1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycanda fəaliyyət göstərən kommunist təşkilatların (RK(b)P Bakı komitəsi, Hümmət, Ədalət) I qurultayı qeyrileqal şəraitdə çağırılmışdır. D.Bünyadzadə qurultayda fəal iştirak etmiş və təşkilat məsələsi haqqında məruzə etmişdir. O, qurultay tərəfindən yeni yaradılan AK(b) P MK-ya üzv sevilmişdir. Sonra o, hərbiinqilab qərargahının, onun əməliyyat qurumunun üzvü seçilir və fəhlə döyüş dəstələrinin təşkil olunmasına, silahlandırılmasına rəhbərlik edir. 1920-ci il martın 15-də Bakı Fəhlə klubunda mitinq keçirildi. D.Bünyadzadə bu mitinqin təşkilatçılarından və fəal iştirakçılarından biri olmuşdur. Mitinqin keçirilməsindən xəbər tutan polis onun təşkilatçılarını, o cümlədən D.Bünyadzadəni də həbs edir. Hökumət orqanları onu AXC-yə qarşı silahlı üsyan hazırlayan qurumun üzvü kimi güllələnməyə məhkum edir. D.Bünyadzadəni bu ölümdən 1920-ci il aprelin 28-də edilən bolşevik çevrilişi xilas etmişdir. D.Bünyadzadə 1920-ci il aprelin 28-də başda N.Nərimanov olmaqla təşkil edilmiş Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin üzvü və Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə daxil olur. D.Bünyadzadə Azərbaycan SSR xalq maarif komissarı və xalq fəhlə-kəndli müfəttişliyi komissarı seçilmişdir. O, bütün qüvvə və bacarığını Azərbaycanın tərəqqisinə və inkişafına sərf etməyə başlayır. O, birinci növbədə savadsızlığın tezliklə aradan qaldırılması üçün köhnə məktəbləri kökündən dəyişib yeniləri ilə əvəz etmək, həmin məktəblərdə fəhlə və kəndli balalarının oxuması üçün hər cür şərait yaratmaq, müəllimlərin şəraitini yaxşılaşdırmaq məsələləri ilə məşğul olur. Respublikada gənc, savadlı mütəxəssislər hazırlanması üçün ali məktəblər, texnikumlar açılması işinə də o, böyük fikir vermişdir. Gənc nəslin düzgün tərbiyələndirilməsi, onların elmi biliklərə səylə yiyələnməsi D.Bünyadzadənin diqqət mərkəzində idi. 1922-1923-cü illərdə D.Bünyadzadə Azərbaycan SSR xalq ərzaq komissarı, Ali İqtisadi Şura və XKS sədrinin müavini, Zaqafqaziya xalq ərzaq komissarı vəzifələrində çalışmışdır. O, bu məsul dövlət vəzifələrində ərzaq vergisinin tətbiqi və toplanması sahəsində əzmlə çalışmış və respublikanın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə nail olmuşdur. D.Bünyadzadə 1923-1930-cu illərdə Azərbaycan SSR xalq torpaq komissarı, XKS və AİŞ sədrlərinin müavini, Dövlət plan komissiyasının sədri, Zaqafqaziya pambıq komitəsinin sədri və s. vəzifələrdə işləmişdir. O, bu vəzifələrdə Azərbaycan kənd təsərrüfatının inkişafı, yeni-yeni əkin sahələrinin və pambıqçılığın genişləndirilməsi, texnikanın tətbiqi, kooperativ və kolxoz təsərrüfatlarının təşkili, qolçomaqlara qarşı mübarizə sahəsində xeyli iş görmüşdür. D.Bünyadzadə kənd təsərrüfatının kollektivləşməsi uğrunda gedən mübarizənin ön sıralarında gedərək bu dövrdə Azərbaycanda fərdi, xırda təsərrüfatların kolxoz yoluna yönəldilməsində bütün imkanlardan istifadə etmək üçün var qüvvəsini sərf edirdi. O, fərdi təsərrüfatçılara yalnız torpaq verməyin az olduğunu qeyd edərək göstərirdi ki, torpaqdan başqa yoxsul fərdi təsərrüfatlara hər cür dövlət yardımı olmalıdır. Fərdi təsərrüfatçının kənd təsərrüfatı mədəniyyətini yüksəltmək üçün bütün müasir aqrotexniki üsullardan istifadə etmək üçün ona yardım etmək lazımdır. 1930-1932-ci illərdə D.Bünyadzadə Azərbaycan SSR-in ən yüksək vəzifələrindən birini Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutmuşdur. O, bu yüksək vəzifədə Azərbaycan neft sənayesinin, maşınqayırma və metallurgiyasının, kənd təsərrüfatının, elm və mədəniyyətin inkişafı, fəhlə və kəndlilərin vəziyyətinin yaxşılaşdırılması sahəsində xeyli əmək sərf etmişdir. D.Bünyadzadə 1932-1936-cı illərdə ZSFSR xalq torpaq komissarı və s. vəzifələrdə çalışmışdır. O, bu vəzifələrdə də Zaqafqaziya respublikalarında kollektivləşdirilmənin tamamilə başa çatdırılması, kolxozların maddi-texniki bazalarının möhkəmləndirilməsi, maşın-traktor stansiyalarının təşkili və kənd təsərrüfatı üçün mütəxəssislər hazırlanması sahəsində xeyli iş görmüşdür. D.Bünyadzadə məhz belə bir tədbirlərin həyata keçirilməsinə əzmlə çalışmaqla böyük təşkilatçılıq bacarığına malik olduğunu, fəhlə və kəndlilərin etibarını qazandığını dönə-dönə sübut etmişdir. Adi fəhləlikdən görkəmli siyasi və dövlət xadimi səviyyəsinədək yol keçmiş D.Bünyadzadə Azərbaycan zəhmətkeşləri tərəfindən dəfələrlə AK(b)P, Zaqafqaziya partiya təşkilatlarının plenum, konfrans, qurultaylarının nümayəndəsi seçilmiş, AK(b)P MK, Zaqafqaziya Ölkə Komitəsinin və bürolarının üzvlüyə namizəd və üzvü olmuşdur. Azərbaycan MİK və ZSFSR MİK rəyasət heyətinin üzvü idi. SSRİ III sovetlər qurultayından başlayaraq SSRİ MİK-nin üzvü seçilmişdir. D.Bünyadzadə kənd təsərrüfatında, xüsusən pambıqçılıqda qazanılan müvəffəqiyyətlərə görə dövlət tərəfindən Azərbaycan Qırmızı Əmək Bayrağı ordeni və ZSFSR Qırmızı Əmək Bayrağı ordeni və s. mükafatlandırılmışdır. D.Bünyadzadə repressiyaya məruz qalmış və 1938-ci ildə həbs edilib güllələnmişdir.
4) Elmira Qafarova — Sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikasının dövlət xadimi.
Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU – indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E.Qafarova 1955-58-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1958-1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək, "filologiya elmləri namizədi” elmi dərəcəsini almışdır. E.Qafarova 1961-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961-1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışmışdır. Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E.Qafarova ALKGİ MK-nın birinci katibi seçilmiş və 1966-1970-ci illərdə bu vəzifədə işləmişdir. E.Qafarova həmin yüksək və məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırilması və inkişaf etdirilməsi sahəsində xeyrli zəhmət çəkmiş, bilik və bacarıq nümayiş etdirmişdir. E. Qafarova 1970-1971-ci illərdə AKP MK-nın mədəniyyət şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə AKP Bakı Şəhər Komitəsinin ideologiya üzrə katibi vəzifələrində işləmişdir. 1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışmış E.Qafarova Azərbaycanda maarifçiliyin yayılmasında, məktəb və məktəbəqədər uşaq müəssisələri şəbəkələrinin əenişləndirilməsində, savadlı, bilikli və təcrübəli müəllimlərlə təmin olunmasında, uşaqların təhsilə cəlb edilməsində yaxından iştirak etmiş, bir sıra irimiqyaslı, habelə məktəb olimpiadalarının əsas təşkilatçısı olmuşdur. 1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışmış E.Qafarova Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində işlər görmüş, həmçinin bir sıra beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından iştirak etmişdir. O, 1984-cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış etmişdir. BMT Baş Məclisinin həmin sessiyasının Üçüncü Komitəsinin irqçilik və irqi ayrı-seçkilik qalıqlarının kökünün kəsilməsi məsələlərinə həsr edilmiş müzakirələr üzrə diskussiyada ilk çıxış edən E.Qafarova irqi ayrı-seçkiliyi kəskin tənqid edərək demişdir: "Bütün sahələrdə irqi ayrı-seçkiliyi şirnikləşdirənlər hansı demokratiyadan, hansı vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial-iqtisadi hüquqlardan danışa bilərlər?”. E.Qafarova Üçüncü komitənin "Beynəlxalq gənclər ili: iştirak, inkişaf və sülh” diskussiyasında çıxış edərək demişdir: "Gənclərin işsizliyi və qeyri-hüquqi vəziyyəti problemi bir sıra ölkələrdə ağır problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin və irqi ayrı-seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial-iqtisadi hüquqları kobud şəkildə tapdalanır… BMT bunların həllinə daim diqqət yetirməlidir”. 1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış, humanitar sahələrə – elm, mədəniyyət, maarif işinə rəhbərlik etmişdir. Məsul vəzifələrdə inam və xalqa sədaqətlə, pillə-pillə addımlayan və irəliləyən, 1989-1990-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan E.Qafarova bir sıra ictimai-siyasi və sosial-iqtisadi əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak etmişdir. E.Qafarova 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı”nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalamışdır. Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə – erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış etmiş və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa nail olmuıdur. Həmin bəyanatda deyilirdi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür”. Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırdı və ona başçılıq etdi. Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti”ni qəbul etmişdir. Müraciətdə deyilirdi: "Bakının və bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin sənədlərini imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan sovet dövləti qanunları tapdalayaraq, SSRİ Ali Sovetinin sanksiyası və respublikanın ali hakimiyyət orqanlarının razılığı olmadan yanvarın 19-dan 20-nə keçən gecə müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və donanmadan) istifadə edərək elan olunmadan Azərbaycana qarşı təcavüz etmişdir. Bakı şəhərinə, respublikanın digər rayonlarına hücum edib dinc əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var. Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət edərək, onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır”. Azərbaycan SSR-nin Konstitusiyasında (Əsas qanunda) edilmiş dəyişikliklərə müvafiq olaraq, 1990-cı ilin may ayında respublikada prezident idarəçiliyi tətbiq edildi, parlamentin fəaliyyət forması və strukturu dəyişdirildi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv olundu. E.Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçildi və 1990-1992-ci illərdə bu vəzifədə çalışdı. E.Qafarova yaranmış ağır şəraitə baxmayaraq, Ali Sovetin sessiyalarını müntəzəm çağırır, qoyulan məsələlərin həllinə və respublikanın tam müstəqil olmasına, beynəlxalq aləmdə tanınmasına və nüfuzunun artmasına çalışırdı. E.Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermiş, o çümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmiş, oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında "Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti” qəbul olunmuş, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilmişdir. E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. AKP MK-nın üzvü olan E.Qafarova AKP-nin XXXI qurultayında AKP MK-nın büro üzvü seçilmişdir.
5) Firudin Ağası oğlu Cəlilov — türkoloq, filologioya elmləri doktoru, professor; Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının xalq təhsili naziri (1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993)
F.A.Cəlilov 6 may 1947-ci ildə Vedibasarda doğulan F.A.Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun «Azərbaycan dilinin morfonologiyası»(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F.Cəlilovun «Azərbaycan türklərinin islamaqədərki tarixi» mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F.Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. «Türk Ocağı» ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad. Yusif Məmmədəliyev adına ödül almışdır. Quzey və Güney Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu irəli sürən F.Cəlilov bu elmi konsepsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə elmi seminarlar təşkil etmiş, Vaşinqton, Nyuyork, Paris, Ankara, Istanbul, Qahirə və sair şəhərlərdə bu konsepsiya haqqında məruzələr etmişdir. Həmin məruzələrin və bu sahədə yazılan məqalələrin bir qismi onun «Azər xalqı» (2000) adlı kitabında yer almışdır. Türk etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya etməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında onun irəli sürdüyü yeni elmi nəzəriyə artıq bir sıra alimlərin dəstəyini qazanmışdır. Onun son 30 ildə bu sahədə apardığı elmi tədqiqat Azərbaycan xalqının Islamaqədərki tarixinə aid 9 cilddə yazdığı kitabların («Doqquz Bitik») əsasını təşkil edir. F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən «Varlıq» təşkilatının qurucusu, leqal fəaliyətdə olan «Cənlibel» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Xalq Yardımı komitəsi»nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunmuşdur. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir. 1990-cı ildə Bakı şəhərinin Kirov rayonu 22 nömrəli Üçüncü Kirovseçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. 6 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyası daimi komissiyasının sədri vəzifəsinə seçilmişdir. 30 iyun 1992-ci ildə Milli Məclisində təşkil olunmuş Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına üzv təsdiq edilmişdir. 18 may 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir. 12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilmiş və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir. Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmiya nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə türk etnosu və türk dili Orta Asiyada – Altaylarda yox, Ön Asiyada, o cümlədən Azərbaycanda formalaşmışdır. 9 cildlik ("Doqquz bitik”) "Azərbaycan türklərinin islamaqədər tarixi” əsərini yazmışdır. Bu əsərin ilk üç cildi 2014-cü ildə çap olunmuşdur.
6) Heydər İsa oğlu İsayev – Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988-1991), 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi (1980-1983). Azərbaycan SSR və SSRİ Ali sovetinin deputatı. Geologiya-mineralogiya elmləri namizədi, alim.
Heydər İsayev 1936-cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. 1954-cü ildə Naxçıvan şəhər 6 nömrəli orta məktəbi bitirib. 1959-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib. 1962-ci ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunun problem laboratoriyasında mühəndis vəzifəsinə təyin olunub. 1964-cü ildə institutun əyani aspiranturasına qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq namizədlik dissertasiyasını uğurla müdafiə edib (1966). Geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər İsayev Moskvada fransız dili kursunu bitirdikdən sonra Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali məktəbdə əvvəlcə müəllim kimi çalışır, sonra geologiya və neft kafedrasına rəhbərlik edir. 1971-ci ildə Azərbaycana qayıtdıqdan sonra Az.NKİ-nin xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı olub, bir il sonra prorektor vəzifəsinə təyin edilib. 20 elmi əsərin müəllifi olan Heydər İsayev rus, fransız dillərində sərbəst danışırdı. 1977-ci il aprelin 8-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin birinci müavini təyin edilib. 1980-ci ildə bu vəzifədən azad olunub, yüksək təşkilatçılıq qabiliyyətinə görə bir sıra məsul vəzifələr ona tapşırılıb. 1980-1983-cü illərdə 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin müdiri işləyib. 1983-1988-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olub. Tarixi təcrübə və ənənələrə əsaslanaraq ixtisaslı fəhlə kadrların hazırlığına rəhbərlik edib. Heydər İsayev Azərbaycan müəllimlərinin X qurultayında texniki peşə təhsilinin vəziyyətinə dair geniş məruzə edib. 1988-ci ilin oktyabrında müvafiq qərarla Azərbaycan SSR Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yaradılması ilə əlaqədar Heydər İsayev işdən azad olunub. O, 1988-1991-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1991-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyib. Heydər İsayev 1999-cu ildə vəfat edib. Heydər İsayev səmərəli fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı” və "Xalqlar Dostluğu” ordenləri ilə təltif edilib, Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı olub.
7) Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi.
Həmid bəy Şahtaxtinski Naxçıvanda mollaxanada, üçüncüdərəcəli şəhər məktəbində oxumuşdur. İrəvan müəllimlər seminariyasını (1899) bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş (1912), tələbəlik illərində buradakı "Azərbaycanlı həmyerlilər təşkilatı”nın başçılarından olmuşdur. 1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 1914-cü ildə Yelizavetpol qu berniyasının xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində işləmiş, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışmışdır. Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən "İttihad” partiyasının üzvü idi. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar idi. Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinə lərin də maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur. Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyuk əmək sərf etmişdir. Bakı Dövlət Universitetinin təşkilində xidməti olmuş, orada müəllim, prorektor (1919-25), həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləmişdir (1929-cu ildən professor). Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir (1928). Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir. Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.
8) Kamran Rəhimov – Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor.
Rəhimov Kamran Nəbi oğlu 1928-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Qeyri-adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə qəbul edilib. 1945-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra universitetin yeni tarix kafedrasında baş müəllim kimi saxlanılıb. 1954-cü ildə Kamran Rəhimov Partiya Tarixi İnstitutunun aspiranturasına qəbul olunub, Azərbaycan KP MK-nın nəzəri-siyasi jurnalı olan "Azərbaycan kommunisti”nə şöbə müdiri vəzifəsinə göndərilib. 1959-1962-ci illərdə baş redaktorun müavini, 1962-ci ildən 1975-ci ilə qədər baş redaktor vəzifəsində çalışıb. Jurnalda işləyə-işləyə elmi və müəllimlik fəaliyyətini davam etdirib, universitetdə saathesabı mühazirələr oxuyub. 1958-ci ildə namizədlik, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin böyük elmi şurasında, 1967-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyasının plenumunda doktorluq dissertasiyası müdafiə edib. Kamran Rəhimov bir sıra monoqrafiya, dərslik, çoxsaylı elmi-nəzəri və publisistik məqalələrin müəllifidir. Dəfələrlə Moskvanın, keçmiş müttəfiq respublikaların və bir sıra digər ölkələrin mətbuat orqanlarında aktual nəzəri mövzularda məqalələrlə çıxış edib. Azərbaycan Respublikasında yeganə alimdir ki, Moskvanın "Kommunist” jurnalında iki dəfə nəzəri-elmi məqaləsi dərc olunub. Kamran Rəhimov Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi işlədiyi dövrdə (1975-1983) sənaye obyektləri, dəryaçalar, meyvə və üzüm bağları, heyvandarlıq kompleksləri tikilib istifadəyə verilib. Azərbaycan EA-nın Naxçıvan Elmi Mərkəzinin fəaliyyəti canlandırılıb. Həmin illərdə mədəniyyət sahəsində də nəzərəçarpan işlər görülüb. Naxçıvan, Ordubad şəhərlərində, Şahbuz qəsəbəsində, vilayətin bir çox kəndlərində mədəniyyət sarayları tikilib istifadəyə verilib. Bütün rayonlarda ölkəşünaslıq muzeyləri yaradılıb, tariximizin qədim yadigarlarının ermənilər tərəfindən oğurlanıb aparılmasının qarşısı alınaraq eksponatlar həmin muzeylərdə cəmləşdirilib. 1983-cü ildə professor Kamran Rəhimov Azərbaycan Respublikasının xalq maarifi naziri vəzifəsinə təyin edilib. Xalq maarifi naziri kimi o, bir sıra layihələrin həyata keçirilməsi işinə başlayıb. Kamran Rəhimov erməni və gürcü məktəblərində Azərbaycan tarixinin, Azərbaycan dilinin, ədəbiyyatının, coğrafiyasının tədris edilməsi məsələsini gündəmə gətirib. SSRİ Nazirlər Sovetinin 1962-ci il tarixli 230 nömrəli qərarına istinad edərək, erməni və gürcü məktəblərində həmin fənlərin tədris edilməsi haqqında göstəriş verilib, bu dərsliklərin erməni və gürcü dillərinə tərcümə edilməsinə başlanılıb. Yuxarı siniflər üçün "Azərbaycan tarixi” erməni dilinə tərcümə edilərək erməni məktəblərinə göndərilib. 1986-cı ildə SSRİ maarif işçiləri nümayəndə heyətinin rəhbəri kimi Kamran Rəhimov Belçikada olarkən ümumi təhsilin vəziyyəti, müəllim kadrların hazırlanması prosesi ilə ətraflı maraqlanıb. Belçika məktəblərinin kompüterləşdirilməsi onun diqqətini xüsusilə cəlb edib. Bununla da ölkədə keçirilən məktəb islahatında tədris ocaqlarının kompüterləşdirilməsi öz əksini tapıb. Kamran Rəhimov bütün rayon məktəblərində kompüter siniflərinin yaradılmasına xüsusi diqqət yetirib. Maarif Nazirliyinin tikinti tresti yanında müvafiq mütəxəssislərdən ibarət qrup yaradılır və həmin qrup lazımi avadanlıqlarla təchiz olunur, müəllimlər üçün kurslar təşkil edilir. Qısa müddətdə bir çox ümumtəhsil məktəblərində Yaponiyadan və Moskvadan gətirilmiş kompüterlər quraşdırılır. Təhsil müəssisələrinin kütləvi kompüterləşməsinin aktuallığını nəzərə alaraq, Bakı Radio Zavodunun orta məktəblər üçün kompüter istehsalı üzrə ixtisaslaşdırılması məsələsi qaldırılır. Bu təşəbbüs bəyənilərək müvafiq qərar qəbul edilir, Bakı kompüterinin ilk nümunəsi hazırlanır. 1988-ci ildə respublikanın Maarif, Ali və Orta İxtisas Təhsili nazirlikləri, Texniki Peşə Təhsili Komitəsi vahid bir qurumda birləşdirilərək, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi yaradılır. Yeni nazirliyin strukturu müəyyənləşdirilərkən professor Kamran Rəhimov xalq təhsili nazirinin birinci müavini təyin olunur. Kamran Rəhimov Milli Məclisin üzvü kimi Azərbaycan nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə səfərlərdə olub. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Kamran Rəhimov 2007-ci ildə vəfat edib.
9) Lidiya Xudat qızı Rəsulova — Azərbaycanın dövlət xadimi
Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1959-1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya Rəsulova 1962-1981-ci illərdə gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmışdır. Lidiya Rəsulova 1981-1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988-1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova pedaqoji fəaliyyətini davam etdirərək ali təhsil müəssisələrində yüksək ixtisaslı kadrların yetişdirilməsi prosesində iştirak etmişdir. Tutduğu bütün vəzifələrdə Lidiya Rəsulova həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, idarəçilik qabiliyyəti, işgüzarlığı və obyektivliyi sayəsində dərin hörmət qazanmışdır. Çalışdığı sahələrdə o, özünün yüksək peşəkarlığı və tələbkarlığı baxımından fərqlənərək həyatı boyunca hər bir işə dərin məsuliyyət hissilə yanaşmış, insanların sosial rifah halının yaxşılaşdırılması naminə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan həmkarlar təşkilatlarının işinin yaxşılaşdırılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, o cümlədən Azərbaycanda istirahət və müalicə ocaqları şəbəkəsinin genişləndirilməsində Lidiya Rəsulovanın özünəməxsus rolu vardır. Respublikada əlillərin reabilitasiyası mərkəzlərinin yaradılması onun bilavasitə təşəbbüskarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdur. Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə təhsil kimi xüsusi əhəmiyyətə malik bir sahəyə rəhbərlik edərkən Lidiya Rəsulova Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə və onun işinin yaranmış yeni ictimai-siyasi şəraitdə dövrün irəli sürdüyü tələblərə uyğun olaraq qurulmasına öz töhfəsini vermişdir. Dövlətçilik prinsiplərinə daim sadiq qalan Lidiya Rəsulova pedaqoji fəaliyyətində də bu xüsusiyyətlərin gənc nəslə aşılanması istiqamətində öz bilik və bacarığını əsirgəməmişdir. O, Azərbaycanı ümumdünya qadınlar konfransında təmsil etmiş, gender problemlərinə dair çıxışları ilə mütəxəssislərin diqqətini bu sahədə aktual məsələlərin həllinə yönəltmişdir. Respublikamızın sosial və siyasi həyatının aktiv iştirakçısı olan Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Lidiya Rəsulovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də ömrünün 71-ci ilində vəfat etmişdir.
10) Mahmud Səfər oğlu Ağayev (1897-1937)—Azərbaycanın təhsil naziri.
Mahmud Səfər oğlu Ağayev 1897-ci ildə Bakıda anadan olub. 1910-cu ildə ibtidai rus-tatar (rus-Azərbaycan) məktəbini bitirib. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912-ci ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib. Fəal ictimai işlərə qoşulub, 1917-ci ildə bolşevik partiyasının üzvlüyünə qəbul olunub. 1922-1925-ci illərdə Moskvada Kommunist Universitetində, 1929-1933-cü illərdə isə Qırmızı Professura Ədəbiyyat İnstitutunda oxuyub. Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mahmud Ağayev Azərbaycana qayıtdıqdan sonra əvvəlcə AK(b)PMK-nın orqanı olan "Bolşevik” jurnalının redaktoru vəzifəsində çalışıb. Sonra o, "Kommunist” qəzetinə redaktor təyin edilib. Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə müdiri göndərilib, respublika marksizm-leninizm kurslarının direktoru vəzifəsində çalışıb. AK(b)PMK və Azərbaycan SSR MİK-in üzvü olub. Mahmud Ağayev 1934-cü ildə Azərbaycanın xalq maarifi komissarı vəzifəsində çalışıb. 1934-cü il sentyabr ayının 3-də SSRİ XKC və ÜİK(b)PMK ibtidai, natamam orta və orta məktəbdə tədris işinin təşkili və daxili intizam haqqında qərar qəbul edib. Bundan sonra hər bir sinifdə dərslərin miqdarı müəyyənləşdirilir, məktəblərə qəbul, sinifdən-sinfə keçmə, şagirdləri rəğbətləndirmə və cəzalandırma, şagird bileti, şagirdlər üçün qaydalar və s. haqqında mühüm tədbirlər həyata keçirilib. 1934-cü ildə xalq maarifi sahəsində ən mühüm məsələ ibtidai və orta məktəblərin quruluşundakı dəyişikliklərlə bağlı idi. XKS və ÜİK(b)P MK-nın 15 may 1934-cü il tarixli qərarına əsasən ibtidai məktəblər 4 sinifdən (I-IV), natamam orta məktəblər 7 sinifdən (I-VII) və orta məktəblər 10 sinifdən (I-X) ibarət təşkil edilib. Mahmud Ağayev xalq maarifi komissarı işlədiyi dövrdə məktəblərdə bədən tərbiyəsi dərsləri, davamiyyət, şagirdlərin ictimai işləri, dərsin müddəti, tənəffüslər, ev tapşırıqlarının həcmi, məktəblərdə dərsin başlanması və s. məsələlərlə əlaqədar mühüm sənədlər qəbul edilib. Mahmud Ağayev 1937-ci ildə vəfat edib.
11) Məmmədov Maqsud Məmməd oğlu – 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan SSR xalq maarifi naziri.
Məmmədov Maqsud Məmməd oğlu 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açan M.Məmmədovu 1920-ci ildən rəhbər partiya işlərinə irəli çəkməyə başlamışlar. O, rektor təyin olunana qədər Azərbaycan SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə Maliyyə Komissarlığında və s. yerlərdə işləmişdir. 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə çalışmışdır. M.Məmmədov 1930-1931-ci illərdə Azərbaycan SSR xalq maarif komissarı, 1931-1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi kimi yüksək vəzifələrdə çalışmışdı. Lakin M.C.Bağırovun Azərbaycana rəhbər təyin olunması ilə bu görkəmli dövlət və elm xadiminin də təqibi başlamışdı. O, dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həllinə və s. aid xeyli sayda marksizm-leninizm metodologiyası mövqeyindən məqalə yazmışdı. 1937-ci ildə M.Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra həmin məqalələr məhv edilmiş və itirilmişdir. O, yalnız 1957-ci ildə ölümündən sonra bəraət almışdır.
12) Mehdi Mehdizadə (18 yanvar 1903-1 may 1984) — akademik, tanınmış Azərbaycan pedaqoqu, alim və maarifçi. Azərbaycan SSR-nin maarif naziri.
Mehdizadə Mehdi Məhəmməd oğlu 1903-cü ildə indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur. 1919-cu ildə Daşkəsən kənd ibtidai məktəbi bitirmiş və növbəti ilin noyabrından Daşkəsən kənd qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlamışdır. 1921-ci ildə 6 aylıq pedaqoji kursu bitirib və həmin ilin sentyabrından I dərəcəli Daşkəsən kənd məktəbində müəllim işləməyə başlamışdır. 1923-cü ildə Azərbaycan Pedaqoji İnstitutu yanında hazırlıq kursuna, 1924-cü ildə isə institutun fizika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutu bitirmiş və Qaryagin (indiki Füzuli) şəhərində II dərəcəli məktəbə fizika və riyaziyyat müəllimi kimi göndərilmişdir. Mehdi Mehdizadə 1927-ci ildə Cəbrayıl qəza Xalq Maarif Şöbəsi yanında metodika bürosunun rəhbəri, 3 il sonra, 1930-cu ilini mart ayından isə Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və xalq komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edilmişdir. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (9.31.1967) olub, uzun illər Azərbaycan SSR Maarif Nazirliyinə rəhbərlik edib.
13) Cabbarov Mikayıl Çingiz oğlu (d. 19 sentyabr 1976) — Azərbaycan Respublikasının vergilər naziri (2017-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2013-2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004-2009). Azərbaycan Badminton Federasiyasının prezidenti (2015-ci ildən)
Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olmuşdur. Evlidir, 2 övladı var. 1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlamış, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirmişdir Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilmişdir. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçilmişdir. "Nə? Harada? Nə zaman?” və "Breyn-Rinq” oyunlarının fəal iştirakçısı olmuşdur. 1994-1997-ci illərdə "Atəşgah İntellektual Oyunlar Klubu”nun prezidenti olmuşdur. "Breyn-Rinq” oyunlarının 1996-1997-ci illər üzrə mütləq MDB çempionu adını qazanmışdır. 1997-ci ildə Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?” oyununun yay seriyasında iştirak edən ilk azərbaycanlı bilicidir. "Nə? Harada? Nə zaman?” Bakı Televiziya Klubunun təcrübəli üzvüdür. Beşillik oyunların qalibidir. 2002-ci ildə "Breyn-Rinq” üzrə dünya və "Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan çempionu olmuşdur. Mikayıl Cabbarov 2009-cu ildən Gürcüstanın Tbilisi şəhərinin Fəxri Vətəndaşıdır.
14) Mərdanov Misir Cumayıl oğlu — AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru , Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) daxil olub. 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. M.Mərdanov 1970-1972-ci illərdə BDU-nun əyani aspiranturasında təhsilini və elmi araşdırmalarını davam etdirib.
1974-cu il avqust ayı – Bakı Dövlət Universitetində qəbul imtahanı zamanı yazı işlərini yoxlayarkən. Mirabbas Qasımov, Nadir Süleymanov, Məmməd Quliyev, Zahid Seyidov, Ələddin Şamilov, Binəli Musayev.
1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1973-cü il 28 setyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1981-ci il 25 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.
1989-cu ildə Ukrayna Elmlər Akademiyasının riyaziyyat institutunun müdafiə şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb.
1980-ci il Mexanika Riyaziyyat fakultəsində dövlət imtahanı zamanı.Komissiyanın üzvləri soldan sağa: Nadir Süleymanov, Məcid Əfəndiyev, Rəşid Məmmədov, Nazim Abbasov, Arif İsmayılov, Arif Babayev, Misir Mərdanov, arxada Karlen Xudaverdi.
1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb.
1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəznində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olmuşdur.
1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışmışdır.
1999-cu il indiki Heydər Əliyev adına idman-konset sarayında Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 30 illiyi münasibəti ilə keçirilən sərgidə.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləmişdir.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olmuşdur.
1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.
2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.
2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentir.
1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir.
2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir.
2013-cü ilə qədər "Kurrikulum”, "Ali təhsil və cəmiyyət” elmi-metodiki jurnallarının və "Elektron təhsil”, "Təhsil”, "Təhsil xəbərləri” jurnallarının baş redaktoru olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavinidir.
"Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvidir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktorudur.
"TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir.
"Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir.
"Optimallaşdırma üsulları” kitabının elmi redaktorudur.
Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvüdür.
Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir.
2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədridir.
Bir elmlər doktorunun məsləhətçisi olmuş və dörd fəlsəfə doktoru hazırlamışdır.
AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən Riyaziyyat və Mexanika İnstitutu tərəfindən professor Misir Mərdanovun AMEA-nın müxbir üzvlüyünə nazimədliyi irəli sürülmüşdür. Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında professor Misir Mərdanov riyaziyyat ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
Ailəlidir, 3 övladı var.
2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi” fəxri adına,
2001-cı ildə "Qızıl qələm” media mükafatına,
2006-cı ildə isə "Şöhrət” ordeninə,
2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimalidarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil eilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alınmışdır.
2016-2017-ci tədris illində AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrlarına "Riyaziyyatın tarixi və metodologiyası” fənnindən mühazirələr oxuyur.
2015-2016-ci tədris ilində Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinin magistrlarına "Optimal idarəetmənin riyazi üsulları fənnindən” ixtisas kursu keçib.
1973-1998-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakultəsində analitik həndəsə, diferensial həndəsə, optimal idarəetmənin riyazi üsulları fənlərindən mühazirələr oxumuşdur. Eyni zamanda optimal idarəetmə ilə bağlı ixtisas kurslarında mühazirələr demiş və seminarlar aparmışdır, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir.
Misir Mərdanov ümumtəhsil məktəbləri üçün aşağıdakı dərsliklərin müəllifidir:
6-cı sinif üçün "Riyaziyyat”.
7, 8, 9, 10, 11-ci siniflər üçün "Həndəsə”.
7, 8, 9-cu siniflər üçün "Cəbr”.
10,11-ci siniflər üçün "Cəbr və Analizin Başlanğıcı”.
2013-cü ilə qədər Yeni Azərbaycan Partiyası nın İdarə heyətinin üzvü, hazırda Yeni Azərbaycan Partiyası nın Siyasi şurasının üzvüdür.
15) Mustafa Zəkəriyyə oğlu Quluyev (1893-1938) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi və publisisti. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan SSR Xalq Maarif Komissarı (1922-1928).
Mustafa Zəkəriyyə oğlu 1893-cü il mayın 24-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (1913). Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər Rayon Komitəsinin katibi (1921-1922), Azərbaycan SSR Xalq Maarifi Komissarı (1922-1928), "Maarif və mədəniyyət”, "İnqilab və mədəniyyət” jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifəsində işləmişdir.
1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.
16) Müseyib Əli oğlu Şahbazov (1898-1937) — pedaqoq.
Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Mahaçqala şəhərində anadan olub. İlk təhsilini kənd məktəbində alan Müseyib atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirib. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq onda ictimai işlərə maraq yaradıb.
"İşıq” dərnəyində inqilabi fəaliyyətlə maraqlanıb, Marks və Engelsin nəzəri fikirləri ilə tanış olub, 1917-ci il Fevral inqilabından sonra "Hümmət” təşkilatı ilə sıx əlaqə saxlayıb, kəndlilər, ordudan tərxis olunan əsgərlər arasında təbliğat aparıb. Dərbənddə realnı məktəbini bitirərək Həştərxana qayıdıb, Rusiya Kommunist (bolşevik) Partiyası sıralarına daxil olub.
Siyasi işçilər hazırlayan kursu bitirən Müseyib Şahbazov xüsusi tapşırıqlarla XIII orduya göndərilib. O, Xarkov quberniyasında kənd inqilab komitələri və partiya özəklərinin fəaliyyətinin möhkəmləndirilməsində bilik və bacarığını əsirgəməyib.
Həştərxana qayıtdıqdan sonra onu Bakıya göndəriblər. XI ordunun tərkibində Azərbaycana gələn Müseyib Şahbazov, sonradan RK(b)P Dağıstan Vilayət Komitəsinin sərəncamına göndərilib, Cənubi Dağıstan üzrə məsul büro katibi kimi işə başlayıb. 1920-ci ilin noyabrında Qaytaq-Tabasaran mahal komitəsinin məsul katibi vəzifəsində işə başlayıb.
Prinsipial və genişqəlbli xüsusiyyəti ilə fərqlənən Müseyib Şahbazov 1921-ci ilin aprel ayında Azərbaycan K(b)P MK-nın xahişi ilə Bakıya göndərilib, Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, Kirovabad dairə Komitəsinin məsul katibi, ADU-nun rektoru vəzifələrində çalışıb. Sonradan o, Azərbaycan K(b)P MK-nın şöbə müdiri işləyib.
Moskvada Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirən Müseyib Şahbazov hərtərəfli hazırlığa malik bir ziyalı olaraq maarif və mədəniyyət məsələlərinə aid bir sıra kitab və məqalələr muəllifi kimi tanınıb.
O, "Yeni yol” qəzetinin redaktoru olarkən bu istiqamətdə fəaliyyətini daha da genişləndirib, tükənməz enerji ilə çalışıb.
AK(b)PMK üzvü, Azərbaycan MİK və Zaqafqaziya MİK-in üzvü seçilən Müseyib Şahbazov ÜİK(b)P XIV qurultayının nümayəndəsi olub, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına və Maarif İşçiləri Həmkarlar İttifaqı MK-ya üzv seçilib, 1936-cı ildə "Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.
1935-1936-cı illərdə Azərbaycanın xalq maarifi komissarı işləmiş Müseyib Şahbazov latın əlifbasına keçməyin əhəmiyyəti mövzusunda məqalələrlə çıxış edib, xalq maarifinin inkişafı məsələlərinə geniş yer verib.
Dövrünün tanınmış publisistlərindən olan Müseyib Şahbazov yeni insan tərbiyəsi məsələsinə xüsusi diqqət yetirib, bu baxımdan maarif orqanlarının vəzifələrini açıqlayıb.
Xalq maarifi komissarı işlədiyi iki il ərzində sələfləri olan xalq maarifi komissarlarının başladıqları işləri davam etdirərək ümumtəhsil məktəb şəbəkəsinin genişləndirilməsi, tədris müəssisələrinin pedaqoji kadrlarla təmin olunması, təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində xeyli iş görməyə müvəffəq olub. Müseyib Şahbazov 1937-ci ildə vəfat edib.
17) Müslüm Rəcəb oğlu Məmmədov 1931‑ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.
1949‑cu ildə ADU‑nun tarix fakültəsinə daxil olub. 1950‑ ci ildə MDU‑ya köçürülüb. 1954‑cü ildə Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fa‑ kültəsini bitirib. Müslüm Məmmədov Astraxan bazarda (indiki Cəlilabad) əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükə ‑ siz lik Komitə sinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑ nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, mühazirəçilər qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiya ‑ sının aspiranturasına daxil olub. 1966‑cı ildə tarix elmləri na ‑ mizədi alimlik dərəcəsi alıb. 1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi (1969– 1975), Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnsti tutunda partiya tarixi kafedrasında baş müəllim, dosent, ka fedra mü diri əvəzi (1976–1988) işləyib. «Qırmızı Əmək Bay ‑ rağı» ordeni və medalla təltif olunub. Bir müddət Azər bay ‑ canın xalq təhsili naziri (1988), Bakı Şəhər PK‑nın birinci katibi (1989–1991) vəzifə lərində çalışıb. Müslüm Məmmədov 1999‑cu ildə vəfat edib.
18) Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski – Azərbaycan Respublikasının təhsil naziri (Maarif komissarı), partiya və dövlət xadimi
Məmməd bəy İsmayıl bəy oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. Bir müddət kəndlərində təsərrüfatla məşğul olmuşdu. Sonra Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə fəhlə işləmişdi. Azərbaycanda sovetləşmədən sonra qulluqçu olmuş, 14 il partiya işində çalışmışdı. II dərəcəli sovet partiya məktəbini, ÜİK(b)P MK yanında partiya işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu bitirmişdi. Məmməd Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı olmuşdi. AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi. M. Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər qurultayında partiya qrupundan çıxış edərək Azərbaycan SSR Konstitutisiyasında düzəlişlər edən Cuvarlinskini millətçi adlandırmışdı. Martın 17-də MK-nin bürosu, 19-da isə plenumu Mir Cəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, 29-da isə partiya işindən xaric etdilər. M.Cuvarlinski Moskvaya şikayət üçün yollandı. M. Bağırov onu qabaqlayıb həbs etdi. Onu Bakıya, M. Bağırovun kabinetinə gətirdilər. Məmməd Cuvarlinski 13 oktyabr 1937-ci ildə güllələndi.Hal-hazırda 52 saylı orta məktəbə Məmməd İsmayıl oğlu Cuvarlinskinin adı verilib.Qeyd edək ki,məktəb 1966-cı ildən bəri fəaliyyət göstərir. Məmməd Cuvarlinskinin Şura xanım adlı qızı vardı.
19) Məmməd Həmid oğlu Ələkbərli (1899-1959) —Azərbaycanın təhsil naziri.
Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu ildə Lənkəranda anadan olub. 1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşayıb, Lənkərandakı "Behcət” rus-tatar (Azərbaycan) məktəbində oxuyub, lakin təhsilini başa vura bilməyib. 1920-ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında çalışıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (indiki Cəlilabad) I dərəcəli məktəbə müəllim göndərilib. 1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlayıb. 1923-1926-cı illərdə Pedaqoji İnstitutda (Bakı) oxuyub. Ali təhsilli mütəxəssis kimi Məmməd Ələkbərov Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik edib. Quba Qəza Xalq Maarifi Şöbəsinin müdiri işləyib. 1928-ci ildə Xalq Maarifi Komissarlığı aparatına işə qəbul olunub, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmaqla yanaşı, Azərbaycan Dövlət Elmi Tədqiqat Məktəblər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əvəzçilik qaydasında işləyib. 1939-1943-cü illərdə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsində fəaliyyət göstərib. Sonra Azərbaycan Xalq Maarifi Komissarlığında kadrlar idarəsinin rəisi təyin olunub. Məmməd Həmid oğlu Ələkbərov 1946-cı ildə Azərbaycan xalq maarifi komissarı təyin olunub, 6 il bu vəzifədə çalışıb, dövrün və ictimai qurumun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bilik və bacarığını əsirgəməyib. Məmməd Ələkbərov ötən əsrin 50-ci illərində Nazirlər Soveti sədrinin müavini, Azərbaycanın ilk mədəniyyət naziri olub. Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası mövzusunda məqalələr yazıb. "Natamam orta və orta məktəblərdə yazı işləri” (1940), "İbtidai məktəbdə oxu metodikası” (1940) və s. kitabları nəşr edilib. O, "Əməkdar müəllim” fəxri adına layiq görülüb, 1950-ci ildə elmlər namizədi alimlik dərəcəsi alıb. Məmməd Ələkbərov 1959-cu ildə vəfat edib.
20) Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (d. 1883, Laçın – ö. 11 avqust, 1958, Bakı) — AXC-nin, Dağlılar Respublikasının maarif naziri, Azərbaycanın istiqlal hərəkatı və Azərbaycan Xalq Cumhuriyyəti dövlət xadimlərindən biri, maarifçi.
Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdu. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmiş (1903), bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Sonralar Tiflis Aleksandr Müəllimlər İnstitutunu (1915), ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini (1915) bitirmişdi. N.Şahsuvarov Rusiya Fevral İnqilabı dövründə siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatının nəticəsində yaradılmış Dağlılar Respublikasının xalq maarif naziri təyin olunmuşdu. 1919-cu ilin iyununda Bakıya gələn N. Şahsuvarov Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin birinci hökumətində (Cumhuriyyətin dördüncü nazirlər kabineti) maarif nazirinin müavini vəzifəsində işləmiş, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkiində yaxından iştirak etmişdir. "İttihad” Partiyasının üzvü idi. Şahsuvarov 1920-ci il martın 5-də Nəsib bəy Yusifbəylinin ikinci hökumətində (Cumhuriyyətin beşinci nazirlər kabineti) maarif və dini etqad naziri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra N.Şahsuvarov Azərbaycan SSR xalq maarif komissarının müavini olmuş, Bakıda orta və ali təhsil ocaqlarında dərs demişdi. 1940-cı ildə saxta ittihmalarla həbs edilərək, Krasnodar diyarına sürgün edilmişdi. 1943-cü ildə sürgündən qayıdaraq, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri işləmişdir. Nurməmməd bəy Şahsuvarov 1958-ci ildə vəfat edib. Nurməmməd bəy Feona Kuzminşina ilə ailə qurmuşdu. Cahangir bəy adlı oğlu vardı.
21) Rafiq Babaş oğlu Feyzullayev – Azərbaycan Respublikasının xalq təhsili naziri 1989-1992-ci illərdə təhsil naziri vəzifəsində çalışıb.
Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şuvələn qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.
22) Axundov Ruhulla Əli oğlu — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.
Ruhulla Axundov Bakının Şüvəlan kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil almışdır, bir neçə Şərq və Avropa dillərini bilirdi.Realni məktəb, Ticarət məktəbi bitirib. 1916-cı ildə mətbəədə işləmişdir. 1917-ci ildə "sağ” azərbaycanlı eserlər qrupunun üzvü olmuşdur. 1918-ci ildə Bakı Sovetinin "İzvestiya”, 1919-cu ildə ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan "Kommunist” qəzetinin baş redaktoru vəzifələrini icra etmişdir. 1920-ci ildə Leninlə görüşən Ruhulla Axundov Bakıya döndükdən sonra kəndli komitələrində, müxtəlif bolşevik təşkilatlarında, partiya işində məsul vəzifələrdə çalışıb.[2] Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Azərbaycan KP(b) MK-nın kəndlərdə iş üzrə şöbəsinin müdiri, partiyanın Bakı komitəsinin katibi, "Kommunist” qəzetinin və digər dövrü nəşrlərin redaktoru olmuşdur. 1924-1930-cu illərdə Azərbaycan KP(b)MK-nın katibi, Azərnəşrin direktoru, Azərbaycan SSR maarifi xalq komissarı vəzifələrini tutmuşdur. 1927-1930-cu illərdə Azərbaycanın xalq maarifi komissarı olan Ruhulla Axundov hələ Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə yazırdı ki, tarix Azərbaycanın öhdəsinə Yaxın Şərq zəhmətkeşlərinin avanqardı olmaq kimi bir vəzifə qoyub. 1930-cu ildə ÜKP(b)-nin Zaqafqaziya vilayət komitəsinin katibi seçilmişdir. 10-17-ci partiya qurultaylarının və Kominternin 2-ci konqresinin nümayəndəsi olmuşdur. Ömrünün son illərində Azərbaycan KP(b) MK nəzdindəki Tarix İnstitutunda, Azərbaycan SSR XKİ nəzdindəki incəsənət işləri üzrə idarənin müdiri vəzifələrində çalışmışdır, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaradılmasında və idarə olunmasında yaxından iştirak etmişdir. K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərini Azərbaycan dilinə ilk tərcümə edənlərdəndir. 1929-cu ildə savadsızlıqla mübarizə daha da güclənir, Azərbaycan XMK bu məqsədlə bir sıra tədbirlər həyata keçirir: kurslar təşkil edir, kitabların qiymətini ucuzlaşdırır. 1929-1930-cu illərdə Azərbaycanda ümumtəhsil məktəblərinin sayı təxminən 2000-ə çatdırılır. Bütün bu tədbirlərdə xalq maarifi komissarı, ictimai xadim, vətənpərvər alim kimi Ruhulla Axundov fəal iştirak edib. Tarix, incəsənət, ədəbiyyat sahələri üzrə bir sıra əsərlərin müəllifi, iki cildlik rusca-Azərbaycanca lüğətin (1928-1929) redaktoru olmuşdur. 1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilmiş, partiya sıralarından uzaqlaşdırılmış və həbsə alınmışdır. Ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. Güllələnmiş və NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza”da basdırılmışdır. Ölümündən sonra bəraət almış və 1959-cu ildə partiya üzvlüyü bərpa olunmuşdur. Lenin ordeni laureatıdır.
23) Qaplanov Rəşid xan Zabit xan oğlu — sovet siyasi və dövlət xadimi.
Rəşid xan Qaplanov 1885-ci ildə kumık Qaplanovlar əsilzadə sülaləsində doğulmuşdur. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbon Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmiş, Dağlılar Respublikası daxili işlər naziri olmuşdur. Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüş, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur.[1] Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak etmiş, eyni zamanda, burada "Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Qaplanov maliyyə naziri təyin olunmuş, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalyuasiyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pulları ilə dəyişdirilməsini dayandırmaq barədə qərar vermişdi. Qərara əsasən, "500 manat” dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdı. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardı. Aprel işğalından (1920) bir həftə əvvəl Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdi. Aprel işğalından sonra, 1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdi. Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi”ndən dərs demiş, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərmişdir. Repressiyaya məruz qalmışdır. 8 oktyabr 1937-ci ildə həbs olunmuş, 10 dekabrda güllələnmişdir. Məzarı Moskvadadır. //a24.az
Sfera.az