“Azərbaycan regionun hesablaşılacaq gücünə, beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrilib” - RƏYLƏR

“Azərbaycan regionun hesablaşılacaq gücünə, beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrilib” - RƏYLƏR
Azərbaycanın müstəqil xarici siyasət kursunun müəyyən edilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və nüfuzlu qurumların üzvü olmaq zəruri məsələlərdən biri olub. Hazırda ölkəmizin dünya birliyinin üzvünə çevrilməsi məhz bu istiqamətdə atılan addımların nəticəsidir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sfera.az-a açıqlamasında deyib ki, Vətən müharibəsi bütün sahələrdə olduğu kimi Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində də yeni bir mərhələ başlatdı:



"Çox strateji məntəqə olan Cənubi Qafqazın maraqların toqquşduğu bölgə olması sirr deyil. Bölgənin hərbi, siyasi və iqtisadi güc mərkəzi isə Azərbaycandır. Xüsusən, 44 günlük savaşdan sonra Azərbaycanın bölgədə diqtə edən dövlətə çevrilməsi şübhə doğurmur. Bu mənada artıq Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində yalnız rəsmi Bakı yox, həm də beynəlxalq birlik, xüsusən qlobal güclər özləri maraqlıdır. 
 
İkincisi, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi dövrü çox ağır və mürəkkəb tarixi siyasi şəraitə təsadüf edib. Azərbaycan hərəkat tarixində ilk dəfə üzv dövlətləri qlobal təhlükəsizlik naminə eyni missiya uğrunda birləşdirə bildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama hərəkatının yüksək tərəfləri olan dövlətlər əvvəlcə koronavirusla mübarizədə birgə ciddi səy ortaya qoydular. Məsələ BMT Baş Assambleyasının Xüsusi sessiyası səviyyəsinə qaldırıldı, daha sonra İnsan hüquqları şurasında vaksinlərin ədalətli bölgüsü ilə bağlı çox cəsarətli bir hüquqi aktın qəbuluna nail olundu.
 
Azərbaycan pandemiya dövründə müasir qlobal sosial məsuliyyət nümunəsi ortaya qoydu. Ən çətin dönəmlərdə 30-dan artıq dövlətə maliyyə yardım etməklə isə rəsmi Bakı özünü beynəlxalq birliyin etibarlı tərəfdaşlarından biri və bəşəri dəyərləri hər şeydən üstün tutan yüksək tərəf kimi bir daha təsdiqlədi”.


Millət vəkilinin sözlərinə görə, bu amillərlə beynəlxalq birliyin nəzərində Azərbaycana yeni baxış bucağı formalaşırdı:
 
"Artıq Azərbaycana qlobal təşəbbüskar kimi baxılmağa başlandı. Xüsusən də hücum diplomatiyası, ardınca hücum siyasəti doktrinasını elan etdikdən sonra nüfuz və çəkisinin artması fonunda əminliklə demək olar ki, Azərbaycan beynəlxlaq inteqrasiya proseslərində özü vasitəçidir və inteqrə olunan yox, inteqrə edən güclərdən biridir. Azərbaycanın mövcud imkanları qonşuları, xüsusən də Ermənistan üçün də bir fürsətdir, illərdir dalanda çürüməkdə olan erməni xalqı məhz Azərbaycanın açdığı imkanlar sayəsində beynəlxalq birliyin tam hüquqlu üzvü ola, imkan və fürsətlərdən yararlana bilər. Lakin, təəssüflər olsun ki, hələ də bu toplum zərərli ideologiyadan qurtulmur, yaranmış həyati əhəmiyyətli xilas şansını düzgün qiymətləndirə bilmir”.

Milli Məclisin deputatı Kamilə Əliyeva isə saytımıza açıqlamasında qeyd edib ki,  prezident İlham Əliyevin müdrik, qətiyyətli və düşünülmüş xarici siyasəti nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır:


"Təsadüfi deyil ki, bu gün ölkəmiz dünyada gedən istər siyasi, istərsə də  iqtisadi proseslərdə fəal iştirak edir. 2018-ci ildən Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmizin bu quruma sədrliyi ilə Qoşulmama Hərəkatının nüfuzu da artmış oldu. Qoşulmama Hərəkatı adından İlham Əliyev BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü. BMT-nin 150 üzv dövləti tərəfindən sessiyanın çağırılması müsbət qarşılandı. Bu, eyni zamanda prezident İlham Əliyevin dünya liderləri arasında böyük nüfuza malik olmasından xəbər verir. Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi böyük töhfələri nəzərə alaraq, üzv dövlətləri yekdilliklə Azərbaycanın quruma sədrlik müddətinin daha bir il uzadılması barədə qərar qəbul etdilər.

Bu ilin əvvəlindən Cənub Qaz Kəməri vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac edilməyə başladı. İlkin olaraq Azərbaycan qazı İtaliya,  Yunanıstan və Bolqarıstana ixrac olundu və gələcəkdə ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Bununla da Azərbaycan bu gün Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı söylədikləri bunu deməyə əsas verir. Avropa İttifaqı Azərbaycanla təkcə enerji sahəsində deyil, bir sıra digər böyük layihələrdə də əməkdaşlıq etməyə hazır olduqlarını  bildirib”.

Müsahibimiz həmçinin Azərbaycanın ÜST ilə də sıx əməkdaşlıq etdiyini deyib:

"Dünyanı cənginə almış koronavirus xəstəliyi ilə əlaqədar Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları ianə etmiş, 30-dan çox dövlətə yardım göstərmişdir. Bu yaxınlarda ölkəmiz Özbəkistan və Qırğızıstana koronavirusa qarşı vaksin hədiyyə etmişdir. Bu addımlar Azərbaycanın dünyada həm də humanitar bir ölkə olduğunu sübut edir. Şəksiz qeyd etmək lazımdır ki,  Azərbaycan regionda istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü bir dövlətə çevrilib. 44 günlük Vətən Müharibəsindəki zəfərimizdən sonra Azərbaycan regionda yeni reallıqlar yaratmış oldu. Azərbaycan, Rusiya və Ermənistan respublikaları tərəfindən imzalanmış 10 noyabr bəyannaməsinin müddəaları Ermənistan tərəfindən də icra edildikdən sonra regionda yeni iqtisadi əlaqələr yaranacaq. Bu gün bütün dünyanın da qəbul etdiyi Zəngəzur dəhlizinin açılması ilə regionda yerləşən Ermənistan da daxil olmaqla altı dövlət arasında quru yolla əlaqələr bərpa olunar və bu ölkələrin iqtisadiyyatı sürətlə inkişaf edər. Bununla da dünyada yeni bir iqtisadi mərkəzin yaranması labüdləşər.
 
Azərbaycan eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilişinin təşəbbüskarı olub. Bu dəmir yolu istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə Şərq-Qərb magistral xətti ilə dövlətlərarası yük daşımaları həyata keçirilir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb iqtisadi əlaqələrinin mərkəzinə çevrilməkdədir. Azərbaycanın bu cür inkişafı və güclənməsi  bəzi xarici qüvvələri və onların maliyələşdirdiyi bəzi daxili ünsürləri çox narahat edir. Daxildəki bu "siyasətçilərin" ürəyində heç zaman vətənə, dövlətə, xalqa sevgi olmayıb. Onlar hər zaman öz şəxsi mənafelərini, ciblərini güdüblər. Bu gün Azərbaycan prezident İlham Əliyevin başçılığı altında istər regionda,  istərsə də dünyada söz sahibi olan bir ölkəyə çevrilməkdədir”.

Politoloq Samir Hümbətov isə saytımıza açıqlamasında Azərbaycanın dünya birliyinə inteqrasiya prosesini təhlil edərkən bir neçə məsələyə xüsusi diqqət yetirməli olduğumuzu deyib:


"Hesab edirəm ki, inteqrasiya dövrünü iki mərhələyə bölə bilərik: Müstəqilliyin ilk illərindən 27 sentyabr 2020-ci ilə qədər və ondan sonrakı mərhələ. Birinci mərhələyə baxsaq, müstəqilliyin ilk illərində Azərbaycan dünya birliyinə o qədər inteqrasiya olmasa da, 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən başlayaraq sürətlə dünya birliyinə inteqrasiya etməyə başladı, Avropa Şurasına üzv oldu, NATO ilə tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığını genişləndirdi. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində GUAM-a üzv oldu, eyni zamanda Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlar sırasında İslam Əməkdaşlığı Təşkilatı və digərləri var, siyahını çoxaltmaq olar. Azərbaycan hətta 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bütün bunların hamısı atılan addımların uğurlu və məntiqli nəticəsidir.
 
Təbii ki, 27 sentyabr 2020-ci ilə qədərki dövrdə Azərbaycan üçün problemi olan Qarabağ məsələsinin həll olunmaması bizim dünya birliyinə inteqrasiya prosesimizi ləngidirdi. İkinci Qarabağ savaşı və ondan sonrakı mərhələdə isə artıq yeni dövr başladı. Azərbaycanın həm dünya birliyi, həm də region ölkələri tərəfindən əsas oyunçu dövlətə çevrilməsi və regionda baş verən proseslərin əsas iştirakçısı olması qəbul edildi. İndiki mərhələdə Azərbaycan regionın əsas söz sahiblərindən biridir, burada baş verən proseslərin birbaşa iştirakçısıdır. Bu konteksdən məsələyə yanaşsaq, biz Azərbaycanın xarici siyasətində uğurlu bir yolun tutulduğunu görə bilərik. Eyni zamanda bölgədə İkinci Qarabağ savaşına qədər Azərbaycanın tərəfində  durmayan dövlətlər belə artıq bizimlə hesablaşmağa, istəklərimizi qəbul etməyə məcbur olur”.

Politoloqun sözlərinə görə, 10 noyabr 2020-ci ildə üçtərəfli formatda imzalanmış bəyannamənin şərtlərinə uyğun olaraq, Azərbaycan ərazilərinin azad edilməsi bundan sonrakı mərhələdə yeni dövrün başlanğıcı olub:

"Yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması həmçinin Azərbaycanın dünya siyasətinə tam şəkildə inteqrasiyasına kömək olacaq. Məhz Çinin "Bir kəmər, bir yol” layihəsi də bunun tərkib hissəsidir. Bu gün ABŞ, Qərbi Avropa dövlərinin Azərbaycana olan marağının da kökündə bizim artıq dünya iqtisadi, siyasi birliyinə daha rahat və əlverişli şəkildə təsir etmək imkanları dayanır. Azərbaycan həm də enerji daşıyıcılarının daha çox təminatçısı olan ölkələrdən biridir. Xəzər dənizi karbohidrogen yatağı ilə daha çox zəngindir, bu baxımdan ölkəmizə böyük maraq var. ABŞ, Asiya ölkələri, Çin, Hindistan, eyni zamanda Rusiyanın, Türkiyənin marağı kifayət qədərdir. Azərbaycan bir növ xarici siyasətdə balans yaratmağa çalışır. Artıq hesab edirəm ki, bunu bacarıb. Ölkəmiz regionda stabilliyin yaranmasının tərəfdarıdır və fikrimcə, bu məsələlərdə dövlət rəhbərinin atdığı xarici siyasi gedişlər özünün məntiqi davamı kimi bəhrəsini verə bilər. Təbii ki, bəzi problemlər də mövcuddur. Yaxın zamanlarda atılacaq addımların özü də nəticə etibarilə Azərbaycanı beynəlxalq birliklə çoxtərəfli siyasi, iqtisadi, təhülkəsizlik sahəsində əməkdaşlığını genişləndirməyə imkan verəcək və Azərbaycan yaxın gələcəkdə dünya birliyi ilə daha sıx və dərin iqtisadi, siyasi inteqrasiya şəraitində ola biləcək”.
 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 


 
Günay Rəsulqızı
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

XİN rəhbərindən Soçi görüşü ilə bağlı AÇIQLAMA

"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edil...

Mətbuata birgə bəyanatın - TAM MƏTNİ

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəf...

Putin Soçidə İlham Əliyevi belə qarşıladı - VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ik...

“Kremlin əsl niyyəti bu görüşdə ortaya çıxacaq” – Abdullah Ağar

"Ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. İndi Rusiya həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlid...

Azərbaycan daha 2 erməni əsilli şəxsi təhvil verdi

Azərbaycan humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabrda 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.  Sfera.az ...

Ermənistan parlamentində sərhədlərin müəyyənləşməsi ilə bağlı dinləmələr keçirildi

Ermənistan parlamentində sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı dinləmələr keçirilib. Sfera.az  "News.am”a istinadən xəbər verir ki, din...