Azərbaycan aşağı neft qiymətlərinə hansı müddətə qədər tab gətirə bilər? – TƏHLIL
Azərbaycanda koronavirusun fəsadları kimi insanlarda narahatçılıq yaradan amillərdən biri də neftin qiymətidir. Belə bir narahatçılıq var ki, neftin ucuzlaşması manatın ucuzlaşmasına, qiymətlərin artmasına, iş yerlərinin bir hissəsinin bağlanmasına və s. kimi arzuedilməz iqtisadi dəyişikliklərin baş verməsinə gətirib çıxaracaq. Həqiqətən də neftin qiymətinin kəskin enməsi ölkəmizin iqtisadiyyatı üçün böyük risk yaradır və bundan hamının zərər görməsi ehtimalı var.
Amma bizim üçün önəmli olan məsələ neftin qiymətinin nə qədər enməsi deyil. Önəmli olan məsələ neftin aşağı qiymətlərdə nə qədər qalmasıdır. Əgər indiki qiymətlərlə neft satışı bir neçə ay davam edərsə, bu, ölkəmiz üçün ciddi problem yaratmaz. Amma aşağı qiymətlər bir il və daha çox davam edərsə, o halda çox böyük maliyyə itkiləri ilə üzləşəcəyik.
Bəs, Azərbaycan aşağı neft qiymətlərinə hansı müddətə qədər tab gətirə bilər və hansı halda devalvasiya qaçınılmaz olacaq?
Sfera.az xatırladır ki, ölkəmizə ucuz neft pulları aprel ayından daxil olacaq. Yanvarın 1-dən aprelin 1-nə qədər neftdən daxil olan pullar əvvəlki dövrə aid qiymətlərlə satılan neftdən əldə edildiyindən gəlir yüksəkdir. Birinci rübdə müqavilə şərtlərinə uyğun olaraq xam neftin qiymətlərinin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək olduğu dekabr, yanvar və fevral aylarına aid partiyaların satışlarından gəlir əldə edilib. Bu aylar üzrə xam neftin orta xalis mədaxil qiyməti 59 dollar olub. Apreldən əldə ediləcək gəlir neftin mart ayındakı qiyməti əsasında olacağından gəlirlərdə ciddi azalma baş verəcək. Mayda isə gəlirlərdə daha çox enmə olacaq, çünki əldə ediləcək mənfəət aprel ayının qiymətlərinə əsaslanacaq.
Apreldə neft qiymətlərinin dib səviyyə düşdüyünü müşahidə edirik. Hətta dünən dünya tarixində ilk dəfə olaraq ABŞ birjasında Texas neftinin qiyməti sıfır həddindən 40 faiz ucuza da satıldı. Azərbaycan neftinin qiyməti isə 21,3 dollar olub. Bazarlarda qiymət böhranı elə bir səviyyə çatıb ki, hər cür qiymətləri müşahidə edə bilərik.
İndiki şəraitdə Azərbaycan üçün narahatçılıq yaradan məsələ neft qiymətlərinin hansı həddə düşməsi yox, həmin səviyyədə nə qədər qalmasıdır. OPEC və onunla birgə hərəkət edən ölkələrin razılaşmasından belə aydın olur ki, neft bazarında qiymətlər iyul ayından tədricən yüksəlişə keçəcək. Proqnozlara əsasən, artıq avqust-sentyabrda qiymətlər 35-40 dollar səviyyəsində olacaq. Hazırda Azərbaycan neftinin qiyməti 20-22 dollardır. Qiymət bu səviyyədə qalarsa, neft yanvar-apreldə orta hesabla 50-52 dollardan, yanvar-mayda 43-45 dollardan, yanvar-iyunda 38-40 dollardan satılmış olacaq. Deməli, pis ssenaridə ilin birinci yarısında nefti orta hesabla 38 dollara sata biləcəyik.
İxrac etdiyimiz neftin qiyməti ilin ikinci yarısında yüksəlişə keçərsə, o halda, orta qiymət 35-38 dollar aralığında qalar. Dolların məzənnəsi 1,7 olmaq şərtilə bu qiymətlə tədiyə balansında tarazlıq yaratmaq çətin görünür. Amma ən pis variantlar arasında ən yaxşısı hesab edilir. Orta illik qiymət 35-38 dollar arasında olarsa, Azərbaycan Neft Fondunun vəsaitindən istifadə etməklə maliyyə tarazlığını təmin etmək mümkümdür. Bu variantda Neft Fondunun aktivləri investisiya portfelinin ucuzlaşması ilə birgə 3-4 milyard dollar azalacaq. 2016-cı ildə də Fondun aktivləri təxminən bu qədər azalmışdı və sonrakı illərdə neft qiymətlərinin bir qədər yüksəlməsi nəinki aktivləri əvvəlki səviyyə çatdırmağa imkan verdi, hətta daha çox vəsait toplamağa şərait yaratdı.
İndiki şəraitdə Azərbaycan üçün əsas şərt neftin uzun müddət aşağı qiymətlərə satılmamasıdır. Əgər neft qiymətlərində 2014-cü ilin ikinci yarısından başlayan prosesə bənzər hal təkrarlanacaqsa, o halda vaxt itirmədən devalvasiyaya getmək lazımdır. Amma mövcud qiymətlər iyul-avqust ayına qədər, hətta ilin sonuna qədər qalarsa, sonra yüksələcəksə, indiki məzənnəni saxlamaq daha məqbuldur.
2015-ci ilin əvvəlində Azərbaycan hökumətinə aydın oldu ki, neftin qiyməti uzun illər 40-60 dollar intervalında qalacaq. Həmin dövrdə dolların kursu 0,78 manat idi və bu məzənnə ilə tədiyə balansında tarazlığı təmin etmək üçün neft qiymətləri 60 dollardan aşağı düşməməli idi. Azərbaycan hökuməti gördü ki, neft 60 dollardan yuxarı qalxma ehtimalı azdır, eyni zamanda hasilat hər il azalır, belə vəziyyətdə haqlı olaraq devalvasiya qərarı verildi.
İndi oxşar prosesin getməsi ehtimalı azdır. İri neft hasilatçıları bazarda qiymətlərin optimallaşdırılması üçün razılaşıblar. Amma koronavirus pandemiyası elə bir karantin vəziyyət yaradıb ki, o, aradan qalxmadan neft qiymətlərinin yüksəlişə keçməsini gözləmək əbəsdir. Ümumdünya Səhiyyə Təşkilatı proqnozlaşdırır ki, dünyanın əsas hissəsi karantindən iyun ayından sonra çıxacaq. Deməli, beynəlxalq birjalarda neft qiymətləri ən tezi iyuldan yüksəlişə keçəcək.
Azərbaycan tərəfi bu proqnozu nəzərə alaraq ilin ikinci yarısına qədər gözləməyi məqbul hesab edib. Böyük ehtimalla bütün çətinliklərə baxmayaraq ilin sonuna qədər hökumətimiz devalvasiya qərarı verməyə tələsməyəcək.
Vasif
Sfera.az