Aysel Əlizadə: \"Bir də ayıldıq ki, ata qızını zorlayır\" - FOTO

Aysel Əlizadə: \
 

"Seksin poeziyası" adlı şeirlər kitabı yenicə işıq üzü görən yazıçı Aysel Əlizadə publika.az-ın qonağı olub.

Milli.Az yazıçının müsahibəsini təqdim edir:

- Söhbətimizə kitabın adından başlamaq istəyirəm. Kitab "Seksin poeziyası" adlanır. Cəmiyyətimizdə müəyyən stereotioplər var. Bu stereotipləri qırmaq üçünmü kitaba bu adı vermisiniz?

- Bəli. Stereotipləri, doqmaları, kiflənmiş əngəlləri. Mənəvi sərhədləri - o sərhədlər ki, insanın azadlığına çox böyük əngəl yaradır, bunları qrımaq üçün. Bir ölkədə, cəmiyyətdə beynəlxalq bir termin problemli qarşılanırsa, ədəbsiz, ayıb söz hesab edilirsə, orada daha üst pilləyə qalxıb nəyisə həll etmək mümkünsüzdür. Çünki Avropa, Qərb yalnız seksual inqilabdan sonra inkişaf etdi. Seks problemini həll edəndən sonra demokratiya qura bildi. İnsan hüquqlarının təməl prinsipləri quruldu. Bunsuz mümkün deyil. Buna qədər əsrlər əvvəl kilsə ilə dövlətin yollarını ayırmaq istiqamətində mütəfəkkirlərin gördüyü işlər, Martin Lüterin "Bibliya"nı tərcümə etməsilə təməli qoyulan protestantlıqla başlatdığı proses və s. Bu gün isə insan haqları mövzusunda liderdirlər. Mən düşünürəm ki, biz bu mərhələni adlamasaq - buna əminəm - bir ölkədə qadını mühafizə olan, uşağı, gənci mühafizə olan bir ölkədə insanların təməl azadlıqları - mənəvi, fiziki, seksual sərbəstlikləri mühafizə olunan bir cəmiyyətdə böyük işlər görmək mümkün deyil. Hansısa bir siyasətçi, politoloq, ictimai xadim, mütəfəkkir düşünürsə ki, durub hakimiyyəti tənqid etməklə ölkədə dəyişiklik edə biləcək, bu, boş fikirdir. Bu, sabun köpüyüdür. Bu, ideya deyil, bilgisizlikdir. Bu, dünya ölkələrindəki inkişaf prosesini görməməkdir, anlamamaqdır. Təsəvvür edə bilirsiniz, inkivizisiyanı yaşamış Avropadan danışırıq. Belə bir coğrafiya bu gün feminizmin, qadın-kişi bərabərliyinin, söz azadlığının lideridir. İnkivizisiya olub e. Bu cəmiyyətlər insanları düşüncəsinə görə diri-diri yandırıblar. İndi görün, hara gəlib çıxıb.

- Bəlkə zaman lazımdır?

- Nə qədər gözləyəcəyik?

- Amma Avropada inkivizisiya da əsrlər əvvəl olub...

- Amma mücadiləsini də davam etdirib. Baxın, orada 60-70-ci illərdə seksual inqilab başlayanda - bu anlayış bir az tarixi prosesə aid edilən anlayışdır - insanlar əllərində şüarla küçələrdə yürüş etməyib. Bu, sosial proses kimi baş verib və ictimai, mədəni, mənəvi, siyasi prosesə çevrildi. Burada nə baş verdi? Gənclər sosial qrup kimi nəzərə alındı, qadınların yeganə hədəfinin ərə getmək olmadığının anlaşıldı, insan azadlığı, demokratik prinsiplərin ilkin təməlləri qoyuldu. Böyük bir bəşəri mərhələnin başlanğıcı oldu. Seksual inqilab kimin harada necə gəldi sekslə məşğul olması deyil.

- Bəlkə də biz "seks" sözünü düzgün anlamırıq.

- Əlbəttə, "seks" ingiliscədən tərcümədə "cins" deməkdir. Fransız filosofu, feminizmin banilərindən hesab olunan Simone de Bevuar "The second sex" adlı bir kitab yazıb. Azərbaycan dilinə tərcümədə kitabın adı "ikinci cins" olur. Müəllif ikinci cins kimi qadını nəzərdə tutur və onun cəmiyyətdəki problemlərindən danışır. Niyə ikinci cins? Çünki söz haqqı yoxdur, seçim haqqı yoxdur, təhsilini, ərini, ana olub-olmamasını seçə bilmir, havayı xadiməlik, baxıcılıq rolunu oynayır. Üstəlik, ömür boyu əri tərəfindən seksual istismara məruz qalır. Bu kitaba minlərlə qadın dəstək verdi. Minlərlə qadın qoşuldu. Çünki müəllif onun yaşamlarından yazmışdı. Bu kitab qadın hərəkatının ən sevimli kitablarından biri oldu.

Bizdə isə "seks" sözü mətbuatda, xəbərlərdə, adətən, "cinsi əlaqə" kimi verilir. Əslində, "cins" sözü də seksə əlavə kimi idi. Sadəcə ingilislər əlavə sözü atdılar və qısa şəkildə "cins" sözünü saxladılar. Çünki ikili termin olmur, termin bir sözdən ibarət olmalıdır. İngilislər bu zəkalı yanaşma ilə öz dillərini bütün xalqların həyatına soxa bildilər. Bu, çox ciddi siyasətdir. Məsələn, onlar "cinsi əlaqə" desəydilər, bəlkə də bu qədər effektiv olmazdı. Biz isə "cinsi əlaqə" deyirik, "intim münasibət" deyirik. Halbuki biz "seks" terminini götürüb rahat şəkildə işlədə bilərik də. İkincisi, lap cinsi əlaqə kimi işlədirik. Bu, niyə ayıb sayılmalıdır? Bu sözü ilk dəfə mən demişəm və yəqin ki bundan sonra yayılıb: "seks" sözünə ikrahla baxan adamlar, bu sözdən qorxanlar özlərini leyləyin dimdiyində gəlmiş kimi aparırlar. İnsanlarımız özlərini leyləyin dimdiyində dünyaya gəlmiş kimi aparırlar. Halbuki bütün insanlıq bu prosesdən keçir. Hamının ata-anası sevişir və nəticədə insan yaranır. O zaman biz buna niyə ayıb, tərbiyəsiz bir şey kimi baxmalıyıq? Digər tərəfdən, insanların intim haqqı, özəl haqqı, partnyor seçmək haqqı olmadığı halda onun başqa haqqı ola bilməz. Çünki hər şey buradan başlayır. Özəldən başlayır. Seks azadlığı harada gəldi, necə gəldi, kimlə oldu cinsi əlaqəyə girmək demək deyil, partnyor seçə bilmək azadlığıdır. Seks azadlığı termin kimi, məzmun kimi o deməkdir ki, insanın öz partnyorunu seçmək hüququ var. Bu haqq qorunur və bu haqqa hamı sayğı ilə yanaşır.

- Bizim ölkədə buna qadının həyat yoldaşı seçmək hüququ kimi baxılmalıdır?

- Həyat yoldaşı, partnyor seçmək. Fərq etməz. Bu onun öz işidir. İstər ona həyat yoldaşı deyə bilər, istər başqa şey.

- Yəni nikahdankənar da?

- Əlbəttə. Hətta kəbin belə dövlət səviyyəsində qəbul edilmir. Bu da o deməkdir ki, insan öz partnyorunu seçib onunla yaşayır. Biz sadəcə bununla özümüzü aldadırıq. Qadınların əksəriyyəti kəbində ərəbcə hansı sözlərin deyildiyini bilmir. Qadınlar o sözləri oxuyub tərcüməsini və mahiyyətini bilməlidir. Bəlkə onu aldadırlar... Bəlkə elə bir şey heç mövcud deyil. Sən bir insanla nikaha daxil olmağa qərar vermisən. Sənə kəbin kəsdilər. Orada nə dedilər? Bəlkə səni söyürlər? Bəlkə sənə pis sözlər deyirlər? Ona görə də o sözlərə baxmaq lazımdır ki, sənin həyatınla nə iş gördüklərini biləsən. Bütün bu sənədlərin hamısı aldadıcıdır. Niyə amerikalılar 20 il birlikdə yaşayırlar, amma nikaha girmirlər? Çünki onlar bunu ayıb hesab edirlər. Amerikalılar deyirlər ki, münasibəti sənədləşdirmək təşəbbüsü insanların bir-birinə güvənsizliyinin əlamətidir. Bu o deməkdir ki, mən o kişiyə və ya qadına etibar etmirəm. Biz bir-birimizi bir sənədlə bağlamağa çalışırıq. Buna görə də onlarda münasibətlər çox rahatdır. Gərgin deyil. 20 ildən sonra kişi arvadı ilə nikaha girmək istəyir. Niyə? Deyir ki, ağır xəstəyəm. Mülküm, var-dövlətim qadınıma qalsın. Rəsmi haqqı olsun onların üzərində çünki o, 20 ildir mənimlə birlikdə yaşayıb. Ancaq bu səbəbdən. Bu, ailə deyil? Bu ən gözəl, ən ciddi ailədir? Amma 20 il nikahda yaşayanlar var ki, onların bir-birinə nə sevgisi, nə hörməti, nə istəkləri, nə etibarı olur. Əksinə, düşünürlər, necə edək ki, adıma olan mülk arvadıma qalmasın, anamın və ya qardaşımın adına keçsin. Onları 20 il ancaq sənəd və ictimai qınaq bir yerdə saxlayıb. Amerikalılar isə 20 il birlikdə yaşayır. Sənəd yox, ictimai qınaq yox... Görün, nə boyda sevgidir, bir-birinə olan ehtiyacdır. İnsanlar nə zaman birlikdə yaşamalıdır? Ayrı yaşaya bilməyəndə.

- Fikirləri ümumiləşdirsək, necə düşünürsünüz, Azərbaycanda seks inqilabı olmalıdır?

-Mütləq şəkildə. Bir neçə ilə əvvəl kolleqamla insestlərdən, zoofiliyadan, pedofiliyadan danışırdıq. Bunlar, xüsusilə, Azərbaycanın bölgələrində çox yayılıb. Rayonlarda insest inanılmaz dərəcədədir və bunu gizlədirlər. Bölgələrdə bizim bütün kişilərimiz seksual həyata zoofil kimi başlayırlar və biz buna normal baxırıq. Biz deyirik ki, kişi zoofil olsun, amma gedib sevdiyi qızla birlikdə olmasın. Buna görə də mənim kolleqam seksual inqilabın vacibliyindən söhbət açdı. Mənim də əhatəmdə tanıdığım qadın və kişilər həmişə öz həyatları illə bağlı özləri qərar veriblər deyə, mən düşündüm ki, buna ehtiyac yoxdur. Bizdə seksual inqilab baş verib də, hər kəs öz həyatını yaşayır. Çünki əhatəmdəki insanlar elə yaşayırlar. Qızlar oğlanlarla sevgili olurdular, görüşürdülər, evlənirdilər. Heç bir problem yox idi. Kimsə onlara qarışmırdı. İstədikləri qədər uşaq dünyaya gətirirdilər və yaxud uzun müddət uşaqları olmurdu. Oxuyurdular, xaricə səfərlərə gedirdilər, təhsillərini orada davam etdirirdilər. Mən də belə bir əhatə görürdüm. Bir müddət bu yüksəliş oldu. Gənclər müqavimət göstərirdilər. Bir müddət keçdikdən sonra bizə qonşu ölkələrdən ciddi təbliğatlar gəlməyə başladı. Məzhəblər, yalnız qadına şamil olunan qadağalar, qadının özəl həyatını mühafizə edən müxtəlif tezislər və s. Getdikcə dərinləşməyə başladı. Bu məqamda həyəcan təbili çalan siyasilərimiz, ictimai xadimlərimiz olmadı. Bir də ayıldıq ki, ata qızını zorlayır.

- Bu proses təxminən hansı illərdən başlandı? Dediyiniz şeylər 90-cı illərdə də vardı. Bəs sonrakı dövrdə necə oldu?

Mənə elə gəlir ki, 2005-ci ildən sonra.

Azərbaycan dövlətinin maarifçiliyinin, jurnalistikasının, ədəbiyyatının təməlini qoyan adamların hamısı anti-məzhəbçi olub. Azərbaycan ədəbiyyatında məzhəbçiliyi yayan maarifçi yoxdur. Nə də cümhuriyyət qurucularının içində yoxdur. İnanc başqa şeydir. Cəmiyyətin minillik inancını dəyişməyə çalışmaq absurddur. Heç bir ağıllı siyasətçi bunu etməz. Təbii ki, deyəcək "bu, bizim dəyərimizdir" filan. Amma daha ağıllı formada. Oxumaqla, elminə yiyələnməklə, tərcümə etməklə. Cəhalətinə yiyələnməklə yox. Cümhuriyyətçilər də bunu etdilər. Müasir Azərbaycanın mədəniyyətinin təməli bu cür qurulub.

- Belə başa düşülür ki, atanın qızını zorlaması və bu kimi hadisələr məzhəbçilikdən irəli gəlir.

- Bunu mən demirəm, araşdırmaçılar deyir ki, pedofiliyanın mənbəyi kilsə sayılır, homoseksuallığın mənbəyi kilsə sayılır. Həmçinin lezbiyanlığın da. Çünki eynicinsli adamları yığıblar bir yerə. Onlara seksi qadağan ediblər. Sevməyi, toxunmağı, normal insan kimi yaşamağı qadağan ediblər. Amma başa düşmürlər ki, təbiətlə mübarizə aparmaq olmaz. İnsanın biologiyası su içmək istəyir, sevişmək istəyir, sevmək istəyir. Ümumdünya Səhiyyə Təşkilatı sevgini xəstəlik elan edib. İndi kim səhər yuxudan ayılıb deyir ki, salam mən bu gün yuxudan yaxşı durmuşam, gedim sevim. Belə olmur. İnsan tutulur bu hissə. Türklər buna "tutku" deyirlər. İnsan sevgiyə tutulur, sevdiyi insana tutulur. Bu, bioloji faktordur. Bilmirsən nə zaman sevirsən və sevdiyin adamın başqalarından fərqi nədir. Bu, təbiət hadisəsidir. Bunun qarşısını necə alacaqsan? Dörd divar arasına salsan da, mümkün deyil. Buna qarşı çıxanda anormal hadisələr baş qaldırır. Bədən bağırır, emosiyalar çölə çıxmaq istəyir. Ona görə də homoseksuallıq və bu kimi axınların mənbəyi kimi kilsə göstərilir. Çünki o dövrdə kilsə cəmiyyətin bütün sferalarının mütləq hakimi idi. Hələ dövlətçilik ənənəsi yox idi. Hələ qanunvericilik yaranmamışdı. Hakimiyyət kilsədə idi. Bundan qurtulandan sonra, dövlətçilik ənənələri yaranandan sonra, kilsyə deyiləndən sonra ki, get bir küncdə otur, gəlib vaxtlı-vaxtında şamımı yandıracam, sən heç nəyə qarışma, cəmiyyət inkişaf etməyə başladı. Eyni modeli bizdə də tətbiq etdilər. Cümhuriyyətçilər bunu gördülər. Yusif bəy, Topçubaşov və yandaşları bunu tətbiq etməyə başladılar. Dövlətçilik cəmiyyətin qanına hopmasa, onun yerini məzhəbçilik tutacaq. Kilsə estetikası tutacaq. Bizdə isə bunu məscidlər, pirlər əvəz edəcək. Baxın, Əbdürrəhim bəy Haqverdiyev və Nərimanov öz əsərlərində pirçiliyi ifşa edib. Niyə? Çünki aydın idilər. Görüblər və göstəriblər. Martin Lüter kimi onlar da özlərini mentalitetin qarşısında sipər etmişdilər. Cəlil bəy də, Axundov da, Sabir də. "Harda müsəlman görürəm, qorxuram". Niyə buna dinçilik demirəm, məzhəbçilik deyirəm? Çünki din başqa anlayışdır. Mən dini inancın ideoloji mənbəyi hesab edirəm. İnsan inanclı da ola bilər, olmaya da bilər.

Bu yaxınlarda canlı yayım zamanı özünü hökumətə alternativ hesab edən siyasətçilərimizə bir mesaj verdim: mən onlara inanmıram. Sadaladığım bu məsələlərə görə. Onlar görə-görə, bilə-bilə ki, bu radikallıq, cahillik bu cəmiyyəti uçuruma aparır, xal qazanmaq naminə, qələbə də yox ha, xal qazanmaq naminə bu kiflənmiş, istifadə müddəti iki əsr əvvəl bitmiş doqmaları müdafiə edirlər. 17 yaşlı qız intihar edir, vaxtı 2 əsr öncə bitmiş bir doqmanın qurbanı olur - valideyn müdaxiləsinin. Azərbaycanda heç bir siyasətçi buna münasibət bildirmir. (kinayəli gülüşlə) Siz nə ölkə quracaqsınız mənimçün? Mənim ölkəmdə çox ciddi problem var. Bu problemlərin həllində dövlətin də üzərinə məsuliyyət düşür. Amma bu şəxslər iddia edir ki, hökumətdəkilər yaxşı idarəçi deyil və mən onların alternativiyəm. Mən düşünürəm ki, bu cür yox, başqa cür idarə olunmalıdır. Tamam. Sən nəyə inanırsan o zaman? Nəyi düzgün hesab edirsən? Nə təklif edirsən?

Mən siyasi lider olsaydım, 5-10 dənə də siyasətçini başıma yığıb gedərdim o evə. Çünki orda Azərbaycanın probleminin kökü var. Çünki Azərbaycan orada qanayıb. O evdə yara var. O yaranı sağaltmasan, heç nə düzələn deyil. Sən bir gəncin təməl azadlıq prinsipini, haqqını müdafiə etmədin. Bu boyda xalqı müdafiə edəcəksən? Yalandır, saxtadır. İki dünya bir olsa da mən inanmaram ki, o adamlar Azərbaycana demokratiya gətirəcək. Demokratiya azadlığın son həddidir. Pillə-pillə qalxırsan və ən üst pillədə demokratiyaya çatırsan. Seksual inqilab iki çox ciddi tendensiya yaratdı. Gənclərin azadlığı və sairdən əlavə, insan haqları, söz azadlığı və sərbəstlik. 17 yaşlı bir qız öz intiharı ilə əslində seksual azadlıq mübarizəsinin təməlini qoydu. O, öz ölümü ilə mesaj verdi ki, zorla heç kimin arvadı ola bilməz. Bu intihar bütün cəmiyyətin əsas narahatlıq mənbəyi olmalıdır. Burada ciddi mətləblər yatır. Belə intihar həddinə çatmış qızların döyməyə qapısının olması vacibdir. Bizdə bu qapılardan var. Amma kifayət qədər işləmirlər. Məsələn, Ailə, Qadın və Uşaq Komitəsi. Mən bir Azərbaycan vətəndaşı kimi bu qurumun fəaliyyətini görmürəm. Elina hadisəsində onların bir işçisini biz verilişə zorla dəvət etdik. Gəlmirlər, müsahibə vermirlər, heç yerdə çıxış etmirlər. Halbuki Gülər hadisəsində onlar həyəcan təbili çalmalı idilər. Hər yerdə çıxış etməli idilər. Verilişlər təşkil etməli idilər. Gəlib "Publika"nın qapısını dağıtmalı idilər ki, biz bu barədə danışmaq istəyirik. Amma nə oldu? Bir jurnalist güc-bəla ilə onlardan soruşdu ki, ay qardaş, bu hadisələrin axırı necə olacaq? Onlar da qayıdıb dedi ki, biz monitorinq aparırıq. Nə oldu bu monitorinqlərin nəticəsi? Çıxdınızmı camaatın qabağına? Hesabat verdinizmi? Yoxdurlar. Mən onları Azərbaycan qadınının, uşağının yanında görmürəm.

 

- Yazdığınız kitablarla bu yaraları sağalda biləcəyinizi düşünürsünüzmü?

- Əlbəttə. Gərək ayrı-ayrı qurumlar mənə dəstək versinlər. Bu kitabı alıb təbliğ etsinlər. Çünki kitabın içində insani prinsipləri, münasibətləri tənzimləyə biləcək, örnək ola biləcək şeylər var.

- Axı irad bildirdiyiniz qurumlar burada yazılanları qəbul etməyəcək.

- Etmirlərsə, onda qurumlarını bağlasınlar. Fəaliyyət göstərməsinlər. Biz də bilək ki, onlar yoxdur.

- Bilirsiniz ki, cəmiyyətimiz belə açıq-saçıq kitabları, yazıları asanlıqla qəbul etmir. Bu durumda sizə təzyiqlər olurmu?

- Bir neçə il əvvələ qədər olub. Məsələn, 5 il əvvəl yazanda olurdu. İndi yoxdur. Çünki auditoriya mənim obrazımı qəbul edib. Bu kitabı məndən başqa yazan olsaydı, onu bu dəqiqə topa tutmuşdular. Mənim bəlli bir obrazım və insanlar bunu qəbul edir. Çünki onlar mənim nə demək istədiyimi bilirlər. Hətta buna etiraz edən adam da bilir. Baxır ki, bu obraz əxlaqsızlığı yaymaq məqsədilə yazmır. Mənim həyat mübarizəm, yaradıcılığım təməl prinsiplər üzərində qurulub. İnsanlar illlərdir ki, bunu oxuyurlar, dinləyirlər, başa düşürlər.

- Kitabda başqa hansı mətləblərə yer vermisiniz?

Qeyd edim ki, kitabda söhbət təkcə seksdən getmir. Kitabın içində bir silsilə var. Millət vəkillərinə aid şeirlər yer alıb. Bir neçə millət vəkili var ki, çıxışlarında ciddi qüsurlara yer vermişdilər. Cəmiyyət də onları aqressiv qarşıladı. Həmin an mən də qəzəblənib bir neçəsinə şeir yazmışam. Məsələn, "Ayağını yorğanına görə uzat" şeiri bu qəbildəndir. Mən bu şeirləri poeziya deyil, yazıçı və vətəndaş mövqeyi hesab edirəm. Mənim üçün poeziya heca quraşdırmaqdan daha çox real hadisələri, duyğuları, insanlıq halını ifadə etməkdir.

- Şeirdə həm də sosial çağırış olmalıdır...

- Olmaya da bilər. Bu, mənəvi çağırış da ola bilər. İnsanın təklik halında hiss etdiyinə həmdəm ola bilər. Mənəvi həmdəm ola bilər. Çox ümid edirəm ki, mənim kitabım oxucuların dostu, həmdəmi olacaq.

- Kitabın təqdimat mərasimi keçirilib?

- Sentyabrın sonunda təqdimat mərasimi baş tutacaq.

- Satış prosesi ilə maraqlanmısınızmı?

- İnsanlar kitabın adından qorxurlar bir az. Amma alanlar da var. Şeirləri oxuyurlar, paylaşırlar. Elə insanlar da var ki, əhatəsindən çəkindiyinə görə kitabı paylaşmır, amma sosial şəbəkə vasitəsilə mənə göndərir. Yalnız yaxşı rəylər alıram. Çünki bu kitab mənim canımı, qanımı yırta-yırta çıxan sözlərdən əmələ gəlib. Mən şair kimi gördüyüm sosial, qlobal, ictimai, ruhani nə varsa, hamısını kompaktlaşdırıb kitab halına salmışam. Mənim şeirlərimdə quraşdırma, söz oyunu yoxdu.

- Sizin düşüncənizə alternativ fikirləşən insanlar da var. Onlar düşünür ki, sizin müdafiə etdiyiniz fikirlər ailə dəyərlərini dağıdır. Əksəriyyət də belə düşünür.

- Mən də onlara sual verirəm: hansı ailə dəyərləri? Biz bayaq danışdıq o ailə dəyərlərindən. Ailə dəyərləri iki insanın bir-birinə heç nədən asılı olmadan birlikdə yaşamaq arzusu və sevgisidir. Kağızla ailə olmur, ictimai qınaqla ailə olmur. Cəmiyyətin xatirinə birlikdə yaşamaq ailə deyil. Bir dövlətdə insanların seçki hüququnun olmasından daha əhəmiyyətli şey onların söz azadlığıdır. Bir qadın deyə bilmirsə, mən filan kişi ilə ailə qurmaq, yaşamaq istəmirəm, o qadına seçki hüququ verdin nə olacaq, vermədin nə olacaq? Cəmiyyət xəstədir. Əsas sağalacaq yer budur. Statistika ilə ailə hesab olunan ailənin içində qız atası tərəfindən zorlanır. Ailə modelini qorumaq istəyirlərsə, bununla mübarizə aparsınlar. Apara bilərsinizmi? O atanı cəzalandıra bilərsənmi? O qızı evində saxlayıb ona sahib çıxa bilərsənmi? Bilmirsənsə, danışmayacaqsan. Bütün bu problemlərlə yanaşı, səni təkcə "seks" sözü narahat edirsə, sənin başında problem var. Ailə dəyəri deyilən şey atanın qızını tanımadığı kişi ilə yatağa soxmasıdırsa, mən o kişinin ölkəmdən yox olmasını istəyirəm. Bir ata öz qızını yad kişi ilə bir günün içində yatağa girməyə məcbur edirsə, o adam xəstədir. O, insan ürəyi daşımır. O adamı reabilitasiya etmək lazımdır. Bir qızı, yaşı nə qədər olursa-olsun, qoxusunu tanımadığı, sevmədiyi adamla yatmağa məcbur edirlər. Bu, mənim üçün faciədir. O qız həmin travmadan sonra qadın ola biləcək? Onun böyütdüyü uşaq necə olacaq? İnsan öz övladına bunu necə yaşada bilər?

- Bu həqiqətləri çoxları bilir, agahdır. Lakin çoxu danışmır bu haqda.

- Mən danışıram.

- Sizcə, danışmaq işə yarayacaqmı?

- Əlbəttə. 100 il sonra tarixi açıb araşdıracaqlar və qarşılarına mənim kitabım çıxacaq.

Biz bir hasar hörmüşük beynimizdə. O hasarın içində hamımız bədbəxt formada yaşayırıq. Biz hamımız öz qoyduğumuz qaydalarla bir-birimizi bədbəxt etmişik.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...