Aydın Mirzəzadə: \" Mehman Hüseynova konkret ittiham verilib və bu, siyasi motivli deyil \"

Aydın Mirzəzadə: \
"Mehman Hüseynova konkret ittiham verilib və bu, siyasi motivli deyil", Milli Məclisin üzvü Aydın Mirzəzadə deyir.
O, azadlığına iki ay qalmış yeni ittihamla üzləşən Mehman Hüseynovla bağlı deyib ki, əgər ittihamlar əsassızdırsa, video bloqçu və vəkilinin bunu sübut etmək ixtiyarı var.
Aydın Mirzəzadə BBC News Azərbaycancaya müsahibəsində Mehman Hüseynovla bağlı məsələnin "siyasiləşdirilməsinin əleyhinə" olduğunu söyləyib.
 
- Aydın bəy, Mehman Hüseynovun aclıq aksiyasına başlamasından sonra narazılıq müşahidə olunur. Hakimiyyət isə bu etirazlara və Mehman Hüseynovun aclıq aksiyasına heç bir reaksiya vermir. Bunun səbəbi nədir?
- Bu, səhv mülahizədir. Birincisi, bu gün məhbus olan hər bir insan dövlətin diqqətindədir. Onun cəzasını çəkməsi ilə yanaşı hüquqları da, sağlamlığı da qorunur, onunla bağlı hər bir məsələ hakimiyyətin diqqətindədir. Bu gün Hüseynov adlı məhbusu ümumi məhbus kontingentindən ayırıb siyasi mövzuya çevirməyin əleyhinəyəm. O, vəkillə təmin edilib, onun məhkəməsi açıq keçiriləcək və eyni zamanda aclıq keçirməsi barəsində məlumat yalandır. Penitensiar Xidmət bildirir ki, o qidalanır və sağlamlığı ilə bağlı problem yoxdur.
 
- Çox əminliklə Mehman Hüseynovun aclıq etmədiyini dediniz. Niyə belə əminsiniz? Bəlkə başqalarının da əmin ola bilməsi üçün nəsə edilməlidir?
- Vəkilinə onunla görüşməyə imkan verilir. Mən başa düşürəm, Mehman Hüseynovun tərəfdarı olan bur qrup insan var. Onlar onun məsələsini qaldırırlar, amma onlar bu məsələni hüquqi cəhətdən qaldırmırlar. Yəni, bu gün onun həyatına və sağlamlığına hər hansı təhlükə yoxdur. Ona qarşı irəli sürülən ittiham hələ məhkəmə prosesində təsdiqlənməlidir. Bu ittiham təsdiqini tapacaq, ya yox məhkəmə göstərəcək. Bu gün müəyyən qrupun Mehman Hüseynova maraq göstərməsini normal qəbul edirik. Biz demokratik, hüquqi dövlətdə yaşayırıq və istənilən məsələnin müzakirə edilmək və hər kəsin sərbəst fikrini ifadə etmək hüququ var.
 
- Siz məhkəmədə rəsmi ittihamın təsdiqini tapıb-tapmayacağına toxundunuz. Amma məsələ bundadır ki, son illər Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə çoxlu şikayət göndərilir və onların böyük əksəriyyətində vətəndaş haqlı çıxır, hökumət cərimələnir, məhkəmənin ədalətli olmadığı deyilir. Bu durumda sıravi vətəndaşın, xüsusən də hakimiyyətin tənqidçisi olan şəxsin məhkəməyə etimad göstərməsinə əsas varmı?
 
- Birincisi, istənilən ölkədən Avropa İnsan Hüquqları Məhkəməsinə çoxlu müraciət var. Avropa, demokratiya beşiyi sayılan ölkələrdən olan müraciətlərin sayı Azərbaycandan qat-qat çoxdur. Cəmiyyət varsa, problem də var, narazılıq da, bu, normaldır. Problem onda olardı ki, Azərbaycan öz vətəndaşına həmin məhkəməyə müraciət etməyə qadağa qoyardı və yaxud həmin məhkəməyə qoşulmaq barədə müqavilədən çıxardı. Bunun özü göstərir ki, Azərbaycan Avropa hüquq sisteminin bir hissəsidir, verilən qərarları qəbul edir. Qəbul edilən qərarlara gəlincə, deməli, hardasa səhv buraxılıb, hardasa boşluq var və hansısa bir məsələni diqqətdə saxlamaq lazımdır. Bu da daim edilir. İkincisi, dövlətin hansısa qolunun fəaliyyətindən narazılıq varsa, bu, populist şəkildə olmamalıdır, konkret fakta bağlanmalıdır. Mən sosial şəbəkəni izləyirəm və açığı, əksər hallarda konkret yox, ümumi ittihamlarla qarşılaşıram və bunu qəbul etmirəm.
Hüseynov
 
- Qayıdaq Mehman mövzusuna. Mehman Hüseynov vəkili vasitəsilə bildirib ki, mübarizə qurban tələb edir və o, öz həyatını qurban verməyə hazırdır. Bununla belə rəsmi qurumlar bu məsələyə hələ hər hansı bir reaksiya bildirməyib. Sizcə, bu əhvalat sonunda bir gəncin həyatı bahasına başa gələrsə, günahkarı kim olacaq, məsuliyyət kimin üzərinə düşəcək?
 
- Nəzəri sual verdiniz. Penitensiar sistem deyir ki, o, aclıq keçirmir. Mənim rəsmi hakimiyyətin mövqeyinə inanmamaq hüququm yoxdur. Digər tərəfdən, vəkilinin ixtiyarı var ki, onunla görüşüb vəziyyətlə tanış olsun. Siz məsələ qaldırdınız ki, nəyə görə rəsmi hakimiyyət reaksiya vermir. Mehman Hüseynov Azərbaycanda olan on mindən bir qədər çox məhkumdan biridir. Və hər məhkumun yaxınları, qohumları hansısa məsələyə yenidən baxılmasını istəyirlər. Gəlin bir anlığa təsəvvür edək, hakimiyyət ancaq məhkumların müraciətləri ilə məşğuldur, bəs cari məsələlərlə kim məşğul olacaq? Dövlətin idarə edilməsi, cəmiyyətin qarşılaşdığı problemlərlə kim məşğul olacaq?
 
- Mehman Hüseynov və ya qeyrisi məhkum da olsa, Azərbaycan vətəndaşıdır və dövlət də bu cür ayrı-ayrı vətəndaşların, fərdlərin problemlərini araşdırmaq, yoluna qoymaq üçün qurulmayıbmı?
 
- Biz bunu inkar etmirik ki. Mehman Hüseynovun hüquqlarının qorunmasında Azərbaycan dövləti maraqlıdır. Bu gün tək Hüseynov deyil, bütün həbsdə olanlarımızın hüquqlarının qorunması bizim hakimiyyətin ümdə vəzifələrindən biridir. Yox, kimlərsə hesab edirsə ki, bu, əlahiddə cəmiyyət mövzusuna çevrilməlidir, bilmirəm, bu artıq siyasi mövqedir, hüquq ikinci plana keçir.
- Bəs sabah Mehman Hüseynovun sağlamlığında problem yaransa, məsuliyyət kimin üzərinə düşəcək?
- Ortada rəsmi bəyanat var ki, o, aclıq aksiyası keçirmir.
 
- Amma dəfələrlə olub ki, rəsmi qurumlar bir söz deyib, beynəlxalq qurumların nümayəndələri məhbusla görüşdən sonra əksini deyiblər.
 
- İstənilən halda real fakta və rəsmi mövqeyə uyğun olaraq münasibət bildirməliyik. Beynəlxalq təşkilatların bir nümayəndəsi gəlib əks fikir söyləyərsə, o da mütləq müzakirə edilib rəy bildiriləcək.
 
- Yeri gəlmişkən, beynəlxalq hüquq müdafiəçiləri, o cümlədən AŞPA məruzəçiləri Mehman Hüseynovun saxta ittihamla həbs edildiyini, yeni ittihamın da açıq şəkildə siyasi motivli olduğunu deyirlər və siyasi məhbus hesab etdikləri şəxsin susdurulması məqsədi ilə ona yeni ittihamlar irəli sürüldüyünü bildirirlər. Nazirləri, ölkə rəhbərliyini daim tənqid edən və həbsxanada da bu fikrindən dönməyən gəncin daha bir neçə il həbsə atılması siyasi motivli deyilmi, sizcə?
 
- Ortada konkret ittiham var. Bu ittiham da siyasi motivli deyil. Onun və vəkilinin tamamilə ixtiyarı var ki, bunun belə olmadığını isbat etsinlər. İstintaq gedir və bu, həm istintaqda, həm də məhkəmədə geniş araşdırılacaq. Məhbəsdə olan insanların bir qismi orda ola-ola qaydaları pozduqlarına görə yenidən üzərlərində məhkəmə qurulur. İkincisi, kiminsə məxsusi siyasi mövqeyi varsa, o demək deyil ki, o, Cinayət Məcəlləsinin maddələrini pozmalı və özünü məsuliyyətdən kənarda qoymalıdır. Mehman Hüseynov hakimiyyətə müxalifətdə olan yeganə adam deyil. Azərbaycanda hakimiyyətə müxalifətdə olan minlərlə insan var, müxalif olmaq qeyri-adi bir şey deyil.
 
- Aydın bəy, artıq neçənci dəfədir həbs müddəti başa çatmaqda olan hakimiyyəti tənqidçilərinin həbs müddəti uzadılır, onlara yeni ittihamlar irəli sürülür. Bəzi hüquq müdafiəçiləri, siyasi fəallar bunu bəzən qisasçılıq kimi qələmə verir, hakimiyyətin müxaliflərə qarşı yeni mübarizə adlandırırlar. Bu haqda nə deyə bilərsiniz?
 
- Mən deməzdim ki, həbsdə olan və müxalif düşüncədə olan insanların həbsi bitənə yaxın kütləvi surətdə yenidən üzərlərində məhkəmə qurulur. Belələri var. Amma bu, konkret cinayət əməlinə görədir. Onlarla nümunə var ki, müddətdən əvvəl əfvə və ya amnistiyaya düşərək həbsdən çıxaraq fəaliyyətlərini davam etdiriblər. Həbsdən çıxan İlqar Məmmədov bu gün müxalif fəaliyyətini davam etdirir. Müxalifətə cəza vermək taktikası Azərbaycanda yoxdur. O başqa məsələ ki, müxalifyönümlü insanların bir qismi ya qanunu pozmaqda maraqlıdırlar, ya da qanunun hamıya şamil edildiyinin fərqinə varmaq istəmirlər.
 
- Sosial şəbəkələrdə Mehman Hüseynovun xəsarət yetirdiyi iddia edilən şəxsin fotoları, hətta ailə üzvlərinin fotoları paylaşılır, ictimai fikirdə bir aqressiya yaranıb. Hətta bu məsələdə Mehman Hüseynovu müdafiə edərək sərt mövqe göstərənlər arasında təkcə sıravi insanlar yox, kifayət qədər nüfuzlu, tanınmış, ictimai rəyə böyük təsiri olanlar da var. Sizcə, bütün bunlar nə vəd edir?
- Bu cəmiyyətin kiçik bir qrupunun aqressiyasıdır. Amma hesab edirəm ki, istənilən məsələ hüquqi müstəvidə həll olunmalıdır. Mehman Hüseynova qarşı ittiham irəli sürülübsə, özü vəkili ilə birgə bu məsələdə günahsız olduğunu isbat etməyə çalışmalıdır. Sosial şəbəkəyə qarşı hər hansı qadağa qoyula bilməz. İnsanın öz sevgisini və ya nifrətini ortaya qoymasına qarşı addım atmaq olmaz. Burda insan haqlarını pozmuş olarıq.
 
- Bu xoşagəlməz sonluq vəd edərsə belə?
- İstənilən insan öz hərəkətinə cavabdehdir. İndiki halda kiminsə nəsə edib gizlənməsi qeyi-mümkündür.


OXŞAR XƏBƏRLƏR