Ankara-Kiyev yaxınlaşması Rusiyanı qıcıqlandıracaqmı? - ŞƏRH
14:58 / 12.04.2021
1005
"Moskva anlayır ki, Ukraynaya görə ABŞ-la olan
münasibətlə, Türkiyəyə olan münasibəti eyniləşdirsə, bu onun ziyanına işləyəcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ukrayna prezidenti
Volodimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında imzalanan
20 maddəlik müqavilənin bəzi müddəalarının Ankara ilə Moskva arasında mövcud
olan sıx əməkdaşlığa necə təsir edəcəyinə aydınlıq gətirərkən politoloq Nəsimi
Məmmədli deyib:
"Ukrayna məqsədyönlü şəkildə Moskva ilə gərginliyi
artırır. Sanki Rusiyanı öz maddi resurslarını daha çox işğalçılıq siyasəti üzərində
xərcləməyə təşviq edir”.
Politoloq hesab edir ki, Türkiyə ilə Rusiya arasında
əməkdaşlıq sahəsi çox genişdir və hər iki tərəf üçün xeyli dərəcədə uğurludur: "Son
dövrlər açıq şəkildə görünür ki, Ankara Moskva münasibətlərində geosiyasi rəqabət
də formalaşmaqdadır. Həmçinin hərbi-iqtisadi rəqabət elementləri də burada
özünü göstərir. Türkiyə iqtisadiyyatında Rusiyanın çəkisi çox böyükdür. Hərbi,
enerji, ticarət, turizm sahələrində yaranan ciddi əlaqələr nəticəsində hər iki
tərəf bu münasibətlərdən böyük qazanc əldə edir. 2019-cu ildə Türkiyəyə
Rusiyadan 7 milyona yaxın turist gəlib. Hətta 2020-ci ildə pandemiya dövründə
şimal ölkəsindən Türkiyəyə 3 milyondan çox turist səfər edib”.
Bununla belə, ekspert vurğuladı ki, Türkiyənin
Ukrayna ilə yaratdığı əlaqələrdə Ankara ilə Moskva arasında gərginlik yaradacaq
müəyyən amillər də var: "Ankaranın Kiyevlə istiləşən münasibəti Kremli ciddi
narahat edir. Xüsusən də Rusiya ictimai rəyində bununla bağlı ciddi etirazlar səslənməkdədir.
Rusiya mətbuatı Türkiyədə pandemiyanın artması səbəbilə ora səfərlərin
dayandırılması kampaniyasını aparır. Bu da Ukrayna-Türkiyə münasibətlərilə
bağlı ortaya atılan siyasi təzyiq kampaniyasıdır”.
Buna baxmayaraq, politoloq vəziyyətin Moskva ilə Ankara
arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracağını düşünmür. Həmsöhbətimizə
görə, Kiyevlə olan bu münasibətlər Rusiyaya qarşı yönəlməyib: "Türkiyə geosiyasi maraqları səbəbindən
Ukrayna ilə də münasibətləri üstün səviyyədə
saxlamağa çalışır. İki ölkə arasında strateji dostluq münasibətləri
mövcuddur. Son günlər hərbi-ticari müqavilələrin yenilənməsi də göstərir ki, bu
münasibətlər uzunmüddətli və davamlıdır. Belədə, Türkiyə Rusiyaya onu izah etmək
imkanındadır ki, Kiyevlə münasibətləri Moskvaya qarşı yönəlməyib”.
Elçin
.