Ali Baş Komandanın bayrağı etibar edilən hərbi pilotun qardaşı ilə müsahibə - FOTOLAR + VİDEO

Ali Baş Komandanın bayrağı etibar edilən hərbi pilotun qardaşı ilə müsahibə - FOTOLAR + VİDEO
 

Ötən il iyulun 24-də təlim uçuşları zamanı qəzaya uğramış MİQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından bir il keçir. 

"MediaPost" şəhidin qardaşı Nicat Atakişiyev ilə müsahibəni təqdim edir: 

- Nicat bəy, 24.07.2019 tarixini necə xatırlayırsınız?

- O günü heç xatırlamaq istəmirəm. Həmin günün həyatımda yaşanmamasını istərdim. Həmişə telefonu səssiz rejimə qoyardım, bəlkə inanmayacaqsınız, lakin həmin gün telefonu səssiz etməmişdim. Hava isti olduğundan, gecə saat 12-dən tez yatmaq olmur. Telefonu səssizə qoymadan, gecə saat 2-3 arası olardı, yatdım. Telefonuma zəng gəldi. Qardaşım Elşad Atakişiyev idi. Dedim ki, nə olub? Bu vaxt zəng edərlər adama? Soruşdu ki, yatırdın? Yuxulu olduğum üçün bir az əsəbləşdim. Dedim açıq danış nə olub? Bir kəlmə dedi ki, Rəşad maşınını vurub, birlikdə Sumqayıta gedək. Dedim ki, özünə və vurduğu maşındakılara nə isə olmayıb ki? Cavab verdi ki, bilmirəm, mən də özü ilə danışmamışam. Zabratdan taksi ilə "Koroğlu"ya gedib orada görüşdük. 

"Nə olub?", "məsələ nədir?", "hadisə necə olub?" kimi suallar, suallar... 

Qardaşım Elşad da mənim kimi heç nə bilmirdi. Bizə zəng edib filan yerə gəlin dedilər. Dedikləri yerdə isə nə xəstəxana, nə də başqa bir şey vardı. Rəşad haradadır, ora gələk, dedik. Ora çatana qədər maşın qəzası demişdilər, elə biz də inanmışdıq. Qardaşım Elşad Sumqayıt demişdi mənə. Sumqayıtda 2 il qaldığıma görə oranı azdan-çoxdan tanıyıram. Gördüm ki, Sumqayıtı keçdik artıq, bəs biz hara gedirik? Nəhayət, deyilən ünvana çatdıq. Bizi çox gözəl qarşılayıb bir otağa dəvət etdilər. Otaqda yüksək vəzifəli şəxslər vardı. Hadisə avtomobil qəzasından başqa bir şey idi, çətin olsa da, anladıq. Bizə dedilər ki, "Qardaşınız Rəşad Atakişiyev radardan itmiş ola bilər, quş topası ilə toqquşub". Mən sual verdim ki, katapult edib? "Onu bilmirik” dedilər. 

Belə anda insan hansı vəziyyətdə olar - onu sözlərlə ifadə etmək mümkün deyil, Vallah. İnanmaq da istəmirik. Gözləyirik, bəlkə cavab gəldi. Anam da 5-6 ay olardı ki, Rəşadgilə gəlmişdi. Sonra qardaşımın evinə gəldik. Rəşadın yoldaşının səsi gəldi: kimdir? "Nicatdır" dedim. Sanki nə isə hiss eləmişdi, elə oradaca Rəşad hanı dedi. O an həyat yoldaşı və anamın baxışları bizim dodaqlarımızdan çıxan sözü gözləyirdi... Təsəvvür edirsiniz? Nə deyək, necə deyək? Sadəcə, Rəşad radarlardan itib, pis fikirləşməyin dedik. Sonra həmin yerə qayıtdıq. 

Saat 09-11 radələrində qəza haqqında xəbər yayıldı. Sonrası isə hamıya məlumdur...

- Rəşad ixtisaslaşma kurslarını bitirən və diplom alan ilk beş nəfərdən biridir. Görünür, çox bağlı olub peşəsinə. Qardaşınızın marağı həmişə pilot olmaq olub? 

- Hər zaman pilotluğa marağı olub. Bir dəfə taxtadan təyyarə düzəltmişdi. Özü də taxtanı oyaraq...

- Rəşadı bir hərbçi kimi necə olduğunu bilirik. Bəs ailədə necə insan idi? Övlad, həyat yoldaşı, qardaş, ata kimi... 

- Ailədə hərtərəfli çox gözəl insan idi. Övladlarını sevən, ailəcanlı. Ciddi idi, bir o qədər də zarafatcıl. Qardaşımdır, təbii ki, məndən soruşsanız, yaxşı biri idi deyəcəyəm. Ancaq Rəşadı sonradan tanıyanlar da onun haqqında gözəl sözlər deyirlər.

- Uşaqlığı necə keçib, məşğul olduğu, maraqlandığı sahələr nə idi? 

- Uşaqlıq illərini danışmaqla bitməz (gülür).

Qardaşım Rəşad babam Bağırov Nəsirin himayəsində (İkinci Dünya Müharibəsi veteranıdır) böyüsə də, istirahət günləri ya biz orada olardıq, ya da Rəşad bizə gələrdi. Biz deyəndə, arada bir kənd vardı.

İlk təhsilə Samux rayon Alabaşlı qəsəbəsində başlasa da, sonra Şəmkir rayonu Şöhrət Hüseynov adına orta məktəbdə təhsilinə davam edib. Mənim yadımdan çıxmayan məni kanalın ortasına atması idi, deyirdi ki, özüm üzüb çıxa bilim. Üzməyi öyrənməyimi istəyirdi. Rəşad öyrətdi mənə üzməyi... Xatirələri danışsam, siz yazmaqdan yorularsınız...

- İki övladı var. Əmi kimi onlar haqqında nə düşünürsünüz, atasının, yoxsa fərqli yol getmələrini istərdiniz?

- Atasının yolunu getməyi mənim istəyimə bağlı deyil. Təbii ki, böyüyüb boya-başa çatanda atalarının yolunu getmək istəyərlər, yəqin ki. Hər birimiz kimi.

- Azərbaycan Ordusunun 100 illiyinə həsr edilmiş paradda Ali Baş Komandanın bayrağı məhz Rəşadın idarə etdiyi təyyarədən asılmışdı. Bu da onun bacarıqlı və etibarlı hərbi pilot olduğunu göstərir. Bəs o kimə etibar edirdi? 

- Kimə etibar edirdi? Qəşəng sualdır. Yəqin ki, ailəsinə və özünə. 

- Karantinlə bağlı Rəşadın məzarını ziyarət etmək üçün Bakıya gəlməyinizdə problem yaranmasın deyə, müvafiq orqanlara müraciət etmisiniz. Nəticə necə oldu?

- Bəli, Samuxdan Bakıya gələ bilmək üçün bir neçə yerə müraciət etdik. "102 xidməti"nin Qaynar Xəttinə, Operativ Qərargaha, İcra Hakimiyyətinə. Sonda şəxsən tanıdığım Fəqan Abbasov və Şəkərova Nüşabə xanımın məsləhət və köməkliyi ilə Daxili İşlər Nazirliyinə müraciət etdim. Sağ olsunlar, rəsmi cavab müsbət oldu. Bu arada, karantinlə bağlı bizə dəstək verən, yanımızda olan hər kəsə ailəmiz adından ayrı-ayrılıqda təşəkkürlərimizi bildiririk. 

- Qardaşınızla bağlı unutmadığınız ən xoş xatirənizi bölüşə bilərsiniz?

- Qardaşımla bağlı unutmayacağım bir xatirə var. Sol qolumdadır. O, həmişə nə isə düzəltməyi sevirdi. Bizə qılınc düzəltmişdi. O qılıncla oynayanda sol qolumun dirsək hissəsindən yaralandım. İzi qaldı. Hər dəfə görəndə zarafatla deyirdim ki, bax, səndən xatirə qalıb (gülür). İndi deyirəm ki, yaxşı ki qalıb. Allah cəmi şəhidlərə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz!



OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...