ABŞ-la ilk danışıqlardan sonra “Taliban” bəyanatı: Doha Sazişi icra ediləcək

ABŞ-la ilk danışıqlardan sonra “Taliban” bəyanatı: Doha Sazişi icra ediləcək
"Taliban” sözçüsü Zabihullah Mücahid Tvitter hesabında ABŞ nümayəndələri ilə baş tutan görüş barədə paylaşım edib.

Sfera.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən görüşün problemləri həll etmək üçün yaxşı bir fürsət olduğu ifadə edilib. Görüşdə siyasi məsələlərin ətraflı müzakirə edildiyi bildirilib və "Taliban” problemlərin həllinin ən yaxşı yolunun 2020-ci ilin fevral ayında tərəflər arasında imzalanan Doha Sazişini tam şəkildə həyata keçirmək olduğunu vurğulayıb.

Bundan başqa "Taliban” rəsmisi Əfqanıstana çatdırılacaq humanitar yardımların siyasi problemlərlə əlaqələndirilməməsi lazım olduğunu bildirib.
Açıqlamada ABŞ nümayəndələrinin Vaşinqton rəhbərliyinin əfqan xalqına humanitar yardım çatdıracağını və digər humanitar təşkilatların işini asanlaşdıracağını söylədiyi vurğulanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, danışıqlarla əlaqədar yazılı açıqlamasında Əfqanıstanı tərk etmək istəyən amerikalıların və digər ölkələrin vətəndaşlarının təhlükəsiz çıxışının təmin edilməsi məsələsinin prioritet olduğunu qeyd edib.

Açıqlamada qadınların adekvat təmsil olunması da daxil olmaqla, ölkədəki insan haqları problemlərinin müzakirə edildiyi və ABŞ-ın Əfqanıstan xalqına bilavasitə kömək edəcəyi bildirilib.

Müzakirələr zamanı ABŞ tərəfinin "Taliban”ın atacağı addımlara uyğun yol xəritəsini təyin edəcəyi vurğulanıb.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR