413 milyonluq sirli kod, 98 binanın sahibi, iki dəfə oğurlanan bakılı milyonçu – Səbuhi Məmmədli yazır

413 milyonluq sirli kod, 98 binanın sahibi, iki dəfə oğurlanan bakılı milyonçu – Səbuhi Məmmədli yazır
 "Babamın İsveçrə banklarında 413 milyon pulu qalıb. Bu barədə Sonradan atam arxivlərdən babamın öz əliylə yazdığı və qolu olan sənəd də əldə etmişdi. Hə, hə, məhz 413 milyon qızıl pulu olduğunu şəxsən qeyd etmişdi".

Bunu Dilarə xanım deyir. Azərbaycanlı milyonçunun yeganə varisi. Amma o pulları almaq indi qeyri-mümkündür. Çünki həmin banklar xüsusi kod istəyir. Kod isə… yoxdur.

Amma yuxarıdakı rəqəm milyonçunun varidatının bir hissəsidir. Rusiya İmperiya Bankının nəşr etdiyi xüsusi kataloqda onun sərvəti 690 milyon qızıl pul olaraq göstərilib. Bəs yerdə qalan pullar? Hə, onu da deyirlər ki, yerdə qalan pulları Xəzər sahilində xüsusi olaraq düzəltdiyi anbarda gizlədib. Elə oranın qapısının da xüsusi kodlu açarı olub. Amma indiyədək nə anbardan xəbər var, nə də hansısa sirli koddan.


Həmin sirri isə o, 101 il bundan əvvəl özüylə əbədiyyətə aparmışdı.


***


Onda hələ ağa deyildi. Musa idi adı. 1849-cu ildə Bakıda, Biləcəri qəsəbəsində Hacı Nağı və Seyid qızı Ruqiyyənin çox kasıb ailəsində doğulmuşdu. Atası saman satmaqla məşğul idi. Elə özü də atasının yanında saman satar, biri üç qəpiyə, beş qəpiyə ona-buna şələ daşıyarmış. Beləcə, zəhmətlə pul yığıb Balaxanıda balaca sahə alır. Və…


Və bəxt üzünə gülür, qazdırdığı quyu fontan vurur. Hətta o qədər güclü ki yığıb-yığışdırmaq belə mümkün olmur.


Bundan sonra Musa Nağıyev ildırım sürətilə varlanır. 1893-cü ildə qonşu Sabunçuda, Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində mədən ələ keçirir. Bəxtindən qazılan quyuların hamısından güclü fontan vurur. Az keçmiş Suraxanıda mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir. Öz mədənlərində alınan neftdən başqa, həm də kənar neftxudalar üçün neft təmizlətdirib, haqqını alır. Mexaniki emalatxana düzəltdirir. Neft isə çay kimi axıb gəlir. Təsəvvür edin, təkcə 1908-ci ildə onun şirkəti rekord miqdarda — 12 328 300 pud xam neft istehsal edir.


O vaxt Bakıda fəaliyyət göstərən heç bir neft şirkəti ildə bu qədər neft istehsal etməmişdi. Həmin vaxt Bakıdakı 11 azərbaycanlı neft milyoneri üçün də bu, qibtə ediləsi nəticə idi. Hə, bakılı milyonçuları deyirəm, Azərbaycanın gələcək paytaxtına yüzlərlə bina tikib "bağışlayan” milyonçuları.


Onların arasında Ağa Musa bir məqamla da seçilirdi. Nəvəsi Dilarə Nağıyevanın dediyinə görə, milyonçu babası Bakıda 98 bina tikdirib, onlardan 70-dən çoxunu aşkarlayaraq, siyahıya sala bilib. Və ən maraqlısı odur ki, həmin binalardan 32-dən indi inzibati bina kimi istifadə edilir. Dövlət İqtisad Universiteti, AMEA-nın Rəyasət Heyəti, Keçmiş Bakı Prokurorluğu və Hərbi Komissarlıq, Səhiyyə Nazirliyi, SOCAR-ın keçmiş binası, Diasporla iş üzrə Dövlət Komitəsi, Ağır Cinayətlər Məhkəməsi, Elmi Tədqiqat Pediatriya İnstitutu, "Azərittifaq”, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin binası… yazmaqla bitməz.


Hə, maraqlı olan həm də bilirsinizmi nədir? Hər bir Bakı milyonçusu öz cah-calalını nümayiş etdirmək üçün Avropadan memarlar çağırar, onlara yüz minlərlə pul xərcləyərək, dəbdəbəli binalar tikdirərdilər. Polşadan olan memarlar isə Bakıda daha məşhur idilər. Onlardan biri də Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu İosif Ploşko idi. O, 1897-ci ildə İosif Qoslavskinin – bu adı yadda saxlayın - dəvəti ilə Bakıya köçür və şəhər idarəsinin tikinti şöbəsinə sahə memarı vəzifəsinə işə düzəlir. Gənc memar Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl keyfiyyəti olan əhəngdaşını öyrənir,

Məhz bundan sonra sifarişlər almağa başlayır. Onun ilk işi "İsmaliyyə” binası olur. Nağıyev 1905-ci ildə memar Ploşkonu sarayın layihəsini hazırlamaq məqsədilə İtaliyanın Venesiya şəhərinə göndərir. Burada 3 il qalan memar Venesiya memarlığının qotik üslubunu öyrənir. "Palatso Kantarini” sarayının eskizləri əsasında Bakıda 1908-ci il dekabrın 21-də İsmailiyyənin tikintisinə başlanılır.


Az keçmir ki, Qoslavski Tağıyevin yaxın memarı olduğu kimi, Ploşko da Ağamusa Nağıyevin memarına çevrilir. Amma onun sifarişçiləri arasında başqa məşhur Bakı milyonçuları da var idi: Murtuza Muxtarov, Nuru Əmiraslanov, polyak dövlətlilərindən olan Rılskilər ailəsi və digərləri.


Ploşko Nağıyev üçün şəhərin mərkəzində xeyli yaşayış evi də tikmişdi:


- Telefonnı küçəsində dördmərtəbəli yaşayış evləri (28 May, 4-6), 1907/1908-1910;


- Torqovı küçəsində yaşayış evi (Nizami, 93) 1908-19104;


- Mariinski küçəsində dördmərtəbəli yaşayış evi (Rəsul Rza, 23) 1909-1910;


- Birja (Hacıbəyov) və Krasnovodsk (Vurğun, 14) küçələrinin tinində üçmərtəbəli yaşayış evi, 1913;


- Qorçakovski (Tağıyev,13) küçəsində "Yeni Avropa” mehmanxanası, 1910-1913;


- Molokanski (Xaqani, 47) küçəsində dördmərtəbəli yaşayış evi, 1910.


Dilarə xanım danışır ki, Ağa Musa Nağıyev indi onun adını daşıyan və əvvəlki adı Semaşko olan xəstəxananın tikintisini memar Bayevə sifariş edir. Təsadüfi deyil ki, bina "H” - kiril əlifbası ilə onun soyadının baş hərfi formasındadır.


- Babam xəstəxananın tikintisinə 300 min rubl vəsait ayırmışdı. Deyilənə görə, xəstəxananın yeri təsadüfi seçilməyib. Tikinti başlamazdan əvvəl həmin ərazidə torpağa ət basdırmağı tapşırır. Ət üç gün ərzində çürümür. Bunu isə infeksion və yaralı halda Bakıdan kənardan ora gətirilən xəstələrin müalicəsinin effektivliyi ilə izah edilər. Yəni bu yerdə ət 3 gün ərzində ət çürümürsə, yaralı tez sağalar. Xəstəxananın ərazisinə isə yüzlərlə ağac əkdirir. Həmin vaxt xəstəxana 1000 çarpayılıq idi və bu olduqca böyük göstərici sayılırdı.


Nağıyevi iki dəfə oğurlamışdılar. Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında yazır ki, birinci dəfə faytonu basaraq, gözlərini bağlayıb gizli mənzilə gətirirlər və on min manat tələb edirlər. Ağa Musa isə min manatdan bir qəpik də artıq verməyəcəyini bildirir. Ölümlə təhdid edəndə halını pozmadan deyir: "Atam-atam, öldürün. Bir mini də ala bilməzsiz, o da əlinizdən çıxar”. Onu üç gün girov saxlayıb, yedirdib-içirtsələr də boynuna min manatdan artıq qoya bilməmişdilər.


Deyilənə görə, Ağa Musa Nağıyev bəhailiyə sitayiş edirmiş. Amma Dilarə xanım deyir ki, bu, yanlış məlumatdı.


"O müsəlman həyat yoldaşını boşayandan sonra, yəhudi əsilli Yelizaveta Qriqoryevna ilə evlənib. Həmin xanım isə bəhai məzhəbinə mənsub imiş. Həm də Bakı Bəhai cəmiyyətinin üzvü olub. Babam da oranı maliyyələşdirirmiş. Necə deyərlər, babam bu cəmiyyətin fəal üzvü kimi xeyriyyəçiliklə məşğul olub...”


- Onu niyə 4 dəfə basdırmalı olublar;

- Tikdirdiyi binaların üzərindəki emblemlər hansı mənanı daşıyırdı;

- Gecəykən Biləcəri qəbiristanlığında balış üzlərinə nə yığırdılar;

- Onun dəfnində niyə 70 molla iştirak edirdi...


Macəra dolu bir həyat yaşayan milyonçunun hekayətini Lent.az -dan izləyin...


(Davam edəcək)

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...