Münasibətlərin ilkin mərhələsində iki tərəf arasındakı həyəcan zamanla sevgiyə çevirilir. Bəzi insanlarda sevgi hissi isə zaman keçdikcə bağlılığa yönəlir. Belə ki, müəyyən hallarda bağlılıq münasibətdə iki tərəfdən birini qurban halına çevirir.
Maraqlıdır, sevgi ilə asılılıq arasındakı incə fərqi necə ayırd etmək olar?
Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülşən Rüstəmova münasibətin sevgiyə çevrilməsindən öncə bir mərhələnin mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, bu, bir növ maqnit kimi tərəflərin bir-birinə yönəlməsi, cazibə qüvvəsi hiss etməsi ilə xarakterizə olunur:
“Əgər qarşı cins nümayəndələri arasında bu hiss formalaşmasa, sonrakı mərhələdə münasibətin sevgi halına gəlməsi çətinləşir. Sevgi dediyimiz duyğu, əslində, bir “buket” kimidir – onun tərkibində müxtəlif hisslər, emosiyalar, düşüncələr və gözləntilər yer alır. Lakin bu “buket” münasibətin başlanğıcında yaranmır, zamanla formalaşır”.
Psixoloq əvvəlki mərhələdə sevginin deyil, qarşılıqlı maraq və cazibənin ön planda olduğunu qeyd edib:
“Münasibət irəlilədikcə, sadalanan hisslər və gözləntilər qarşılıqlı şəkildə öz əksini taparsa, həmin sevgi buketi formalaşır. Asılılıq isə tamam başqa məfhumdur. Bəzi insanlar uşaqlıqdan elə tərbiyə olunurlar ki, onlarda asılı şəxsiyyət tipi formalaşır. Bu asılılığın maddi, mənəvi və fiziki növləri mövcuddur. Hər bir insanın temperamentinə görə ehtiyac və gözləntiləri fərqli olur. Asılı şəxsiyyət tipinə malik insan yalnız insanlara deyil, əşyalara, hisslərə və müxtəlif obyektlərə də bağlı ola bilir. Belə biri münasibətə daxil olduqda, bu asılılıq “proqramı” ilə daxil olur ki, bu da psixoloji gərginliklərə səbəb olur. Nəticədə belə münasibətləri sağlam və adekvat adlandırmaq çətindir”.
Fidan Hacızadə
Sfera.az