Stalinin ən qəddar cəlladı - 30 min adama ölüm hökmü kəsən Ulrix - FOTO

Stalinin ən qəddar cəlladı - 30 min adama ölüm hökmü kəsən Ulrix - FOTO

Sfera.az "Yeni Musavat"ın yazısını təqdim edir:

On minlərlə günahsız insanın həyatını məhv edən Vasili Ulrix 1930-cu illərdəki "Böyük terror" planının icrasında ən fəal və ən "məhsuldar" simalardan biri olub. İosif Stalinin təbirincə desək, repressiya məsələlərində Vasili Ulrix "öz işinin peşəkarı" kimi ad çıxarıb. 

Təkcə 1937-1938-ci illərdə onun başçılığı ilə SSRİ-nin ayrı-ayrı bölgələrində keçirilən səyyar kollegiya iclaslarında 30 min 514 nəfər güllələnmə hökmünə, 5 min 643 nəfər isə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun fəaliyyəti ilə bağlı statistik göstəricilər bir daha sübut edir ki, 22 il ərzində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsində işləyən general-polkovnik Vasili Ulrix üçün əsas şərt əsl cinayətkarlara layiqli cəzalarının verilməsi yox, rəqəm göstəricisi olub. Və general bu rəqəmləri yuxarılar qarşısında peşəkarlığının məhsulu kimi ifadə edib, qürurla dilə gətirib.

Vasili Ulrixin apardığı məhkəmə iclasları maksimum 20 dəqiqə çəkib, hökm və qərarlarda isə ən ağır cəzalar ifadə olunub.

Müasirlərinin yazdıqlarına görə, işin "çoxluğundan" Vasili Ulrix elə məhkəmə prosesi zamanı nahar edirmiş. Düzdür, onun üçün iş başında zəngin süfrə açmayıblar, general-polkovnik qara ikra və qara çörəklə kifayətlənib. Ağ adam bu "qara" məhsulları yaxşı həzm etmək üçün hər naharda yarım litr konyakdan istifadə edib. Konyak onun iş məhsuldarlığını aşağı salmayıb, əksinə, Vasili Ulrix 40 dərəcəli mayenin təsiri altında işini daha da "sürətlə" aparıb.

Zəngin həyat tərzində yaşamağı sevən, qidalanmasına, istirahətinə, əyləncəsinə xüsusi diqqət yetirən Vasili Ulrix Moskvanın mərkəzində iki böyük mənzilə sahib olsa da, çox vaxt "Metropol" mehmanxanasında yaşayıb, özünü ailədən, qohumlardan, dostlardan təcrid edən general "əlavə qayğılardan" azad olub. Ən kiçik problemlərlə bağlı yaxınlarının müraciətlərini belə rədd edib. Öz rahatlığının təmin olunması üçün rəsmi xidməti personalından (sürücü, köməkçi və s.) əlavə Vasili Ulrixin qulluğunda nə az, nə çox, düz yeddi nəfər dayanıb.

Vasili Ulrix 1889-cu ildə Riqada anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Riqa politexnik instututunda ali təhsil alıb. 1908-ci ildən inqilabi hərəkata qoşulub. 1910-cu ildə Sosial-Demokrat Fəhlə partiyasına üzv qəbul edilib. Xüsusi xidmət orqanlarında fəaliyyətə 1918-ci ildə Petroqradda ÇK-da (Fövqəladə Komissiya) maliyyə şöbəsinin rəisi vəzifəsindən başlayıb.
Sonrakı illərdə xidmətini daxili mühafizə qoşunları qərargahının komissarı kimi davam etdirən Vasili Ulrix 1921-cı ildə Rusiya Ali Məhkəməsinin Hərbi Kollegiyasının, daha sonra isə 1926-cı ildən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri vəzifəsində işləyib. Eyni zamanda o, SSRİ Ali Məhkəməsi sədrinin müavini olub.

Vasili Ulrix 1930-cu illərin ən səsli-küylü məhkəmə proseslərinə rəhbərlik edib. Stalinin xoşuna gəlməyənlər, siyasi proseslərdə iştirakı arzuolunmaz sayılanlar məhz Ulrixin əli ilə məhv edilib.

Ulrix öz vəzifəsini hökmlərin və qərarların çıxarılması ilə yekunlaşdırmayıb. O, bəzi hallarda güllələnmə hökmünün icrasını şəxsən özü həyata keçirib. General həm də ittiham olunanlara verdiyi işgəncələrlə yadda qalıb. Mərhəmət və insanlıq hisslərindən məhrum olan Ulrix ittiham olunanlara insan ağlına sığmayan işgəncələri tətbiq etməkdən çəkinməyib və bundan zövq alıb.

1930-cu illərin ortalarından Vasili Ulrix Stalinin kabinetində daha çox görünüb. Onların görüşü təklikdə keçib, Stalin Ulrixə şəxsi tapşırıqlarını verib. Həmin dövrdə çoxları Ulrixi Stalinin "ölüm aləti" adlandırıblar.

Sözsüz ki, mövcud mürəkkəb siyasi vəziyyətdə Ulrixin Stalinlə yaxınlığı Kreml məmurlarının çoxunun narahatlığına səbəb olub, onlar yaxşı anlayıblar ki, Ulrix Stalinin kiçik bir mesayı ilə istənilən adamı məhv etməyə hazır olan bir şəxsdir. Bəlkə elə bu səbəbdən də çoxları generalla ehtiyatla davranıb.

O cümlədən Vasili Ulrixin Kreml dəhlizlərində yetərincə arxayın gəzməsi Lavrenti Beriyanı da qıcıqlandırıb. Hətta onların arasında xidməti vəzifələri ilə bağlı qarşıdurmalar da yaranıb. "Ölüm siyahı"larından Lavrenti Beriya kimisə xilas etmək istəyəndə Ulrix bir neçə dəfə "NKDV" şefinin iradəsinə zidd gedib. Beriya generala olan münasibətini gizlətməyib və Kremldə keçirilən müşavirələrin birində onun ünvanına "Vasili Ulrix Hərbi Kollegiyada özünü "Metropol" mehmanxanasında olduğu kimi hiss edir" ifadəsini işlədərək fəaliyyətini tənqid edib. Stalin Beriyanın Ulrixi tənqid etməyinə reaksiya verməyib. Çünki Ulrix Stalin üçün hələ ki, lazımlı kadr sayılıb.

Nəhayət, 1948-ci ildə Vasili Ulrix işdə buraxdığı nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə 22 il əyləşdiyi vəzifə kürsüsündən uzaqlaşdırılıb. Amma Stalin onu nə həbs edirib, nə də sürgünə göndərib. Vasili Ulrix Hərbi Hüquq Akademiyasında kurs rəhbəri təyin edilib.

Marşal Georgi Jukov öz xatirələrində Vasili Ulrixin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yazıb:

"Vasili Ulrix general-polkovnik rütbəsini daşıyırdı və o, ali hərbi rütbə daşıyaraq hərbçilərə qənim kəsilmişdi. Xidmət etdiyi illərdə onun heç vaxt şəxsi fikri, şəxsi təşəbbüsü olmayıb. Uzun illər yüksək vəzifədə işləməsinin səbəbkarı isə Stalin idi. Stalin ona çox səlahiyyətlər vermişdi. Ulrix Hərbi Kollegiyanın sədri olmaqla yanaşı, həm də SSRİ Ali Məhkəməsinin sədr müavini idi. Amma o, heç vaxt birbaşa tabe olduğu şəxslə hesablaşmayıb, ona tabe olmayıb. Ümumiyyətlə, Ulrix bütün məsələləri birbaşa Stalinə məruzə edirdi və tapşırılarını da ondan alırdı. Üzündə həmişə hiyləgər və yaltaq təbəssüm olardı, daxilində isə bir insan varlığına sığışmayan aqresiya, qəzəb və kin. Kreml məmurları onu sevmirdilər. Hətta Beriya ilə aralarında konflikt də yaranmışdı. Elə vəzifədən uzaqlaşdırılmasının əsas səbəkarı da Beriya olmuşdu, necə deyərlər, cəlladın öhdəsindən yalnız cəllad gələ bilərdi"

Bəzi araşdırmaçıların qənaətinə görə, Stalin Ulrixi həbs etdirmək və güllələtdirmək fikrində olub. Çünki Ulrix Stalin haqqında çox şey bilib, onun "qara" işlərindən xəbərdar olub. Ancaq generalın qəfil ölümü Stalinin bu planını təbii şəkildə həyata keçirib.

Vasili Ulrix 1951-ci ildə, 61 yaşında insultdan vəfat edib. O, Moskvada, Novedeviçye qəbirstanlığında dəfn olunub.

El arasında belə bir deyim var ki, qisas qiyamətə qalmaz. Amma kimlərsə mövcud rejimə görə bu deyimin əksinə gedərək qisaslarını qiyamətə saxlayıblar, Ulrixin baş daşını dəfələrlə dağıtmağa cəhd ediblər. Naməlum adamlar onun baş daşının üzərinə bir neçə dəfə oxunacaq dərəcədə "Palaç" (cəllad) sözünü yazıblar.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...