İqtİsadİyyat

Neftin ucuzlaşması devalvasiyanın ayaq səsləridir – İlin ikinci yarısına olan PROQNOZ

Neftin ucuzlaşması devalvasiyanın ayaq səsləridir – İlin ikinci yarısına olan PROQNOZ

Son 3 ayda dünya iqtisadiyyatında baş verən neqativ proseslər Azərbaycan üçün də arzuedilməz vəziyyət yaradır. Qeyd edilən dövrdə bütün mühüm indekslərin, eyni zamanda əsas əmtəələrin ucuzlaşması prosesi gedir. Belə vəziyyətdə ölkələr üçün, o cümlədən də Azərbaycan iqtisadiyyatı üçün böhran ehtimalı yaranır.


Əmtəələr arasında Azərbaycanın üçün önəmli olanı neftin qiymətində baş verən dəyişikliklərdir. Çünki neft və onunla bağlı olan neft məhsulları, təbii qazixracımızın 90 faizini formalaşdırır. Buna görə də məhz neftin qiymətindəki dəyişiklik Azərbaycan iqtisadiyyatında tarazlıq yaratdığı kimi, natarazlıq da yarada bilir.

 

 

Neftin hazırkı qiymətləri ölkəmizin iqtisadiyyatı üçün əlverişli deyil. Əgər belə aşağı qiymət səviyyəsi uzun müddət, məsələn 6 ay qalarsa, biz bunun iqtisadiyyatımıza güclü mənfi təsirlərini hiss edəcəyik. Bu saata olan məlumata görə Brent neftinin qiyməti 33-34 dollar intervalında dəyişir. Azərbaycanın ixrac etdiyi neftin qiyməti Brent neftinin qiymətindən 1-1,5 dollar yüksək olduğundan, deyə bilərik ki, hazırda ölkəmizin satdığı neftin qiyməti 35-36 dollar səviyəsindədir. Mövcud qiymət səviyyəsi arzuedilən deyil və onun uzun müddət qalması ölkəmizin tədiyə balansındakı tarazlığı pozacaq.

 

 

 

Neft niyə ucuzlaşır?

 

Bəzi şərhlərdə neftin kəskin ucuzlaşmasını 2014-cü ildəki vəziyyətlə eyniləşdirirlər. Bu əsaslandırma doğru deyil. Neftin qiymətinin son 3 aydakı enməsi 2014-cü ildəki yox, 2008-ci ildəki vəziyyəti xatırladır. 2014-cü ildə neftin dəyərinin düşməsi ABŞ və onun müttəfiqlərinin Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə verdiyi cavab idi. Həmin dövrdə ABŞ dolların məzənnəsini yüksəltdi, eyni zamanda neft hasilatını artırdı, onunla dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı gündəlik hasilatı və ixracı azaltdı. Nəticədə neftin qiyməti 110 dollar səviyyəsindən 34 dollar səviyyəsinə qədər endi. Rusiya bu çətin vəziyyətdə Ukraynada irəliləməyi durdurdu.

 

2014-cü ildə yalnız neftin qiyməti düşdüyündən bundan ABŞ, Avropa və digər ölkələrin iqtisadiyyatı zərər görmədi, əksinə onların vəziyyəti bir qədər də yaxşılaşdı. İqtisadiyyatı neft qiymətlərindən asılı olan ölkələr, təbii ki, burada Azərbaycanın da adı var, dərin böhran keçirdi, iqtisadiyyatlarının nominal dəyəri kəskin düşdü və beləliklə, milli valyutalar dollar qarşısında ucuzlaşdı. Həmin dövrdə Azərbaycan Mərkəzi Bankı da məcbur qalıb manatı iki dəfə devalvasiya etdi və dollar/manat kursu 2,15 dəfə yüksələrək 0,788-dən 1,7-yə yüksəldi.

 

2008-ci ildə də neft kəskin ucuzlaşmışdı. Amma həmin dövrdə neftin ucuzlaşması dünya iqtisadiyyatında baş verən dərin böhranla bağlı idi. Qlobal böhran neftlə bərabər bütün əmtəələrin də ucuzlaşmasına və bu səbəbdən də bütün şirkətlərin, ölkələrin zərər görməsinə səbəb oldu. Qısa müddətdə neftin qiyməti 145 dollardan 42 dollara qədər gerilədi. Neftin ucuzlaşması təxminən 6 ay davam etdi və ABŞ, Səudiyyə Ərəbistanı, digər əsas ixracatçıların ortaq hərəkəti ilə neft bahalaşmağa başladı. Daha 6 ay sonra neftin dəyəri 70 dollar səviyyəsinə çatdı. Deməli, neftin 2014-cü ildəki ucuzlaşması siyasi qərarla bağlı olduğu halda 2008-ci ildəki ucuzlaşması iqtisadi vəziyyətlə bağlı idi.

 

Son 3 ayda neftin ucuzlaşması məhz 2008-ci ildəki vəziyyəti xatırladır. Beynəlxalq birjalarda baş verənlər dünya iqtisadiyyatının böhrana doğru sürükləndiyini göstərir. Koronavirus dünya iqtisadiyyatı üçün böyük təhdid olmaqda davam edir və bu virusun yayılmasının qarşısı alınmayana qədər gərginlik, böhran qalacaq. Virusun yayılması səbəbindən dünyada insanların aktivliyi aşağı düşüb və əhali daha çox evdə qalmağı, insanların çox olduğu yerlərə getməməyi üstün tutur. Bu ona gətirib çıxarıb ki, dünyada xərclər azalıb. Xərclərin azalması isə əmtəələrə və xidmətlərə olan tələbi azaldıb ki, bu da olduqca qorxulu əlamətdir. Tələb azaldıqda əmtəələrin ucuzlaşması qaçınılmaz olur.

 

Neft də mühüm əmtəədir və biz "qara qızıl”ın son 3 ayda davamlı ucuzlaşmasını müşahidə edirik. Üç ay əvvəl Brent neftinin qiyməti 70 dollar olduğu halda yanvarın sonunda 60 dollara, fevralın sonunda 50 dollara, martın 6-da 45 dollara endi. Neftin ucuzlaşmasının qarşısını almaq üçün neft ixrac edən ölkələr bir araya gəlib ortaq qərar qəbul etməli idilər. Amma Rusiya ortaq addımın bir qədər də genişləndirilməsinin vacib olduğunu deyərək məhdud səviyyədə qərar qəbul edilməsinə qarşı çıxdı. Səudiyyə Ərəbistanı təklif edirdi ki, gündəlik hasilatı OPEC-ə üzv olan ölkələr 1 milyon barel, OPEC-lə birgə hərəkət edən ölkələr isə 500 min barel azaltsın. Rusiya gündəlik hasilatın azaldılmasına ABŞ-ın da qoşulmasını istədi. Bunun baş vermədiyini gördükdə təklifin qəbuluna razı olmadı.

 

Səudiyyə Ərəbistanı Ruiyanı yenidən razılaşma masasına qaytarmaq üçün neft bazarında qiymət müharibəsinə başladığını elan etdi. Qiymət müharibəsinin başlanılması Brent neftinin qiymətinin bir gündə 45 dollardan 31 dollara qədər enməsinə səbəb oldu.

 

Rusiyanın barışmaz mövqe tutması son aylarda baş verənlərin 2008-ci illə oxşarlı təşkil etməsi ilə bağlıdır. Rusiya əmindir ki, bu dəfə böhran ABŞ-ı da sarsıdacağından o və onun müttəfiqləri neftin bahalaşması üçün hasilatın azaldılmasına dəstək verəcək.

 

Hələlik, vəziyyət gərgindir və mövcud qiymətlər Azərbaycan iqtisadiyyatı üçün böyük risklər yaradır. ABŞ-ın investisiya bankı "Goldman Sachs" proqnozuna görə Brent neftinin qiyməti 20 dollara enə bilər. Bank güman edir ki, ikinci və üçüncü rübdə neftin qiyməti 30 dollar səviyyələrini keçməyəcək.

 

 

 

Ucuz neft devalvasiya riskini artırır


 

"Goldman Sachs”in proqnozu özünü doğruldarsa, Azərbaycanın tədiyə balansında kəsirin yaranması qaçınılmaz olacaq. Bu halda manatın yenidən ucuzlaşdırılması da zərurətə çevriləcək. Lakin istənilən halda problemin qlobal xarakterini nəzərə alaraq Azərbaycan 2008-ci ildə olduğu kimi ən azı 6-7 ay səbr edəcək. On iki il əvvəl Azərbaycan Mərkəzi Bankı problemin qlobal xarakterli olmasını nəzərə alaraq manatı ucuzlaşdırmadı. Hazırda Azərbaycanın indki qiymətlərlə 2020-ci ilin sonuna qədər gözləmək imkanı var. Çünki indi ölkəmizin valyuta ehtiyatları, onun ÜDM-yə nisbəti və dollar/manat kursu həm 2008-ci il, həm də 2014-cü ildən xeyli yaxşıdır. Azərbaycanın valyuta ehtiyatları 2008-ci ildə 17,6 milyard dollar, ÜDM-nin həcmi 50,12 milyard dollar, 2014-cü ildə valyuta ehtiyatları 51 milyard dollar, ÜDM-nin həcmi 74 milyard dollar, 2019-cu ildə isə ehtiyatlarımiz 49,6 milyard dollar, ÜDM 47,6 milyard dollar olub. Həm də 2008 və 2014-cü illərlə müqayisədə dollar/manat kursu 2,15 dəfə yüksəldilib. Bu müqayisə göstərir ki, hazırda valyuta ehtiyatlarının ÜDM-yə nisbəti və dollara tələb səviyyəsi 2008 və 2014-cü ilə nisbətən daha yaxşıdır. Buna görə də Azərbaycan neftin orta qiymətinin 30-35 dollar səviyyəsinə dözüm qabiliyyəti daha yaxşıdır və bu vəziyyərdə ən azı 6 ay gözləmək gücü var. Burada Azərbaycan tərəfi qlobal böhranın həm də bütün ölkələr üçün zərərli olmasını və bu böhrandan daha tez çıxmaq üçün neft qiymətlərinin yüksəlməsini nəzərə alaraq səbr edəcək. Ona görə də ölkəmizdə tezliklə devalvasiyanın baş verəcəyini söyləməyə əsas yoxdur. Devalvasiyanın baş verib-verməyəcəyini ilin ikinci yarısında, iyul-avqust aylarında daha dəqiq biləcəyik.

 

 

 

Vasif

Sfera.az

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031