İstefa mədəniyyəti
13:51 / 09.10.2019
1526
Dünyada "İstefa mədəniyyəti” deyilən bir anlayış var. Yəni məmur çalışdığı sahədə, tutduğu vəzifədə, ona həvalə olunan işin öhdəsindən gələ bilməyəndə, fəaliyyəti çərçivəsində vəzifə öhdəliklərini yerinə yetirə bilmirsə, öz istəyi ilə istefa verməlidir. "İstefa mədəniyyəti” siyasi sferada bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində bu mədəniyyət uzun illlərdir formalaşmış olsa da, ölkəmizdə təəssüf ki hələ formalaşmayıb. Azərbaycanda heç bir məmur, deputat vəzifəsindən, mandatından öz xoşu ilə imtina etmir. Bütün bunlar dövlət başçısı həmin şəxsin vəzifəsindən azad edilməsi haqda sərəncam verənə qədər və ya etdikləri qanun pozuntusu ictimaiyyət tərəfindən yayılana qədər (deputat Rafael Cəbrayılov hadisəsi) davam edir. İstefa mədəniyyəti peşəkar siyasətin əsas nümunələrindən biridir. O müasir siyasi sistemlərə uyğun idarə olunan dövlətlərin hökumətlərində baş verir. İnsanlar qabiliyyətlərinə, inandıqları dəyərlərə, qazandıqları nüfuzuna görə hansısa vəzifələrə ya seçilirlər ya da təyin olunurlar. Gedən proseslər onların həmin dəyərlərinə, inanclarına, yaxud siyasətlərinə uyğun olmadığı zaman istefa verib çəkilirlər və bu cür məsələdə iştirakçı olmaq istəmədiklərini bildirirlər. İstefa həm də şəxsi keyfiyyət, siyasi mədəniyyətdir.
Bu il Tale Heydərovun prezidenti olduğu "Qəbələ” İdman Klubundan istefa verməsi ilin ilk istefası idi. Yadınızdadırsa, o, istefasını belə əsaslandırmışdı ki, klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azərkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm… Əsaslandırmaya diqqət edin. "Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır” Təsəvvür edirsiz bunu 20-25 ildir vəzifədə olmayan Qərb təhsilli gənc deyirdi. T.Heydərov öz mədəniyyəti, təmiz reputasiyası və qalmaqallardan uzaq personası ilə əksər məmurlar üçün ciddi nümunədir. O istefa qərarı ilə isə nəinki məmur övladları, həmçinin uzun illər nazir vəzifəsindən üzü aşağı bir çox vəzifələrdə kreslolarından möhkəm yapışan məmurların özləri üçün də nümunə oldu. Göstərdi ki, doğrudan da bir vəzifəni uzun illər daşımaq nə həmin idarəetmə strukturunun inkişafına xidmət edir, nə də dünyadakı müasir düşüncə tərzinə, idarəçilik prinsiplərinə uyğundur. İdarəetmə strukturunda dəyişikliyə, yeniliyə ehtiyac var. Görün Azərbaycanda nə qədər icra başçısı, nazir və nazir müavini, komitə sədrləri və s. vəzifəlilər vardır ki, 10-20 il, bəzən də daha çox müddətdə tutduqları vəzifələrdən getməyi heç ağıllarına da gətirmirlər. Qocalıb əldən düşürlər, özlərini idarə edə bilməz hala gəlirlər, amma kreslodan əl çəkmək istəmirlər. Burdan onlara səslənib demək istəyirəm səlahiyyətlərinizi ağıllı savadlı gənclərə verməyin zamanı çoxdan çatıb və keçir. Bu müraciətimə bəziləri deyə bilər ki hanı o gənclər hardadır onlar hər yerdədir və əgər belə bir gənc yetişdirməmisinizsə yenə bu siz məmurların məsuliyyətindədir. Bu il Tale Heydərovun prezidenti olduğu "Qəbələ” İdman Klubundan istefa verməsi ilə başlanan istefa dalğası bu gün Baş Nazir Novruz Məmmədovun istefa addımı ilə davam edir. Görək bu dalğa daha kimlər ilə davam edəcək.