DTK-nın “Ayı ovu”, erməni turistin həbsi, bakılı caninin gizli sevgi etirafı... – “İstintaq davam edir”

DTK-nın “Ayı ovu”, erməni turistin həbsi, bakılı caninin gizli sevgi etirafı... – “İstintaq davam edir”

"Aysoniya” sərnişini

 

 

"Aysoniya” teploxodu 1971-ci il iyul ayının 21-də Soçidə olmalıydı. Qadının əhval-ruhiyyəsi yaxşı deyildi. Necə yaxşı ola bilərdi, axı? Vur-tut 15 gün əvvəl Parisdə 3-cü övladını dünyaya gətirərək, xəstəxanadan evə buraxılmış, uşağının üzünü düz-əməlli görməmiş, 2 həftədən sonra səfərə çıxmışdı. Ancaq qadın hələ bilmirdi ki, tale onu nəinki Rusiyaya, hətta Azərbaycana, Bakıya da gətirib çıxaracaq. Özü də turist kimi yox...

 

Soçidə onu həmin gün Bakıdan təyyarə ilə gələn bir nəfər qarşılamalı idi - Yakov Dikermaxer. Yakov Bakıda doğulmuşdu, ailəsi, atası, anası, bacıları burda yaşayırdılar, sadə sovet vətəndaşı təsiri bağışlayırdı. Ancaq onu çoxlarından fərqləndirən tərəfi də vardı: bir müddət əvvəl Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətinə düşmüşdü. Ondan "idarəyə” valyuta möhtəkirliyi ilə məşğul olması haqda siqnal daxil olmuşdu. Beləliklə, siqnal əsasında "obyekti” şübhələndirmədən gizli izləmə haqda qərar verilmişdi. Ona görə də, Dixermaxerlə eyni təyyarədə Soçiyə əməliyyatçılar da uçurdular... Təbii ki, onlar hələ "Aysoniya” ilə turistdən xəbərsiz idilər.

 

"Russo turisto?”

 

Sovet hakimiyyəti tam oturuşduqdan sonra bolşeviklər ciddi-cəhdlə əcnəbi turistlərin ölkəyə axınını təşviq eləməyə başlamışdılar. Statistikaya baxaq. Əgər 1956-cı ildə SSRİ-yə cəmi 486 min turist gəlmişdisə, 70-ci illərdə bu rəqəm 4 milyona yaxınlaşmışdı. Təxminən 10 dəfəyə yaxın artım. Bizim, daha doğrusu, Dikermaxerin qarşılayacağı qonaq isə bir qədər fərqli turist idi...

Elizabet Fransa vətəndaşıdır. Etnik ermənilərin repatriasiyası ilə 50-ci illərdə Ermənistan SSRİ-yə gəlib, İrəvanda məskunlaşıb. Sonradan başqa bir repatriantla tanış olub, ona ərə gedib. 1965-ci ildən cütlük nədənsə Bakıda yaşamaq qərarına gəlib və Azərbaycana köçüb. Bir neçə il sonra – daha dəqiqi, 1970-ci ildə birdəfəlik Bakını tərk ediblər, Parisdə məskunlaşıblar. Maraqlıdır, cəmi 1 il əvvəl Bakını tərk eləyib yaşamaq üçün Parisi seçən Fransa vətəndaşı Elizabeti yenidən bura hansı qüvvə gətirib? Tələsməyək, Bakıdan gələn əməliyyatçılar hələ Yakovu izləyirlər. Biz də onları izləyək...

 

Soçidə və Odessada görüş

 

21 iyul 1971-ci il. Soçi. Limana yan alan "Aysoniya”dan düşən Elizabet Yakovla çoxdanın tanışı kimi görüşür, ayaq üstdə 1-2 dəqiqə söhbət edir, ondan ayrılır, turist qrupuna qoşulub, şəhər gəzintisinə çıxır, Dikermaxersə yenidən qaldığı mehmanxanaya qayıdır. Bax, buna deyərlər, güllənin boşa çıxması! Belə olacağını heç kim gözləmirdi. Doğrudanmı, Dikermaxer bu qədər yolu qadınla ancaq ayaqüstü 1-2 dəqiqəlik hal-əhval tutmaq üçün gəlmişdi? Yox! Bu işdə nəsə vardı... Əməliyyatçılar da belə düşünürlər və izləmə davam edir. 2 gün keçir...

23 iyul 1971-ci il. Odessa. Dikermaxerlə Elizabet yenidən bir yerdədilər. Görüş və qarşılıqlı alış-veriş! Dikermaxer əlindəki bağlamanı turistə verir, turist isə orta böyüklükdə əl çantasını Dikermaxerə. Dikermaxerlə problem yoxdu, əsas diqqət Elizabetə yönəlib. Qadın əlində bağlama yenicə gəmiyə minmək istəyir ki, 2 nəfər əməliyyatçı onu saxlayır...

Odessa Vilayəti DTK İdarəsində turist qadına verilən bağlamaya baxış keçirildi və aşkar olunanlar hətta təcrübəli DTK əməkdaşlarını belə şoka saldı. Dikermaxer Parisə aparması üçün qadına 1 kiloqram 200 qram bahalı metal olan sənaye platini, 41 min rubl pul vermişdi. Artıq kələfin ucu tapılmışdı. Bakıya qayıtmaq olardı...

 

İstintaq başladı

 

Hər iki şəxs istintaqa cəlb edilir. İstintaqın aparılması Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi istintaq şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi, mayor Əkrəm Səlimzadəyə tapşırılır. İstintaqa cəlb edilmiş hər ikisi ilə yaxından tanış olaq.

Dikermaxer Yakov Mixayloviç. 1933-cü ildə Bakıda anadan olub. Evlidir. 3 sinif təhsili var. Bitərəfdir. Əvvəllər məhkum olunmayıb. Milliyyəti - yəhudi.

Mari-Elizabet Yerevanyan-Keropyan Karapetovna. 1938-ci ildə Marseldə anadan olub. 4 sinif təhsili var. 3 uşaq anasıdır, sonuncu uşağı 1 ay əvvəl olub. Milliyyəti - erməni. Dünyanın müxtəlif şəhərlərində - Marseldən, Kaliforniyadan tutmuş, Moskvaya, ordan Beyruta, İrəvana qədər hər yerdə iri restoran, dükan işi, qızıl-zinət alveri ilə məşğul olan yaxın qohumları yaşayır.

Təcrübəli müstəntiq üçün Elizabet Yerevanyanın dilini açmaq elə də çətin olmadı. Qadın ilk ifadəsindəcə hər şeyi danışır. Yeri gəlmişkən, erməniəsilli Elizabet yalnız erməni və fransız dilində fikirlərini rahat ifadə eləyə bildiyi üçün müstəntiq tərcüməçi Mirzəyanın xidmətindən yararlanmalı olur.

 

Beyrutdan gələn ermənilər

 

1963-cü ildə İrəvanda tanış olub ərə getdiyi Martiros Keropyan elə həmin illərdən əvvəlcə İrəvanda, sonra Bakıda Suriyadan, Livandan gələn ermənilərlə işbirliyi quraraq dəfələrlə Parisə, ordan isə Yaxın Şərq ölkələrinə qanunsuz olaraq böyük miqdarda sovet pulu, qızıl-zinət əşyaları, qiymətli metallar ötürüb və daşıyıb. Qadının dediyinə görə, ərini bu işə hələ İrəvanda olarkən Beyrutdan gəlmiş Aleksandryan və Atamyan soyadlı iki erməni cəlb edibmiş.

Keropyanın ifadəsinə əsasən iki livanlı erməni haqda SSRİ gömrük və sərhəd orqanlarına sorğu göndərilir. Bir müddət sonra Brest Gömrük İdarəsindən sorğuya cavab gəlir. Məlum olur ki, 1971-ci il yanvar ayının 23-də Aleksandryan və Atamyanın da olduğu "Paris-Moskva” qatarının vaqonundakı ayaqyolunda qutuya qoyulmuş 49 min Sovet pulu aşkarlanıbmış. Bu pulların onlara məxsus olmasını sübut eləmək mümkün olmayıb. Belə ki, doldurulan gömrük bəyannaməsində bu məbləğ göstərilmədiyindən pulların onlara məxsusluğunu heç biri boynuna almayıb. İşi aparan müstəntiq 49 min sovet pulunu onlara kimin verməsi ilə bağlı bir şəxsdən şübhələnirdi. Bu adam istintaq altında olan Dikermaxer idi. Unutmadan onu da qeyd edək ki, bu günlər ərzində Dikermaxerin Bakıdakı mənzilində artıq axtarış aparılmışdı və onun Elizabeti qarşılamağa xüsusi hazırlaşdığı məlum idi. Evdən Martiros Keropyanın Dikermaxerə göndərdiyi "Aysoniya” teploxodunun marşrut cədvəli tapılmışdı. Bəs "Moskva-Paris” qatarından tapılan və guya sahibi olmayan pulları kim Brestə çatdırmış və livanlı ermənilərə vermişdi?

Yenə sorğu verilir, Dikermaxerin həmin günlərdə Bakıda olmadığı, məhz Brest istiqamətində səfərdə olduğu aydınlaşır. Ancaq bu da bəs etmir. Axtarış zamanı Martiros Keropyandan gələn teleqramdakı bir cümləlik mətn məsələyə nöqtə qoyur: "Salam, oğlanlarım əliboş gəldilər”. Əlavə sübuta ehtiyac qalmır və Dikermaxer hər şeyi danışmaq qərarına gəlir.

 

"Əmanət”ə "sadiq qalan” Dikermaxer

 

Elizabet Keropyanla Dikermaxerin ifadələri demək olar ki, üst-üstə düşür. Belə ki, həm Elizabet, həm də Yakov etiraf edirlər ki, Martiros 1970-ci ildə ailəsi ilə birlikdə Bakıdan sonuncu dəfə çıxanda sonradan göndərilmək üçün əmanət kimi Dikermaxerə böyük məbləğdə sovet pulu və sənaye platini verib. Dikermaxer əlində olan platinin bir hissəsini xırıd eləyərək satıb və bu gəlirdən öz payını götürdükdən sonra 49 min rublu 23 yanvar 1971-ci ildə Brestdə Livandan gəlmiş Aleksandryanla Atamyana verib ki, onlar da Parisdəki Martirosa çatdırsınlar. Sonrası artıq bizə və sizə məlumdur. Vaqonun ayaq yolundakı sink qutuda pullar Brest gömrükçüləri tərəfindən aşkarlanır və kuryerlər məcbur olub pulun onlara məxsus olmadığını deyərək, səfərlərinə davam edirlər. Martiros Keropyan məhz bu uğursuzluqdan sonra Dikermaxerə "oğlanlarım əliboş qayıtdılar” mətni ilə teleqram göndərib. Bu uğursuzluqdan sonra Keropyan kuryer sifətində yenicə uşağı olmuş arvadını bu riskli səfərə getməyə razı salıb. Elə Elizabet Keropyan da ifadəsində dəfələrlə etiraf edir ki, bu işə onu əri məcbur edib. Martiros onu inandırıb ki, Bakıda Dikermaxerdə olan pulu və qiymətli metalı yalnız o təhlükəsiz və rahat şəkildə sərhəddən keçirə bilər, turist kimi onu yoxlamayacaqlar. Ancaq bilindiyi kimi, çekistlər ayıq-sayıq davranırlar və qiymətli bağlama sahibinə yetişmir. İstintaq isə davam edir! Əməliyyatçı dili ilə desək, daha böyük balıq hələ tutulmamışdı.

 

"Çəkməçi mühəndis”in "Toşiba”sı

 

Növbəti şübhəli ayaqqabılarla əlaqəli şəxs olsa da, ancaq bu iri "balığın” ovuna Bakı ayaqqabısına görə yox, 70-ci illərdə nadir və qiymətli, ancaq çox varlı adamların ala biləcəyi "Toşiba” markalı yapon maqnitofonunun sorağı ilə çıxıldı.

Ciddi ittihamla üzləşdiyini anladığından başını itirmiş Elizabet Keropyan əri ilə bağlı bütün şübhəli məqamlar haqqında istintaqa ifadə verirdi. Belə ki, ilk baxışdan onun özünə əhəmiyyətsiz görünən ifadəsindəki xırda bir detal mayor Əkrəm Səlimzadənin diqqətini cəlb edir.

Elizabet ifadəsində deyir ki, Martiros bir dəfə Bakıda evlərində olan "Toşiba” markalı yapon maqnitafonunu başqa şəxsə satır. Qadın onun kimliyi ilə maraqlananda əri deyib ki, ermənidir, Bakıda ayaqqabı fabrikində işləyir. Bu informasiya bəs edir ki, cinayətkar şəbəkənin daha bir həlqəsi aşkarlansın.

1971-ci il oktyabr ayının 21-də o vaxtkı Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 4 nömrəli ayaqqabı fabrikinin baş mühəndisinin otağına iki nəfər DTK müstəntiqi və əməliyyatçı daxil olur. Bu adam Markaryan idi.

Markaryan Qurgen Avakoviç. 1926-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Stepanakert rayonunun Xanuk kəndində anadan olub. Ali təhsillidir. 1956-cı ildən partiyanın üzvüdür. Yaşadığı ünvan: 1 may küçəsi, ev 143, mənzil 37.

1944-cü ildə Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə ittiham olunub, 5 il azadlıqdan məhrum edilib, sonradan amnistiya ilə azadlığa çıxıb. Evlidir. Milliyyəti - erməni.

Qardaşı Markaryan Gevorq Avakoviç Krasnoqorskda məxfi hərbi zavodda mühüm vəzifə tutur, polkovnikdir. O biri qardaşı Markaryan Benyamin Avakoviç İrəvanda əlvan metallar üzrə baş elmi tədqiqat İnstitutunda mühəndis işləyir. Qeyri-leqal şəbəkədə "Arç”, yəni ermənicə "ayı” çağırılan Markaryanın evində axtarış zamanı tapılanlar əsl xəzinəydi.

 

Milyonçu "Ayı”

 

Bütün bunlarla yanaşı, Markaryan Martiros Keropyanı tanımadığını deyir, ona sübut kimi təqdim olunan maqnitofonu isə Moskvada xidməti ezamiyyətdə olarkən aldığını iddia eləyir. Lakin tapılan təkcə böyük miqdarda pul və qızıl-zinət əşyaları deyildi. "Arç”ın xəzinəsi ilə yanaşı, maraqlı bir cib dəftərçəsi də müstəntiqlər tərəfindən götürülmüşdü. Burada onun kimlərə nə qədər pul verdiyi, kimlərin ona hansı məbləğdə borclu qaldığı yazılmışdı. Ancaq hamısı kodlarla. Maraqlıdır ki, Markaryan 50-yə yaxın kod adlarının hamısının kimliyini yaddaşında saxlamışdı. Onun sahib olduğu var-dövləti halal yolla qazanmadığı aydın idi. Ancaq yenə DTK müstəntiqləri istintaq işinə Markaryanın əmək kitabçasını, Azərbaycanın yüngül sənaye sistemində işləməyə başladığı 1963-cü ildən həbs olunanadək bütün aylar üzrə aldığı qanuni maaş cədvəlini, həmçinin xidməti məzuniyyətlərlə bağlı arayışı da əlavə edirlər. Sənədlərə əsasən o, belə varlı olmalı deyildi...

Tapılan digər sübutlardan da yayınmaq mümkün olmadı. Bu, Parisdə yaşayan Martirosla yazışmalar, təbrik açıqcaları idi. Müstəntiqlər üzləşmə təşkil elədilər. Elizabet Keropyan bu istintaq fotolarında həm sevimli "Toşiba”sını, həm də "Arç”ı, həm də Aleksandryanla Atamyanı tanıyır.

 

Növbəti həlqələr...

 

İstintaq davam edirdi. Müstəntiqlər ittiham olunan şəxslərin və şahidlərin ifadələri əsasında şəbəkənin yeni həlqələrinin izinə düşürlər. Məsələ bundaydı ki, həm "Arç”, həm də "Yanik” ləqəbli Dikermaxer, bugünkü təbirlə desək, bizneslərini piramidal şəkildə qurmuşdular. SSRİ-yə kənardan gələn qiymətli əşyalar və valyuta burada ayrı-ayrı şəxslərə verilir, onlar da tələsmədən bunların satışını təşkil edir, yığılan pul mərhələ-mərhələ qaytarılırmış. Növbəti həlqələr artıq zərgərlər idi...

"Yanik və "Arç” vəziyyətinin çıxılmaz olduğunu gördükdən sonra işbirliyində olduqları zərgərlərin adlarını verirlər.

Yusif Ağaqulu oğlu. 1935-ci ildə Bakıda anadan olub. 7 sinif təhsili var. Evlidir. Zərgər işləyir. Milliyyəti: azərbaycanlı

Şahidlər də onun dəbdəbəli həyatından danışırlar, cibində həmişə böyük məbləğdə pul gördüklərini deyirlər. Zərgərlərin elə sovet vaxtı da yaxşı yaşadıqları heç kimə sirr deyil. Ancaq zərgər Yusif, görünür, yaxşı yaşamağın zövqünü daha çox çıxardığından, müxtəlif ziyafətlərdə, qonaqlıqda xeyli pul məsrəf etdiyindən nişangaha daha tez gəlir.

Dikermaxer və Markaryan ifadələrində Ağaqulu oğluna dəfələrlə qızıl və platin satdıqlarını, həmçinin valyuta alveri işində onunla işbirliyində olduqlarını etiraf edirlər. Dikermaxer satdığı və aldığı qızıl məhsulları tanıyır...

Bu işdə DTK əməliyyatçılarının və müstəntiqlərinin xüsusi peşəkarlığını qeyd eləməmək mümkün deyil. Məsələn, Ağaqulu oğlunun evindən tapılmış və ilk baxışda heç bir əhəmiyyət daşımayan bu məktəbli dəftərinin qoşa vərəqi ciddi əşyayi-dəlildir. Belə ki, vərəqin kəsilən hissəsi istintaqın işinə yarayır. İstintaqçılar kağız parçasını kimyəvi analizə veriblər və məlum olub ki, bu hissəyə bir neçə yüz qram qızıl bükülübmüş.

Valyuta möhtəkirliyindən, ya da qiymətli metalların qanunsuz alveri ittihamından can qurtarmaq istəyən şəxslər ilk növbədə çalışırlar ki, kimlərləsə əlaqədə olduqlarını inkar etsinlər. Məsələn, Yusif Ağaquluoğlu da ilk vaxtlar ciddi-cəhdlə Parisdə yaşayan Keropyan Martirosla heç bir əlaqəsinin olmadığını iddia edir. Ancaq Keropyanın demək olar ki, hər bayramda ona göndərdiyi təbrik açıqcaları ona təqdim olunanda, artıq etirafdan başqa yol qalmır. Xatırlayırsınızsa, bu açıqcalar eyni qaydada Dikermaxeri ələ vermişdi. Yazının sonundakı ikinci fotoda əyləşən 3 nəfərdən ortadakı Yusif Ağaqulu oğludur. Elizabet onu da tanıyır və ərinin məhz onunla işbirliyində olduğunu deyir.

Bundan sonra iz 2Yu1 və 2Yu2 kodu ilə qiymətli metallardan düzəltdiyi məhsullarını təqdim eləyən Bakıdakı "REMTOÇMEX” zavoduna gətirib çıxarır. Burda çalışan 2 zərgərin də şəbəkənin üzvləri olduqları üzə çıxır.

Avdeev İqor Valentinoviç. 1929-cu ildə Həştərxanda doğulub. 8 sinif təhsili var. REMTOÇMEX-də zərgər işləyir. Evlidir. Milliyyəti - rus.

Ağamaliyev Aydın Həsənağa oğlu 1948-ci ildə Bakıda doğulub. Azərbaycan Politexnik İnstitutunun 3-cü kurs tələbəsidir. REMTOÇMEX-də zərgər işləyir, subaydır. Milliyyəti - azərbaycanlı.

Adları çəkilən hər iki şəxsin Dikermaxerlə işbirliyində olduqları, onun zərgərlik işləri ilə bağlı sifarişlərini yerinə yetirdikləri aşkar edilir.

 

Məhkəmə və hökm

 

Bizim şərti olaraq "Ayı ovu” adlandırdığımız bu işin istintaqı başa çatır və hökm çıxarılması üçün iş Azərbaycan SSR Ali Məhkəməsinə göndərilir. 1972-ci il mart ayının 22-də Ali Məhkəmə qərar çıxarır.

Dikermaxer Yakov Mixayloviç – Əmlakı müsadirə olunmaqla 10 il;

Elizabet-Mariya-İrəvanyan-Keropyan Karapetovna – 8 ay;

Markaryan Qurgen Avakoviç – Əmlakı və şəxsi "Qaz-21” markalı avtomobili müsadirə olunmaqla - 10 il;

Yusif Ağaquluoğlu – Əmlakı və şəxsi "Qaz-21” markalı avtomobili müsadirə olunmaqla - 8 il;

Avdeev İqor Valentinoviç – 3 il;

Ağamaliyev Aydın Həsənağa oğlu – 3 il.

 

Sonuncu iki şəxs barəsində hökmlər çıxarılarkən DTK-nın sorğusuna REMTOÇMEX-dən gələn cavablar da nəzərə alınır. Belə ki, mayor Əkrəm Səlimzadənin göndərdiyi sorğu əsasında müəssisə hər iki şəxsə müsbət xasiyyətnamə vermişdi. Pis işçi deyilmişlər...

Parisdən gələn qadın turistin işində də yüngülləşdirici hallar nəzərə alınır. Elizabet Keropyan ifadələri ilə istintaqla əməkdaşlıq etmişdi. Həmçinin onun işində qarşımıza xəstəlik kitabçası da çıxdı. DTK-nın xüsusi poliklinikası həkimlərinin çıxarışlarına əsasən, qadın bu səfərə çıxandan kəskin döş və ürək ağrılarından, yüksək təzyiqdən əziyyət çəkirmiş. Ona xüsusi müalicə kursu da tətbiq olunub. Deməli, sağlamlıq durumu nəzərə alınıb. Məhz bunlara və himayəsində südəmər körpəsi olduğuna görə turist Keropyan məhkəmə zalından azad edilir və əvvəlcə Moskvaya, oradan isə Parisə gedir.

 

İnsanın taleyi

 

Bu işə yalnız cinayət işi kimi baxmağın tərəfdarı deyilik. Bütün "istintaq davam edir” layihəsi boyu belə də olacaq. Çünki harda, necə, nə vaxt baş verməyindən asılı olmayaraq, cinayəti törədən hər kəsi buna sövq eləyən bir səbəb olur: ixtiyari, qeyri-ixtiyari. Belə hallarda isə insan həyatından, taleyindən danışmamaq mümkün deyil. Bu işdə də belə talelər var.

Etik normalara görə adını çəkmədiyimiz şəxslərdən birinin cəza aldıqdan sonra balaca cib dəftərçəsinin vərəqi boyda DTK-ya ünvanladığı bir məktub diqqətimizi cəlb elədi. Həmin adam yazır:

"Mənim işimlə bağlı ifadə verən qadınla yaxın münasibətdə olmuşam. Və o qadının ifadəsi istintaq işində əks olunub. Xahiş edirəm, bizim əlaqələrimiz haqqında mənim arvadım, arvadımın qohumları xəbər tutmasınlar. Yoxsa, böyük fəlakət törənə bilər. Bu məsələnin gizli qalmasını xahiş edirəm”.

Bax, budur, insan taleyi və insanın dəyəri!

Yox, gəlin bu real olayı belə romantik, yaxud intim notlarla bitirməyək. Həyatda daha real məsələlər var. Çünki bizim bütün hekayələrimiz yalnız faktlar və reallıqlar əsasında qələmə alınır, sizə göstərilir, həmişə də belə olacaq. Bu işin son səhifəsi iki müraciətlə yekunlaşır.

O dövrdə sahibinin necə imkanlı olduğunu bəlli edən Markaryanın və Yusif Ağaquluoğlunun müsadirə olunmuş "QAZ-21” markalı avtomobilləri ilə bağlı DTK-nın istintaq idarəsinə iki müraciət daxil olur. Sən demə, Yusif Ağaquluoğlunun sürdüyü "QAZ-21” onun bacısının mərhum yoldaşına, Qurgen Markaryanın avtomobili isə qardaşı Benyamin Markaryana məxsus olubmuş və sahiblərinə qaytarılmalıymış.

Qaytarılıb – qaytarılmaması haqqında bir söz deyə bilmərik. Ancaq nə vaxtsa mütləq deyəcəyik. Çünki... İstintaq davam edir.

DTK-nın "Ayı ovu” filmini buradan izləyə bilərsiniz.

 

Qeyd:

İctimai Televiziyanın efirində yayımlanan "İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü Lent.az -da oxuyun!


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...