Cəmİyyət

“Bəzi məmurlar problem həll etmək əvəzinə, problem yaradırlar”- Məhərrəm Əliyev

“Bəzi məmurlar problem həll etmək əvəzinə, problem yaradırlar”- Məhərrəm Əliyev
Uzun illər Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olan, daha sonra Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri işləyən, hazırda Ədliyyə nazirinin müavini vəzifəsində çalışan general-leytenant Məhərrəm Əliyev ümummilli lider Heydər Əliyevlə bağlı xoş və unudulmaz xatirələrini bölüşüb.
Sfera.az  525.az-a istinadən həmin yazını təqdim edir:

Hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olduğunu deyən M.Əliyev hesab edir ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun taleyində əsaslı dönüş yaradan, müstəqilliyi itirmək təhlükəsindən xilas edən, dövlətçiliyi əbədi və dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri olub: "Hələ Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə ulu öndərin çıxışlarını izləyir, hətta imtahanlar verərkən Heydər Əliyevdən sitatlar gətirirdim. Bu, dahi şəxsiyyətə xüsusi rəğbətimin təzahürü idi. Yaxşı xatirimdədir ki, hələ o dövrdə Heydər Əliyevə çox böyük maraq var idi. Hər kəs onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, barəsində çox müsbət fikirlər səsləndirirdi. Çünki Heydər Əliyevin qüsursuz, anlaşıqlı, dolğun şəkildə çıxışları həm də onu ustad bir müəllim kimi xarakterizə edirdi".  

"Heydər Əliyev dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik idi" 

Heydər Əliyevlə yaxından tanış olmaq imkanı nəsib olduğu üçün özünü bəxtəvər insanlardan hesab edən M.Əliyev dahi şəxsiyyətlə ilk görüşündən danışıb: "Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, 20 Yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etmişdi. Tarixin məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev həmin ilin iyulunda Bakıya gəlir və onu qarşılayanlardan biri kimi ulu öndərlə ilk tanışlığımız olur. Həmin vaxt qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyirlər. Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qalır. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi günü Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və onu təyyarənin salonunadək ötürdük. Sonralar Naxçıvanda olarkən də ulu öndərlə görüşlərimiz oldu. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özgüvənə sahib olması, simasında ifadə olunan möhkəm iradə və qətiyyət, səsindəki amiranəlik ümummilli liderin bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu ifadə edirdi. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz mövqedə idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik idi". 

"Ulu öndər dövlətlə xalqın birliyini təmin etdi" 

Nazir müavininin sözlərinə görə, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi. Məhz belə bir ağır dövrdə - 1993-cü ildə xalqımızın təkidi və iradəsi ilə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Buna rəğmən bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi. Məhz ulu öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib".

"Heydər Əliyev Azərbaycanı çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi" 

10 ilə yaxın müddətdə bu dahi şəxsiyyətlə birgə çalışdığı, onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etdiyi üçün qürur hissi duyduğunu deyən M.Əliyev ümummilli liderin müvafiq qərarı ilə 1993-cü ildən uzun müddət Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərdiyini xatırladıb: "1993-1998-ci illər Azərbaycanda ən gərgin illər idi. Bu illərdə Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Az qala hər gün mitinqlər keçirilir, müxtəlif təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Ancaq dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi".

M.Əliyevin sözlərinə görə, Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı: "Ümummilli liderin hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam. Heydər Əliyev Azərbaycanı Vətən, dövlət olaraq çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi. Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi onun Vətənə olan sevgisinin əyani təzahürü idi. Xalqın əbədi sevgisini qazanan ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi". 
"Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, ona öz fəaliyyətimizlə dəstək olmalıyıq" 
Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan dövlətinin müasir dövrün müasir çağırışlarına uyğun olaraq bütün sahələrdə dərin islahatlar yolu ilə daim irəliyə doğru getdiyini deyən general hesab edir ki, bizim ən böyük vəzifəmiz ümummilli liderin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, ona öz fəaliyyətimizlə dəstək olmaqdır. Nazir müavini xüsusi vurğulayıb ki, hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərindən anlamalıdır: "Ulu öndər qeyd edirdi ki, "Vəzifəli adam öz xalqına qulluq etməlidir". Birinci növbədə vəzifə sahibləri məhz xalqa ləyaqətlə xidmət etməlidirlər. Lakin təəssüflər olsun ki, bəzi məmurlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir, problem həll etmək əvəzinə problem yaradırlar. Bu da ümumi narazılığa səbəb olur. Məsəl var, bulanıq suda balıq tutmaq daha asandır. Həmin şəxslərin də vəzifəyə baxışı bu cürdür. Belələri problem yaradıb kənarda durmaqla məsuliyyətdən yayınmağa çalışırlar. Biz əvvəlcə bu ünsürlərdən xilas olmalıyıq".
Azərbaycan dövlətinin ildən-ilə daha da gücləndiyini, beynəlxalq nüfuzunun artdığını, dünyada sayılıb-seçilən, mövqeyinə hörmətlə yanaşılan ölkələrdən birinə çevrildiyini deyən M.Əliyev son 20 ili ölkəmizin sürətli inkişaf dövrü kimi xarakterizə edib. Lakin müəyyən problemlərin, çatışmazlıqların da olduğunu qeyd edən general Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin dövlətimizin qarşısında ən vacib məsələ olduğunu diqqətə çatdırıb: "Torpaqlarımızı düşmən tapdağından azad etmək üçün daim Ordumuzun gücünü artırmalıyıq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir, Silahlı Qüvvələrimizin maddi-texniki bazasını gücləndirir, hərbçilərimizin xidmət şəraitini, sosial vəziyyətini daha da yaxşılaşdırır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmaq fikrində deyil, hər an torpaqlarını düşməndən azad etməyə hazırdır. Ona görə də xalqımız bir olmalı, dövlətimizin apardığı siyasəti dəstəkləməli, görülən işlərin ahəngini daha da zənginləşdirməlidir ki, gələcək nəsillər üçün bu problemləri saxlamayaq. Biz bu problemləri bu gün həll etməliyik".

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031