63 yaşlı kişilər və 60 yaşlı qadınlar bu halda pensiya alacaq - Yeni şərtlər

63 yaşlı kişilər və 60 yaşlı qadınlar bu halda pensiya alacaq - Yeni şərtlər
Göstərilən sığortaolunan qadının pensiya hüququ fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdikdə və ya azı 25 il sığorta stajına malik olduqda yarana bilər. Bu zaman əmək pensiyası həmin şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının və ya 25 il sığorta stajının tamamlandığı gündən təyin ediləcək.

Məsələn, 1964-cü il 18 iyul tarixində anadan olmuş yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 29800 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun 53 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 7 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) tamam olduğu 2018-ci il 18 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququ yaranır.

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Məsələn, 1964-cü il 20 avqust tarixində anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 30130 manat təşkil edir. 

Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün onun stajından asılı olmayaraq 57 il 6 ay yaş həddinin (01.07.2021-30.06.2022-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 62,5 il pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 20 fevral 2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda və ya azı 25 il sığorta stajı olduqda qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla bu şəxslərin yaşa görə əmək pensiyası hüququ var. Məsələn, 1959-cu il 14 noyabr tarixində anadan olmuş kişinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun sığorta stajından asılı olmayaraq 58 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün kişilər üzrə müəyyən edilmiş 63 il 6 ay pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 2018-ci il 14 may tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.

Qanuna uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Qanunda nəzərdə tutulmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilib. Məsələn, 60 yaşlı kişi 2017-ci il 22 avqust tarixində Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün müraciət edib. O, 25 ildən artıq ümumi sığorta stajına malikdir, bu müddətin 12 il 6 ayını dəniz şəraitində quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsində işləmişdir və fərdi hesabının sığorta hissəsində 37300 manat pensiya kapitalı var. Bu peşə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Siyahı”nın X bölməsinin ("Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”) 10.2-ci bəndində nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, onun müraciət etdiyi gün yaşa görə əmək pensiyası hüququ var. Yuxarıdakı misalda qeyd olunan kişinin qanunla tələb edilən sığorta stajına (ümumi və xüsusi) malik olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi halda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Məsələn, 1965-cı il 18 avqust tarixində anadan olmuş kişi 11.10.2005-ci il tarixədək 23 il ümumi sığorta stajı qazanmışdır və bu stajın 10 il 3 ayını Bakı polad tökmə zavodunda polad tökücüsü vəzifəsində işləyib. 

2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” qanununun 13-cü maddəsinin "a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər. Misalda qeyd edilən kişinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi və 1 nöməli Siyahı üzrə 10 il sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş Qanunun 13-cü maddəsinin "a” bəndi ilə müəyyən edilmiş 52 yaşa çatdığı 2017-ci ilin 18 avqustundan təyin edilməlidir. Pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

Məsələn, 2017-ci il 15 iyul tarixdə 54 yaşı olan kişi 30 aprel 2009-cu il tarixədək 20 il ümumi sığorta stajına, o cümlədən 13 il 8 ay güzəştli şərtlərlə sığorta stajına malikdir. O, 2017- ci ilin dekabrin 5-də "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən yaşa görə pensiya təyin olunması üçün müraciət edib. 13 il 8 ay güzəştli sığorta stajı olmasına baxmayaraq, 20 il ümumi sığorta stajını "Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən sonra, 30 aprel 2009-cu il tarixədək qazandığı üçün onun qanuna əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ yoxdur. Həmin kişinin güzəştli şərtlə pensiya hüququ 60 yaşına çatdıqda, ümumi sığorta stajı 25 il olduqda və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə yarana bilər. Yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. 

Məsələn, 1964-cü il 18 iyun tarixdə anadan olmuş yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının 10 il sığorta stajı olmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5000 manatdır. O, 2017-ci il 17 iyulunda yaşa görə pensiya təyin olunması barədə müraciət edib. Qadına yaşa görə pensiya 53 yaşının tamam olduğu 2017-ci il 18 iyun tarixindən Qanunun həmin dövrdə qüvvədə olmuş normalarına uyğun təyin edilməlidir. Məsələn, 63 yaşı 2016-cı il 10 iyununda tamam olmuş kişinin 13 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10000 manat pensiya kapitalı vardır. O, 01 avqust 2017-ci il tarixdə yaşa görə pensiya təyinatı üçün müraciət etmişdir. Onun yaşa görə pensiya hüququ 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığı üçün ona Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında 2016-cı il 10 iyun tarixindən yaşa görə pensiya təyin olunmalıdır.Mia.az


OXŞAR XƏBƏRLƏR