“Özünüz də bilirsiniz, o adam kimdir...” – Maska və spirt qıtlığını kimlər yaradır?

“Özünüz də bilirsiniz, o adam kimdir...” – Maska və spirt qıtlığını kimlər yaradır?

"Özünüz də apteklərin kimə tabe olduğunu, kimin inhisarında olduğunu bilirsiniz. İndi həmin yoldaşın adını çəkmək istəmirəm. Həmin yoldaşın özü də bir qədər məsuliyyətli olmalıdır ki, bu kimi çirkin əməllərə getməsin”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda koronavirusun yayılması fonunda tibbi maska və spirtin qiymətinin süni olaraq bir neçə dəfə bahalaşdırılmasına kimlərin və nəyə görə bais olmasına münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri bir sıra iş adamlarını sui-istifadə hallarına yol verməkdə ittiham etdi: "Azərbaycanda bəzi iş adamları fürsətcildir və hər fürsətdən sui-istifadə etməyə çalışırlar. Ona görə də, hansısa bir xəstəlik yayılan kimi, onunla mübarizə vasitlərinin qiymətini kəllə-çarxa qaldırırlar. Bu da ondan irəli gəlir ki, indiki halda koronavirusla bağlı tibbi maskaların qıtlığını yaradan və qiyməti bahalaşdıranlar millətin taleyini düşünmürlər. Apteklər bildiyiniz kimi, Səhiyyə Nazirliyinin nəzdində deyil, hamısı özəl sektora məxsusdur. Özəl sektor isə sərbəstdir. Lakin bu sahə də monopoliyadadır. Monopolistin isə abır-həyası olmur. Ölkədə mühüm işlər gedir, dövlətimiz günü-gündən inkişaf edir. Ancaq bu kimi monopolistlər öz çirkin əməllərilə görülən işlərə kölgə salırlar”.


H. Hacıyevin fikrincə, tibbi maskaların qiymətini süni şəkildə qaldıran apteklər barədə qəti qərarlar verilməlidir: "Yaranmış vəziyyətdən sui-istifadə etmək yolverilməzdir. Bu sahədə çalışan iş adamları bir qədər vicdanlı olsa yaxşı olar. Spirt və tibbi maskaları daxildə istehsal da etmək olar, lazımi qədər gətirmək də. Görünən odur ki, bəzi işbazlar sadəcə olaraq özləri bilərəkdən yaranmış situasiyadan istifadə edərək süni qıtlıq və bu yolla da xalq arasında panika yaratmağa çalışırlar. Belə çirkin əməllərə yol verənlər dövlətimizə, xalqımıza düşmən olan adamlardır”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR