Zəngəzur dəhlizi olmayacaqsa Laçın dəhlizi də olmamalıdır - Şərh

Zəngəzur dəhlizi olmayacaqsa Laçın dəhlizi də olmamalıdır - Şərh
Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda jurnalistlərin suallarını cavablandırarkən Zəngəzur dəhlizinin açılmasının mümkünsüzlüyündən bəhs edib.
 
O, öz fikrini bununla əsaslandırmağa çalışıb ki, guya üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Belə ki, dəhliz ifadəsi yalnız Laçın koridoruna münasibətdə işlədilib. Hesab edək ki, bu belədir. Lakin Paşinyan unudur ki, həmin bənddə maneəsiz hərəkət ifadəsi də yer alıb. Yəni Azərbaycana məxsus nəqliyyat vasitələrinin Ermənistan ərazisindən nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutulur. Ancaq Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Paşinyan anlamır ki, bu nüans onun siyasi savadsızlığının göstəricisidir.

Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Nəzərə almaq lazımdır ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanıb. Yəni rəsmi İrəvan unutmamalıdır ki, o diqtə edən yox, kapitulyasiya aktına imza atmış məğlub tərəfdir.
 
Laçın dəhlizindən istifadə Azərbaycanın Ermənistana göstərdiyi humanist davranışdır. Zəngəzur dəhlizi isə qalib Azərbaycanın məğlub Ermənistandan tələbidir. Əgər məsələyə linqvistik baxımdan baxacağıqsa onda regionda kommunikasiyaların açılmasından və ya sülh, sabitlikdən danışmaq da mənasızdır.
Paşinyan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək. O hesab edir ki, biz bu dəhlizi Naxçıvanı blokadadan çıxarmaq üçün istəyirik. Halbuki Azərbaycan İran vasitəsilə və hava yolu ilə Naxçıvanla əlaqəni çoxdan təmin edib.
 
Rəsmi İrəvan bu məsələdə uzlaşmaya getsə, gələcəkdə Zəngəzur dəhlizindən keçəcək enerji layihələrində özü də pay sahibi ola bilər. Prinsip etibarilə, bunu ölkə başçısı da dəfələrlə qeyd edib.
 
İndiki məqamda Ermənistan bu məsələdə israr etməyə davam etsə, rəsmi Bakı növbəti təzyiq "rıçaq”larından istifadə edə bilər. Misal üçün, Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Paşinyanın çox güvəndiyi Tatev yolu isə istifadəyə yararsızdır. Bu yoldan yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir.
 
Paşinyan qeyd edir ki, Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və bununla Ermənistana qarşı ərazi iddiaları irəli sürür. Əslində Paşinyanı bu məsələdə qınamaq doğru deyil. Çünki açqıca görünür ki, o nə tarixi yaxşı bilir, nə də siyasi proseslərin məğzini. Ermənistanda tarix o qədər saxtalaşdırılıb ki, Paşinyan Zəngəzurun tarixini bilməyə bilər. Məsələ ondadır ki, həmin ərazidə bənzər isimdə toponimlər, coğrafi adlar çoxdur. Misal üçün, Ermənistan paytaxtından bir neçə km aralıqda yerləşən Masis rayonun tarixi adı Zəngibasardır. Zəngibasar Zəngəzur və Zəngilan ilə eyni kökə malik coğrafi addır. Bu da təsadüfi deyil. Çünki bu ərazidə yüz illərlə Oğuz türk boylarına mənsub zəng tayfaları yaşayıb. Uzun illər xaçlılar ilə mübarizə aparan Mosul Atabəyi İmadəddin Zəngi də həmin Zəng boyuna mənsubdur. Yəni əgər bu ərazinin adı Zəngəzurdusa və onun tarixi əsası varsa onu başqa adla niyə adlandırmalıyıq?

O ki qaldı Paşinyanın qeyd etdiyi Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycanın uydurmasına və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürməsinə deyə bilərəm ki, Paşinyan özü də yaxşı bilir ki, bu ərazini Ermənistana 1929-cu ildə Levon Mirzəyan bağışlayıb. Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olsa da, Zəngəzuru heç bir referendum keçirmədən, Azərbaycan xalqının iradəsi olmadan Ermənistana verib. Bu isə riyakarlığın son həddidir.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR