Zelenskinin yeni bəyanatı nəyə hesablanıb? – “Ukrayna Türkiyə ilə ittifaq halına gələcək...”

Zelenskinin yeni bəyanatı nəyə hesablanıb? – “Ukrayna Türkiyə ilə ittifaq halına gələcək...”
Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinin Donbasdakı böhranın həlli istiqamətində hərəkətli olmağa çağırıb. Ölkə başçısı əks halda Avropada ən güclü ordunu quracağını deyib.
 
Maraqlıdır, Zelenskinin bu bəyanatı nəyə hesablanıb? Ukraynanın çağırışına cavab olacaqmı?

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Araz Aslanlı müxtəlif bəyanatlarla münaqişəli məsələlərin həll olunmayacağını bildirib. Ekspert Ukraynanın gec nəticəyə gəldiyini deyib:

"Ukrayna və Gürcüstan təcrübələri göstərib ki, Qərbin sadəcə siyasi dəstəyi və bəyanatları, hansısa səfərlərlə və ya ziyarətlərlə bu növ xarakterli məsələlər həll olunmur.

Rusiya öz hərbi-diplomatik imkanlarından istifadə edərək ölkələr üçün problemlər yaradır. Qərb isə bəyanat verməklə, səfərlər həyata keçirməklə, sanksiyalar qəbul etməklə məşğul olur. Qərbin sanksiya siyasətinin ardıcıl olmadığı isə bütün sanksiya tətbiq edilən ölkələrin – İranın, Rusiyanın və digərlərinin timsalında görülüb. Ukraynanın bu gün yeni yanaşması əslində gecikmiş bir yanaşmadır. Öz talelərinin həlledicisinin özləri olduğu Ukraynaya çoxdan aydın olmalı idi.

Həm iqtisadi, həm də siyasi cəhətdən Qərbin dəstəyi Ukrayna üçün önəmlidir. Lakin Ukrayna nəticə yaradan dəstək istəyir. Onlar Azərbaycanın timsalında gördülər ki, nəticə yaradan dəstək və proses fərqli formada olur". 

A.Aslanlı Ukraynanın Türkiyə ilə ittifaq halına gəlməli olduğunu deyib:

"Bu açıqlama zərurətdən yaranan açıqlamadır. Ukrayna Avropanın ən böyük ordusunu yarada bilməz. Ukraynanın sovet dövründən qalan hərbi sənaye imkanları, əhalisi, ərazisi və qarşı-qarşıya qaldığı problemlər imkan vermir ki, güclü ordu yaratsın. Həm də təkbaşına güclü bir ordu ilə problem həll oluna bilməz. 

Ukrayna Azərbaycanın yürütdüyü taktiki siyasət xətti, Türkiyə ilə ittifaq və ordu nümunəsində problemlərini həll edə bilər". 

Politoloq Qərbin bu xəbərdarlıqdan dolayı addımlar ata biləcəyini vurğulayıb:

"Qərbin bu açıqlamaya münasibətdə müəyyən müzakirələri olacaq. Müttəfiqləri Qərbdən uzaqlaşdıran məsələlər sorğulanacaq. Qərb özü də Avropa İttfaqı və NATO kimi monolit deyil deyə cüzi dəstək artımı ola bilər. Qərb müttəfiqliyi itiriməmək baxımından və militarizmin artmasının yaradacağı problemlər cəhətdən bunu gözdən keçirəcək".

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR