Zelenski Ərdoğanı buna razı salmağa çalışır - Ukrayna prezidentinin Türkiyə səfəri nəyə hesablanıb?
12:44 / 07.04.2021
1852
"Zelenskinin bu səfəri Türkiyəni danışıqlar
prosesinə cəlb etməyə hesablanıb”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya ilə
gərginləşən münasibətlər fonunda Ukrayna prezidenti Volodimir Zelenskinin
aprelin 10-da Türkiyəyə gözlənilən səfərinin
məqsəd və nəticələrini dəyərləndirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:
"Ankara ilə Moskva arasında strateji əməkdaşlıq
var. Tərəflər bir sıra münaqişəli regionlarda müəyyən ortaq məxrəcə gəlib, əməkdaşlıq
edir. Amma Qara dəniz, Krım və Ukrayna məsələsində tərəflər arasında fikir
ayrılığı hökm sürür”.
Həmsöhbətimiz qeyd etdi ki, "Normand
dördlüyü”ndə təmsil olunan Almaniya və Fransanın vasitəçiliyi Kiyevi qətiyyən
qane etmir: "Bu iki ölkə Ukraynanı müharibədən çəkindirməyə çalışsa da, problem
ətrafında Kiyevin marağını təmin edəcək prosesi yaratmağa da cəhd etmir”.
Qarabağ məsələsində Ankaranın Rusiya ilə müəyyən
razılıqlara gəlməsi isə Kiyevi də öz
probleminin həlli yolunda üzünü Türkiyəyə çevirməyə sövq edib:
"Bu mənada hesab
edirəm ki, Zelenskinin Türkiyəyə olacaq səfəri Ukrayna ilə Rusiya arasında
yaranan gərginliyi yumşaltmaq üçün Ankaranın danışıqlar prosesinə cəlb edilməsinə
hesablanıb. Kiyev artıq Minsk
anlaşmasından çıxıb, ona görə də Belarusda keçirilən "Normand dördlüyünə”
qatılmadı. Zelenski Ankaraya səfəri çərçivəsində həm Türkiyədən yeni silahların
alınması, həm də Rusiya ilə öz arasında vasitəçilik missiyasını reallaşdırmaq
üçün Ərdoğanla fikir mübadiləsi aparacaq.
Müharibə başlasa təbii ki, Türkiyə Ukraynanı dəstəkləyəcək,
amma NATO tərkibində Rusiyaya qarşı hərbi əməliyyatlara qatılmayacaq. Bunu
Kiyevdə də anlayırlar. Ona görə də
Zelenski Türkiyəyə indiki halda vasitəçi kimi baxır. Çünki Berlinlə, Parisin
vasitəçiliyi heç bir nəticə verməyib”.
Politoloq düşünür ki, Ankaranın bu vasitəçiliyi
proses ətrafında müəyyən nəticələrə səbəb olacaq: "Rusiya ilə Türkiyə arasında
müəyyən isti münasibətlər var. Hazırkı situasiyada Ankara Rusiyaya qarşı müəyyən
təsir rıçaqlarına malikdir. Moskva məcbur
olub Türkiyənin təkliflərinə müəyyən dərəcədə "hə” deyə bilər. Nəticədə diplomatik müstəvidə Ukrayna məsələsində
Ərdoğanla Putin müəyyən razılıq əldə edə bilərlər. Türkiyə çətin olsa da, Rusiyadan Donbasın boşaldılmasını istəyə bilər.
Görünür məhz bu kontekst ətrafında da Kiyevlə Ankara arasında danışıqlar
aparılacaq”.